azia.az
azia.az

Erməni təyyarəsini vuran qazidən MTN-də 100 min pul istənilib

9-06-2022, 18:19

Erməni təyyarəsini vuran qazidən MTN-də 100 min pul istənilib
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə növbət məhkəmə prosesi keçirilib.
Prosesdə Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Birinci Qarabağ Savaşının iştirakçısı Ramiz Əliyev iş üzrə şahid olsa da, məhkəmədə deyib ki, faktiki olaraq zərərçəkəndir. MTN əməkdaşları onu həbs edəndən sonra təqsirləndirilən Yasin Məmmədov onun telefon kitabçasında adı olan 21 qızıl alverçisindən 200 min manata pul yığıb.

Ramiz Əliyev sərbəst ifadəsində bildirib ki, 2014-cü il oktyabrın 31-də MTN əməkdaşları tərəfindən həbs olunub. İstintaqı aparan Yasin Məmmədov ondan külli miqdarda pul tələb edib. 9 aylıq həbs müddətində onu hər hansı bir şəxslə üzləşdirməyiblər. Həbsdə olduğu müddətdə tanıdığı qızıl alverçilərini Yasin Məmmədov istintaqa çağırmaqla onlardan külli miqdarda pul alıb:

“Həbsdən çıxandan sonra Bakıda, Mərkəzi Univermaqda qızıl satan Ağasalam Ağamalıyevlə gördüm. Təsəvvür edin ki, Ağasalamla mənim tanışlığım olub. Telefon nömrəsi də məndə vardı. Həbsdə alınandan sonra Yasin Məmmədov telefonumu qabağına qoyub və kimin adı çıxıbsa, MTN-ə çağırıb, Bakıda və Gəncədə qızıl satan nə qədər dost-tanışım varsa, kimdən nə qədər bacarıbsa, alıb. Ağasalam Ağamalıyev də həmin qızıl satan tanışlardan biri idi. Onu mənə görə MTN-ə çağırıb soyublar. İndi o, bu iş üzrə zərərçəkəndir, mən isə şahid. Halbuki, elə ən böyük zərəri mən çəkmişəm. Mən Gəncədən Bakıya, bu məhkəməyə gəlmək üçün qohumlardan borc almışam. Məni müflis duruma salan Yasin Məmmədovdur. Amma məni zərərçəkən kimi tanımırlar. Baş Prokurorluqda Əli Babayev var. O, 2015-ci ildə çağırıb məni dindirdi, sonra da zəng edib dedi ki, gözün aydın, muştuluğumu ver, bəs səni zərərçəkən kimi tanıdıq. Dedi ki, get Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə ver. Sonradan mənə zəng elədilər, həmin idarəyə də getdim, ifadə verdim. Üstündən 7 il keçib, çağırıb soruşan yoxdur ki, bəs sən zərərçəkən idin axı?”

Şahid ifadəsində deyib ki, o, həbsdə olarkən Ağasalam Ağamalıyevi MTN-ə çağırıblar:

“Ağasalamla görüş zamanı dedi ki, ondan guya mənimlə əlbir olub qaçaqmalçılıq edib. Əgər 100 min manat pul verməsə, mənim şərikim kimi həbs edəcəklər. Sonda Ağasalamdan 50 min manat alıb buraxıblar. Halbuki, mənim istintaqım zamanı heç kimlə nə üzləşdirilmişəm, nə də kiminsə əleyhinə ifadə vermişəm. Yasin Məmmədov bilə-bilə ki, Qarabağ döyüşçüsüyəm, ermənilərin torpaqlarımıza təcavüzü zamanı mərdliklə döyüşmüşəm, mənə qarşı cinayətləri davam etdirirdi. Kəşfiyatçı olmuşam, bu gün də bədənimdə 48 qəlpə, 2 güllə yarası var.

Dövlət mənə 45 manat təqaüd verirdi. Daha onu da vermirlər. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilməzdim. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim. Yasin Məmmədov deyirdi ki, sənin kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı olduğumu, kəşfiyyatçı olmağımla bağlı məlumatları, döyüş yolum haqda danışırdı. Üstəlik, dedi ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin AN-24 təyyarəsini vurmusan. Bunu özüm də bilirdim. Amma Yasin Məmmədov mənə dedi ki, vurduğun təyyarədə erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi. Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər. İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağlın başına gələr”.

Təsəvvür edin ki, mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm. Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla” raketindən Ermənistanın “AN-24” təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. 4 tank da vurmuşam.

Kəlbəcərin polis rəisi və komendantı Nizami Məmmədov məni yaxşı tanıyır. Bilir ki, mən hansı əməliyyatları həyata keçirmişəm. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Erməni qızılı daşıyıb satırdı, əvəzinə silah alıb üstümüzə hücuma keçirdi. Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm.
MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar. İstəyirdilər ki, İŞİD-çini orada öldürüm? 6 ay guya istintaq apardılar, işi məhkəməyə göndərdilər. Qardaşım Zahid Əliyevdən işimi yüngülləşdirməkdən ötrü Yasin Məmmədov 2 qızıl onluq və 13 min dollar almışdı. Lakin işi məhkəməyə ağır maddə ilə göndərmişdilər. İttiham aktında Yasin Məmmədov şəxsiyyətimi xarakterizə edən məlumatlarda yazır ki, Qarabağ veteranıdır, yoldaşı 2-ci qrup əlildir, himayəsində ağır xəstə olan azyaşlı övladı var, anam himayəmdədir, ağır xəstədir, məcburi köçkünəm, Gəncədə məskunlaşmışam və altdan da yazır ki, yüngülləşdirici hal qeydə alınmadı”.
Yasin Məmmədov şahidin sözünü kəsərək deyib ki, Ramiz Əliyevin Qarabağ veteranı olması, yaralanması, erməni təyyarəsini vurmasınıdan məlumatsız olub.
Ramiz Əliyev isə sağ əlini yuxarı qaldıraraq şəhadət barmağı ilə baş barmağının kökündən kəsilməsini nümayiş etdirib:
“Yasin Məmmədov, sən 6 ay məni az qala hər gün otağına çağırıb saatlarla mənasız suallar verirdin. Görmürdün ki, barmaqlarımı qəlpə aparıb? Sən deyildin mənə deyən ki, ermənilərin təyyarəsini vurub bütün Ermənistanı matəmə qərq etmisən? İndi burada özünü bilməməzliyə vurmaqla deyil! Unutmusan ki, sənə də, sənin qrupunda olan müstəntiqlərə də deyirdim ki, gedin evinizdə fəxrlə uşaqlarınıza deyin ki, ermənilərə güllə atanlara işgəncə veririk! Burada yalan danışmaqla deyil. Qeyrətin, kişiliyin varsa, düzünü danış.

Yasin Məmmədov şahidin sözlərinə reaksiya verməyib.

Şahid ifadəsini davam etdirərək deyib ki, bundan sonra cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər:

“Məhkəmədə qardaşlarıma demişdilər ki, məsələnin həlli yolu var, amma MTN-dən razılıq verilməlidir ki, həll edək. Hakim ortada olan adamlar vasitəsi ilə 70 min manat pul tələb etmişdi. Demişdi ki, ittiham aktını təsdiq edən şəxsdən də razılıq alınmalıdır. İttiham aktında Yasin Məmmədovla baş prokurorun 1-ci müavini Rüstəm Usubovun imzası vardı. Ona görə də qardaşım Gəncədə yaşayan Rüstəm Usubovun yaxın qohumu ilə əlaqə saxlamışdı. O da 5 min manat qarşılığında məsələni həll edə biləcəyini demişdi.

Bazar günü idi, mən Gəncə İstintaq Təcridxanasında oturub məhkəmənin nə zaman yekunlaşacağını gözləyirdim. Bir da baxdım ki, nəzarətçi gəldi, dedi ki, hazırlaş, paltarlarını da yığ, səni məhkəməyə göndərirlər, yəqin ki, azad olunacaqsan. Məni Gəncə Ağır Cinayətlər Məhkəməsinə apardılar. Orada dedilər ki, Baş Prokurorluqdan, MTN-dən razılıq alındı, sənə “yaşıl işıq” yandırıldı. Məhkəmə oldu, o zaman iş üzrə “şərikim” kimi təqdim olunan sürücü Əli Əliyevi gördüm. 9 ay idi ki, Əlini görmürdüm. Əli məhkəmədə mənə qarşı çox qəzəbli idi. Ona da mənimlə bərabər qaçaqmalçılıq ittihamı verilmişdi. Halbuki, Əlinin heç nədən xəbəri yox idi. Məhkəmə cəmi 10 dəqiqə oldu, bizə şərti cəza verib azad etdilər. Orada məhkəməni yarımqapalı keçirdilər. 3 ay məhkəmədən sonra məni və heç bir günahı olmayan Əli Əliyevi 5 il şərti cəzaya məhkum etdilər”.

Şahid onun da iş üzrə zərərçəkən kimi tanınmasını tələb edib.
Bundan sonra proses iyunun 13-nə qədər təxirə salınıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi