azia.az
azia.az

Özünü jurnalist kimi təqdim edən Bayram Hacıyev həbs edildi

4-02-2022, 12:28

Özünü jurnalist kimi təqdim edən Bayram Hacıyev həbs edildi
Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs tutulub.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində feysbuk sosial şəbəkəsində və yutub videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi "Sizintv.az” və "Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanmışdır.

Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi