Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi
Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.
Azia.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus "Opel” markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb. Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıb. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa çalışıblar. Polislərin təqibindən sonra onları Səbail rayonu Lermontov küçəsində yaxalamaq mümkün olub. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildən xeyli miqdarda saxta manatlıq və dollar əsginaslar aşkar edilib.
Saxlanılan şəxs bildirib ki, saxta pulları "Tarqovı"da 150 ədədinə 15 manat verərək alıb.
Onun barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqova 8 sutka inzibati həbs cəzası verilib.