Rüşvət üstündə tutulan psixiatr azadlığa buraxıldı
Dələduzluqda və rüşvət verməyə təhrik etməkdəittiham olunan Lerik Rayon Mərkəzi Xəstəxanasının psixiatr-həkimi Balaş Təhməzov və Şirvan şəhər sakini Adil Zərbiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 70 (şərti məhkumetmə) maddəsini tətbiq edib. Balaş Təhməzov və Adil Zərbiyevə 6 il şərti cəza təyin olunaraq məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, Şirvan şəhər sakini Adil Zərbiyev bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirib və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik edib.
Həmçinin o, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onlara müraciət etmiş şəxslərə guya yüksək vəzifədə olan tanışlarının köməkliyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini və dayandırılmış əlillik dərəcələrini bərpa edilməsinə köməklik göstərəcəklərini vəd edərək ayrı-ayrı vətəndaşlardan ümumilikdə 6 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib və vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək, barələrində həbs qətimkan tədbiri seçilib.