Dubay şeyxi ilə evlənən azərbaycanlı gimnast: "Öz evimizdə girovdayıq"
Dubayın hakim ailə üzvünün keçmiş həyat yoldaşının vəkilləri BMT-nin İnsan Hüquqları Şurasına müraciət ediblər. Onlar Zeynəb Cavadlı və onun uşaqlarının təhlükəsizliyini təmin etmək üçün Şuranın işə müdaxiləsini istəyirlər.
Metbuat.az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, iddialara əsasən, xanım Cavadlı şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumla qəyyumluqla bağlı mübahisə zamanı hakimiyyət tərəfindən təzyiq, təqib və hədə-qorxuya məruz qalıb.
Xanım Cavadlı Dubayın hökmdarı şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı oğlu olan şeyx Səidlə 2015-ci ildə ailə qurub.
Şeyxin vəkilləri xanım Cavadlının yararsız ana olduğunu iddia edirlər. Onun özü bu ittihamları rədd edib.
Xanım Cavadlı BBC-nin eksklüziv videosunda "lütfən mənə kömək edin. Uşaqlarım və mənim həyatımız və təhlükəsizliyimiz üçün vahimə içindəyik və qorxuruq. Biz faktiki olaraq evsizik və Dubayda bir oteldə ilişib qalmışıq, uşaqlarım həbs oluna biləcəyimdən və əlimdən alınacaqları qorxusuyla oranı tərk edə bilmirlər", - deyərək müraciət edir.
Azərbaycandan olan 31 yaşlı keçmiş beynəlxalq gimnast 2019-cu ildə şeyx Səiddən boşanıb. O, ölkəni tərk edəcəyi təqdirdə uşaqlarını bir daha görə bilməyəcəyindən qorxur və üç azyaşlı qızı ilə Dubayda qalır.
Müdaxilə ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciətində xanım Cavadlının britaniyalı vəkilləri onun həm hərəkət, həm də ifadə azadlığının məhdudlaşdırıldığını, ona qarşı hədə-qorxu taktikasının tətbiq edildiyini iddia edirlər.
Müraciətdə iddia olunur ki, iki il əvvəl yerli polisi onların evinə zorla daxil olarkən onun övladları və valideynləri hücuma məruz qalıblar. Zeynəb Cavadlı həmin anları canlı yayımlayaraq dünyanın diqqətini özünə çəkmişdi. Bu hadisədən sonra onun valideynləri Azərbaycana qayıdıblar.
Təxminən üç ilə yaxındır ki, o, keçmiş həyat yoldaşı ilə qəyyumluq ala bilmək uğrunda mübarizə aparır.
50 səhifəlik sənədə əsasən, onun işinə qərəzsiz baxılmayıb və qəyyumluq haqqı bunun üçün tələb edilən hüquqi prosedur olmadan şeyx Səidə verilib
Müraciətdə iddia olunur ki, xanım Cavadlı açıq-aşkar ədalətsiz, ayrı-seçkilik və qərəzli məhkəmə prosesi ilə üzləşib. Bildirilir ki, onun xeyrinə olan yeganə məhkəmə qərarı bir müddət sonra heç bir hüquqi əsaslandırma olmadan yenidən dəyişdirilib.
Xanım Cavadlı ittihamları rədd edib və məhkəməyə bunun əksini təsdiqləyən sübutlar təqdim edib.
O, hazırda uşaqların alınıb bir daha geri qaytarılmayacağından qorxduğundan onları məktəbə göndərmir. Məktəb vəziyyəti müzakirə etmək üçün ondan görüşə qatılmağı xahiş edib.
Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun keçmiş həyat yoldaşı şahzadə Haya 2019-cu ildə həyatı üçün qorxduğunu deyərək, BƏƏ-ni tərk edib. Bu ilin əvvəlində şahzadə iki uşağının qəyyumluğu ilə bağlı Böyük Britaniyanın ən yüksək məhkəməsində baxılan işi qazanıb.
Son hadisələr şeyx Məhəmmədin qızının qeyri-adi hekayəsi ardınca cərəyan edir. Belə ki, şahzadə Lətifə 2018-ci ildə ailəsinin iddia etdiyi məcburi nəzarətindən qurtulmaq üçün ölkəni tərk etməyə çalışıb.
Lakin onun göyərtəsində olduğu gəmi yarı yolda ələ keçiriləndən sonra Dubaya qaytarılıb və şahzadə bir müddət gizli videolarda zorla saxlanıldığını iddia edib. O vaxtdan bəri nadir hallarda ictimaiyyət qarşısına çıxan şahzadə sağ-salamat olduğunu və istədiyi həyatı yaşadığını bildirib.
Zeynəb Cavadlı BMT-nin müdaxiləsi ilə bağlı işini məhz belə bir kontekstdə təqdim edir.
"Biz öz evimizdə girovdayıq", - o, BBC-nin əldə etdiyi videoda deyir.
BBC məsələ ilə bağlı şərh almaq üçün BƏƏ hakimiyyəti ilə əlaqə saxlasa da, hələlik cavab almayıb.