“Yeraz Camal”ın cinayət işi: kriminallar arasında HESABLAŞMA,YOXSA...
Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun cinnayət işi üzrə prosesə start verilib.
Azia.az xəbər verir ki, o, 2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli, mərhum Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə ittiham olunur.
Aprelin 15-də hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında qətl hadisəsinin hansı şəraitdə baş verməsi haqda ittiham aktında yazılanlar elan edilib. İttihama əsasən, Camal Həsənov eşidib ki, “Lotu Quli”nin adamı Cabir müxtəlif məclislərdə “Rövşən Lənkəranski”ni 2016-cı ilin avqustunda Türkiyədə özünün öldürdüyünü deyib. “Rövşən Lənkəranski”yə pərəstiş edən Camal Həsənov bunu eşidəndən sonra Cabirdən qisas almaq üçün Sankt-Peterburqa gedib.
İddia olunur ki, Camal Həsənov getməmişdən əvvəl bu məqsədlə odlu silah və işi görəndən sonra hadisə yerindən uzaqlaşmaq üçün avtomobil almağı planlaşdırıb. O, Sankt-Peterburqa gedən zaman kimliyi müəyyənləşdirilməmiş sifarişçinin təlimatları əsasında Nazim Nüsrətovla əlaqə saxlayaraq görüşüb. Nazim Nüsrətov əslən Masallıdan olsa da, Rusiya vətəndaşıdır.
İttihamda yazılıb ki, Camal qətldə ona kömək edəcək Nazim Rüstəmova tanışları vasitəsilə təxminən 10 min manat pul göndərib. Nazim Rüstəmov isə bu pullarla onun üçün başqa-başqa adamların adına olan mobil nömrələr, avtomobil və odlu silah təşkil edib.
Camal Həsənov Nazim Rüstəmovla birlikdə bir müddət Cabir Həsənovu izlədikdən sonra Bakıya qayıdıb. Bir müddət sonra yenidən Sankt-Peterburqa gedib. İddia olunur ki, o, Bakıda yenə sifarişçidən təlimatlar alıb.
Camal Həsənov Sankt-Peterburqda Cabir Həsənovun yaşadığı evin yaxınlığına gələrək, avtomobildə onun gəlməsini gözləyib. Əvvəlcədən planlaşdırılıb ki, Cabir Həsənovu öldürəndən sonra Nazim Nüsrətovun uzaq qohumu Ramin Səfərov 15 min rubl müqabilində onu Belarusa aparsın.
Axşam saat 22 radələrində Camal Həsənov binanın girişinə yaxınlaşanda Cabir Həsənov ona 6 dəfə atəş açıb və hadisə yerindən uzaqlaşıb. O, plan üzrə əvvəlcə avtomobillə Belarus ərazisinə keçib. Elə həmin gün də Minsk-Bakı aviareysi ilə Bakıya qayıdıb.
Hadisədən bir müddət sonra tutulan Nazim Nüsrətov dindirmə zamanı qətli Camal Həsənovun törətdiyini deyib. Bundan sonra Camal Həsənov barəsində cinayət işi başlanıb və o, 2017-ci ilin noyabrından axtarışa verilib.
Rusiyanın hüquq-mühafizə orqanları 2021-ci ildə cinayət işi üzrə araşdırmaların davam etdirilməsi üçün materialları Azərbaycana göndərib və ardınca Camal Həsənov saxlanılıb.
Məhkəmədə ittihama münasibət bildirən Camal Həsənov yazılanların başdan-ayağa uydurma olduğunu deyib. O, özünü təqsirli bilməyib.
Məhkəmədə o da məlum olub ki, Camal Həsənovun vəkili Nizami Canıyev “Rövşən Lənkəranski”nin yaxın qohumudur.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək.