"Azərişıq" Prezidentin səfərini bəhanə edib kəndin elektrik xətlərini söküb
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Tərtər rayonu İsmayılbəyli kənd sakinlərinin öz vəsaitləri hesabına quraşdırdıqları elektrik dirəkləri və elektrik xəttini söküb. Səbəb isə həmin elektrik xətti və dirəklərin səliqəsiz görünməsidir. O vaxtdan bu yana sakinlər fasiləsiz işığa həsrət qalıblar, bunu anews.az-a İsmayılbəyli kənd sakinləri bildirib.
"Təxminən 2000-ci ildə öz hesabımıza "İsmayılbəyli" yarımstansiyasından elektrik xətti çəkdirdik. 2017-ci ildə ölkə prezindentinin kəndə səfərindən qabaq "Azərişıq" əməkdaşları gələrək həmin işıq xətləri və dirəkləri sökdülər və bildirdilər ki, səbəb onların səliqəsiz görünməsidir, prezident getdikdən sonra xətlər və dirəklər yenidən bərpa olunacaq. Biz də bununla razılaşdıq. Amma Prezident gəlib getdi xətlər isə bərpa edilmədi. İndi kəndimizə işıq bizdən 20 kilometr aralıda yerləşən "Evoğlu" yarımstansiyasından gəlir. O stansiyadan bizim kəndə gələn naqillərdə daim problem yaranır və bizim 1600 nəfərlik İsmayılbəyli kənd sakinləri saatlarla işıqsız qalırlar. "İsmayılbəyli" yarımstansiyasından kəndimizə qədər olan məsafə isə cəmi iki kilometrdir. Beş ildir döymədiyimiz qapı qalmayıb. müraciətimizə baxan yoxdur", - deyə kənd sakinləri narazılıq edir.
Məsələ ilə bağlı biz də "Azərişıq" ASC ilə əlaqə saxlamağa çalışdıq, amma telefonlarımıza cavab verən olmadı.
Ümid edirik ki, kənd sakinlərinin işıq problemi tezliklə nəzarətə götürüləcək və İsmayılbəyli kəndi fasiləsiz işıqla təmin olunacaqdır.