Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənzilə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.