Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanıldı - FOTO
Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanılıb.
Bu barədə 32gun.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Fevral ayının 12-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Mersedes-Benz” markalı 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilmiş 2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılmışlar. Onların Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar oğlu olmaları müəyyənləşdirilmiş, əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram “heroin”, 5565 qram “marixuana”, 1210 qram “metamfetamin”) və 1000 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülmüşdür. N.Nəsirzadənin üzərinə baxış keçirilərkən gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə “heroin” aşkarlanmışdır.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.