Şəkidə icra nümayəndəsini və bələdiyyə sədrini xidməti otaqlarında yandırmaq istədilər — Şok
Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasını yandırmağa cəhd edən 1969-cu il təvəllüdlü Faiqin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 may 2021-ci ildə baş verib. Faiq həmin gün saat 09.30-da Şəki rayonu, Qayabaşı kəndində yaşadığı evdən içərisində "A-92" markalı neft məhsulu olan 1 litirlik plastmas qabı özü ilə götürüb və Şəki rayonu, Sarıca kənd ərazisində yerləşən, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gəlib.
O, Şəki rayonu, Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cabirin xidməti iş otağına daxil olub, orada əsaslı səbəb olmadan yüksək səslə mübahisə edərək səs-küy salıb.
Əvvəlcə otaqda olan Şəki rayonu, Qayabaşı bələdiyyəsinin sədri vəzifəsində işləyən Sahib , daha sonra isə Şəki rayonu, Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cabiri üzərinə töküb, onlara zor tətbiq edib, yandıracağı ilə hədələyib.
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlidir və 2 övladı var: “Şəki rayonu, Qayabaşı kəndində yerləşən evdə öz ailəm ilə yanaşı qardaşım və ailəsi, həmçinin bacılarım ilə birlikdə yaşayıram. Bacılarım subaydır, heç vaxt ailə həyatı qurmayıblar. Yaşadığımız ev bizə rəhmətlik valideynlərimizdən miras qalıb, hazırda da rəhmətlik anamın adına qeydiyyatdadır. Həmin evdə biz 10 nəfər birlikdə yaşayırıq. Bizim maddi imkanımız çox aşağı səviyyədə olub, evdə yalnız məni işləyib, pul qazanmışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ildə Bakı şəhərində yerləşən MMC-də fəhlə kimi işləyib: “2020-ci ilin noyabrında işdən azad olunduğum üçün Qayabaşı kəndinə qayıtdım və həmin tarixdən etibarən yaşadığım evə pul gətirən olmayıb. 10 nəfər şəxs mənim 2-ci qrup əlilliyə görə aldığım 130 manat aylıq müavinətlə dolanıb. Mənə və ailə üzvlərimə maddi yardım göstərilməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara müraciət etsəm də, hər hansı bir köməklik göstərilməyib. Hazırda bizim dolanışığımız bərbad vəziyyətdədir”.
Faiq bildirib ki, 4 sentyabr 2015-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları evə ziyan dəyib: “Şəki şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş komissiya tərəfindən yaşadığımız evə bir neçə dəfə baxış keçirilsə də, hər hansı tədbir görülməyib. Yaşadığımız ev təmir edilməyib”.
Faiqin ifadəsinə görə, 21 aprel 2021-ci ildə COVİD-19 virusuna yoluxub və təcili tibbi yardım maşını ilə Şəki rayon Mərkəzi Xəstəxnasının Modul Tipli xəstəxanasına yerləşdirilib: “Məndən sonra 2 bacım da COVİD-19 virusuna yoluxdu. Onlar da Modul Tipli xəstəxanaya yerləşdirildilər. Yaşadığımız ev karantinə alındı. Bütün ailə üzvlərimiz təcrid olundu. 14 gün xəstəxanada müalicə aldıqdan sonra mayın 10-da evə buraxıldıq. 14 gün də evdə müalicə olunduq. Bu müddət ərzində yalnız qonşuların köməkliyi ilə ayaqda dura bildik. Heç kim çölə çıxa bilmədiyi üçün hər hansı iş görə bilməmişik, pul qazana bilməmişik”.
Təqsirləndirilən şəxs deyib ki, mayın 24-də yaşadığı evdə tətbiq olunan karantinin götürülməsi barədə onlara mesajlar gəlib: “Mayın 26-da, səhər saat təxminən 08.30-da evdən çıxdım və 09.15-də 9 nəfər ailə üzvüm ilə birlikdə Şəki rayonu, Qayabaşı kənd icra nümayəndəliyinə getdik. Bizim oraya getməkdə məqsədimiz həmin şəxslərdən ailəmə köməklik göstərmələrini, biz iş vermələrini, ərzaq yardımı göstərmələrini xahiş etmək olub.
Kənd icra nümayəndəliyinin inzibati binasına özüm ilə içərisində benzin olan 1 litrlik plastik qab da götürmüşdüb ki, köməklik göstərilməyəcəyi təqdirdə yanacaq vasitəsilə özümü yandıraraq öldürüm. İcra nümayəndəliyinin binasına çatanda ailə üzvlərimə çöldə gözləmələrini bildirdim və icra nümayəndəliyinin binasına təkbaşına daxil oldum. Əvvəlcə Qayabaşı bələdiyyəsinin sədri Sahibin otağına girsəm də, onun otaqda olmadığını gördüm. İcra nümayəndəsi Sahibin xidməti otağına getdim. Onun xidməti otağına daxil oldum. Otağa daxil olduqdan sonra həmin otaqda olan Sahib və Cabirlə salamlaşdım. Hər ikisinə “biz acından ölürük, ailəm ac-susuzdur, siz nə fikirləşirsiniz?” sözlərini dedim. Cabir mənə “get, şikayət elədiyin media kanallarına de, sənə köməklik eləsinlər” cavabını verdi. Sonra mənə şillə vurmaq istədi. Mən də geri çəkildim. İcra nümayəndəsi Cabir oturduğu stulu əlinə götürərək məni otaqdan çıxmağımı söylədi. Əlimdə olan plastmas qabın qapağını açaraq içərisində olan benzini öz üstümə tökdüm. Bu zaman Sahib üstümə gələrək məni qucaqladı. Bu zaman əlimdəki benzin sıxılaraq həm mənim həm də, Sahibin üstunə töküldü. Əlimdəki benzin dolu plasmas qabdan nə Sahibin, nə də Cabirin üstünə benzin tökməmişəm. Həmin vaxt yerə tökülmüş benzinə görə ayağım sürüşərək yerə yıxılan zaman əlimdəki kibrit yerə düşərək islandı. Icra nümayəndəsi və bələdiyyə sədri qaçaraq otaqdan çölə çıxdı. Sahib və Cabirin arxası ilə çölə çıxdım, kibrit ilə özümü yandırmaq istədim. Ailə üzvlərim və sonradan ora gəlmiş polis əməkdaşları mənə mane oldu. Mənim özümü yandırmağıma imkan vermədilər”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində danışan Cabir deyib ki, Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir: Həmin kənddə yaşayan Faiqin ailə vəziyyəti həqiqətən acınacaqlı vəziyyətdə olmaqla yanaşı, 2015-ci ilin sentyabrında baş vermiş zəlzələ nəticəsində yaşadığı evin zərər görməsinə görə müraciətinə baxılıb. Evin konstruksiyasına düzgün materiallardan istifadə olunmadığına görə FHN tərəfindən akt tərtib edilib və evə dəyən ziyanın zəlzələ ilə əlaqəsi olmadığı sübut olunub. Faiq yuxarı instansiyalara müraciəti ilə bağlı məlumat daxil olub, evinin yararsız olduğuna görə ona ev tikilmədiyini öyrəndim. Faiq bacılarının işlə təmin olunmalarına görə mənə müraciət edib. Onları bu məsələnin həlli ilə bağlı bələdiyyə sədri Sahibə yönləndirmişəm. Faiqin ailəsinə kollektiv arasında pul yığaraq 2 kisə un, 50 manat da pul ilə yardım etmişik”.
İcra nümayəndəsi qeyd edib ki, Faiq 2021-ci ilin aprel ayının 24-də Covid 19 xəstəliyinə tutulduğundan Şəki rayonu Modul tipli xəstəxanada 14 gün karantin şəraitində müalicə alıb: “Həmin müddətdə bələdiyyə tərəfindən 30 manat da pul ayrılaraq onun ailəsinə verilib. Faiqin qardaşına və özünə köməklik göstərilməsi ilə bağlı Şəki rayon İcra hakimiyyətinə müraciət edilib. Həmin müraciətə əsasən Faiqin qardaşına 300 manat, özünə isə 50 manat pul ayrılıb. Faiq pulun az olduğuna etiraz edərək pulu götürməkdən imtina edib. Faiq mütəmadi olaraq telefonla zəng edərək “mənə maddi kömək etmirsiniz, idarəni də, özümü də yandıracam” deyib”.
Cabir deyib ki, mayın 26-da, səhər saat 09.30-da Faiq idarəyə gəlib və onun otağına daxil olub: “İcra başçısının oraya gəlməyəcəyi təqdirdə özünü öldürəcəyini deyərək əlini torbaya atdı, içərisindəki plastmas benzin qabını açdı. İlk növbədə benzini bələdiyyə sədrinin üzərinə tökdü. Benzin Sahibin başının sağ nahiyəsindən töküldü. Həmin vaxt Faiq ani olaraq benzini mənim də başımdan aşağı tökdüyü üçün gözlərimi yandırmağa başladı. Faiq bu vaxt əlini kibritə uzadan zaman Sahib onu qucaqladı, yandırmağa qoymadı və cəld çölə çıxdıq. Faiq kibriti yenidən yandırmaq istəsə də, onun həyat yoldaşı içəri daxil olaraq kibriti onun əlindən almağa çalışdı. Divardan tutatuta otaqdan çıxdım. Sahibin idarə etdiyi maşına mindim, gözümü benzin yandırdığına görə Şəki rayonu, Turan qəsəbəsində yerləşən xəstəxanaya getdik. Xəstəxanadan bizi mərkəzi xəstəxanaya getməyimizi tövsiyyə etdilər”.
Zərərçəkmiş bildirib ki, bundan sonra baş vermiş hadisə ilə əlaqədar Sarıca polis bölməsinə gediblər.
Bu cinayət işinə Şəki rayon Məhkəməsində baxılıb.
Faiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 11 ay 28 gün müddətə şərti cəza verilib.