azia.az
azia.az

Səhiyyə nazirinin yeni müavinləri kimdir? - DOSYE

4-02-2022, 10:31

Səhiyyə nazirinin yeni müavinləri kimdir? - DOSYE
Səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.


Azia.az xəbər verir ki, bunlar İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılovdur.

Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakultəsinə daxil olmuş, 1988-ci ildə oranı bitirib. 1989-cu il tarixdən 1990-cı il tarixə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda "Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçmişdir. İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.


1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olmuş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.


17.08.2017-ci il tarixdən Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.


Eyni zamanda 2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun "Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.


Ailəlidir, 2 övladı var.


Zeynalov Nadir Azər oğlu 24.10.1976-cı il tarixdə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı şəhəri 20 nömrəli məktəbdə alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonrakı əmək fəaliyyəti ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.


2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını almışdır. 2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışmışdır. Belə ki, 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.


Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.


Rus, ingilis və türk dillərini sərbəst bilir.


Ailəlidir, 3 övladı var.


İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub.


1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinifinə getmiş və 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinifinə qəbul olunub. 1990-cı ildə həmin liseyi bitirərək N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.


İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabr ayınadək Respublika Gigiyena və Epidemiologiya mərkəzində 1-ci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb.


2001-ci ilin sentyabr ayında Muğan Kommersiya bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2002-ci ilin dekabr ayında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabr ayında əməliyyat idarəsinin rəisi və 2005-ci ilin dekabr ayında bankın İdarə heyətinin sədr müavini təyin olunmuş və 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyib.


2017-ci ilin aprel ayından avqust ayınadək "Baker Tilly Azərbaycan” audit şirkətində qiymətləndirmə üzrə məsləhət xidmətləri təqdim edib.


2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək Polşa Respublikasında fəaliyyət göstərən, xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib.


2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.


Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.


Ailəlidir, 2 övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi