azia.az
azia.az

Həbs edilən vəzifəlilərin milyonları niyə özlərinə qaytarılır? - HƏQİQƏTƏN DƏ...

25-02-2022, 15:59

Həbs edilən vəzifəlilərin milyonları niyə özlərinə qaytarılır? - HƏQİQƏTƏN DƏ...
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı üzərinə qoyulmuş həbs götürülüb.

Həmin əmlakların siyahısı əldə edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları bunlardır: Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan 0.08 ha torpaq sahəsi; Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası; Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası; Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 000 manat olan daha bir qeyri-yaşayış binası. Xatırladaq ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Quliyev 9 il, R. Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vəfat etmiş Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib. Qeyd edək ki, son illər həbs edilən vəzifəli şəxslərin əmlakları üzərinə həbs qoyulsa da, onların bir qisminin taleyi naməlum olur.

Belə ki, bəzi vəzifəli şəxslər mənimsədikləri vəsaitləri geri qaytarmaqla bu işin “öhdəsindən” gəldilər. Ötən il isə "Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov isə CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Lakin 10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri V.Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib. V.Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib.

Maraqlıdır, hər iki halda korrupsiyadan söhbət getdiyi halda, Ağstafanın vəfat edən sabiq icra başçısıının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi nə ilə bağlıdır hüquqşünas Əsabəli Mustafayev “Cümhuriyət”ə bildirib ki, bəzi hallarda cinayət işi tam yekunlaşır və sonda şəraitin dəyişməsi ilə əlaqədar işə xitam verilə bilər:

“Ancaq burada korrupsiya əməlləri, pulların mənimsənilməsi, əsassız varlanma məsələləri var idi. Hesab edirəm ki, burada işin davam etməsi mümkün idi. Məhkəmə proseslərini də başa çatdıraraq, əmlakla bağlı sərəncam vermək mümkün idi. Ancaq hansı məqsədləsə, bu yolla getmədilər. Çox təəssüf ki, son zamanlar həbs olunan vəzifəli şəxslərin əmlakının özlərinə qaytarılması dəfələrlə baş verib. Məsələn, ləğv olunmuş MTN-nin əməkdaşlarının işi var idi. Onlardan Akif Çovdarovun şikayəti təmin edildi, onun əmlakının üzərindən həbsi götürdülər. Son zamanlar belə hadisələr baş verir. Mən düşünürəm ki, indiki halda bu, gedən proseslərin bir hissəsidir. Ancaq nə məqsədlə olur, onu demək çətindir”.

Hüquqşünasın fikrincə, bu, nə dövlətin, nə də cəmiyyətin marağına uyğundur:

“Çünki büdcədən yeyilmiş pullardır, həmin vəsait büdcəyə, xalqa qaytarılmalı idi. Çox təəssüf ki, biz bunu görmədik”.

Hüquqşünasın sözlərinə görə, hansı məqsədlə belə qərar verildiyini başa düşmək olmur: “Hay-küylə həbs edib, qanunsuz yolla bu qədər əmlakın əldə edildiyini bildirib, sonradan da yenidən özünə, yaxud ailə üzvlərinə vermək başadüşülən deyil. Cəmiyyət üçün də maraqlıdır. Əmlakı özlərinə qaytarmaq qanuni məqsəd daşımır. Cəmiyyətin böyük bir hissəsində də belə bir ehtimal var ki, əmlakın, sərvətin həmin şəxslərə qaytarılması, elə korrupsiyanın bir hissəsidir”.

Həbs edilən vəzifəlilərin milyonları niyə özlərinə qaytarılır? - HƏQİQƏTƏN DƏ...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi