Azərbaycanda yol terroru: 60 ölü, 33 yaralı... - Müqəssir kimdir? (MÜSAHİBƏ)
Daxili İşlər Nazirliyi yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb. Statistikaya əsasən, son bir ayda ölkə ərazisində 53 yol-nəqliyyat hadisəsəi baş verib. Bu qəzalar zamanı 60 nəfər ölüb, 33 nəfər isə müxtəlif xəsarət alıb.
Bəs bu qəzaların və baş verən ölüm hallarının artma səbəbi nədir? Bu məsələdə günah daha çox kimdədir? Sürücü, yoxsa piyada məsuliyyətsizliyi daha çoxdur və s. kimi suallar var.
Qaynarinfo bu məsələləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə müzakirə edib.
- Elməddin bəy, bu statistik göstərəcilərin belə deyək, qəzaların, bu qəzalarda baş verən ölüm hallarının artmasının səbəbi daha çox nə ola bilər?
- Yollarda hərəkət intensivliyi artıb. Pandemiya dövründəki qapanmaların sonrakı dönəmi daha fəal iş prosesinə keçid oldu, bütün qurumlar eyni vaxtda fəaliyyətə başladı, ardınca restoranlar, ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verildi və təbii ki, məktəblərdə bu intensivliyin artması da öz sözünü deyir. Məsələn, əvvələr şagirdlərin əksəriyyəti ictimai nəqliyyatdan istifadə edib məktəbə gedib-gəlirdisə, indi onların bir çoxunun valideyni övladlarını məktəbə şəxsi nəqliyyat vasitəsilə aparıb-gətirməyi üstün tutur. Bundan əlavə, insanlar ictimai nəqliyyata yox, daha çox manatlıq taksilərə üstünlük verir, rayonlara gedərkən avtovağzaldan çıxan avtobuslara yox, fərdi nəqliyyat vasitələri ilə getməyi üstün tutur. Ancaq bu sürücülərin iş və istirahət rejimi məlum deyil, onlar sürətlə hərəkət edir, kobud qayda pozuntularına yol verirlər ki, mənzil başına tez çatsınlar, yenidən müştəri yığıb geri qayıdaraq bir az daha çox pul qazansınlar. Bütün bu kimi hallar sonda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. İnsanlarda son zamanlar psixoloji gərginlik müşahidə edilir. Heç kim bir-birinə güzəşt etmir, ən kiçik bir səhvə görə yolda insanlar az qalır bir-biri ilə dava eləsin, bıçaqlaşsın. Son vaxtlar bizim əlimizə düşən görüntülərdən görürük ki, yollarda əlbəyaxa dava olur, bir-birini bıçaqlayırlar. Yol üstündə adam öldürüb, hətta məhkəməyə qədər gedənlər var. Bu cür problemlər də gətirib qəzalara çıxarır. Məsələn, insanlar var ki, işıqforda dayanmağa səbri çatmır. Özüm şahidəm ki, neçə adam gəlir, işıqforun qırmızı işığını gözləmədən keçir.
Hətta bu gün narkotik vasitələrin təsir altında maşın sürən nə qədər adam var. Qəza törədənlər kimlərdir? Əksəriyyəti narkotik çəkən şəxslərdir. İndi içki içənlər qalıb kənarda, narkomanların sayı onların sayını keçib.
- Elməddin bəy, necə düşünürsünüz, bu qəzalarda statistik pay daha çox kimlərə düşür? Gənc sürücülərə, yoxsa təcrübəsi daha çox olanlara?
- Bu mövzuda maraqlı situasiyalar var. Biz təhlillər aparsaq, görərik ki, hadisəni törədənlər sırasında cavan uşaqlar azdır, əksinə, qaydaları on ildən artıq sürücülük təcrübəsi olanlar daha çox pozur. Daha çox qəza törədənlər də onlardır. Əksinə, gənclər daha çox məsuliyyətli olur. Amma təcrübəsi çox olanlarda özünə arxayınlıq yaranır. Onlar isə ən çox sürət həddini pozurlar.
Sürət həddini aşanlar mütləq psixoloji müayinə olmalıdır
- Bəs sürət həddinin aşmasına görə cəzalar necə olmalıdır ki, insanlar bundan dərs çıxartsınlar?
- Fikirləşirəm ki, 10 km sürət həddini aşmaq elə də önəmli deyil. Amma sürət həddini 20-40 km/saat aşmağa çox ciddi cəzalar vermək haqqında düşünmək lazımdır. İl ərzində üç dəfə sürət həddini aşmağa görə ən ağır cərimə olunan şəxsləri psixoloji müalicəyə göndərmək lazımdır. Çünki normal insan hadisədən bir dəfədən nəticə çıxarmalıdır, iki dəfədən nəticə çıxarmalıdr, amma üçüncü artıq ona siqnal olmalıdır ki, sən psixoloq müayinəsindən keçməlisən. Bu, hətta dünya təcrübəsində də var. İkincisi isə bizim yol hərəkəti qaydalarının təşkili ilə bağlı qüsurlarımız var. Sürücülərin hazırlıq məsələsi, sürücülərə təsirlər və s. Bunu bir kənara qoyaq. Sürücülük vəsiqələrinin verilməsinə qədər olan mərhələni, tibbi arayışların verilməsi mərhələsi, bu sürücülük məktəbini formal şəkildə oxumaq məsləsini ciddi bir məsələ kimi işləmək olar. Bu məsalələri ciddi götür-qoy eləmək lazımdır. Bu günbir çox ölkələr, hətta Rusiya da o addımı atdı ki, qəzaların sayını azaltmaq üçün sürücülərin hazırlığı mərhələsi, təməli möhkəm olmalıdır.
Əsas məsələ insan həyatıdır
- Bu problemlərə yolların işıqlandırılmasını da daxil etmək olar?
- Bəli, oların işıqlandırlması da burda çox önəmlidir. Biz nə qədər deyirik, danışırıq, bunun bir xeyri olmur. Hətta mən xatırlayıram, cənab prezident bu barədə üç il bundan əvvəl tapşırıq verdi ki, məhəllədaxili yollar da işıqlandırılmalıdır. Məsələn, mən Səbail rayonu ərazisində yaşayıram. Fikir verirəm ki, İcra Hakimiyyəti ikibaşlı oyun oynayır. Hansı küçədə ki oğurluq olur, kiminsə maşınını soyurlar, o adam ora-bura şikayət edir, elə anındaca gedib o küçəni işıqlandırırlar. Mən sizə Bayıl qəsəbəsində nə qədər küçə adı çəkə bilərəm ki, orda kim şikayət edibsə, gedib o küçələri işıqlandırıblar. Bunlar gözləyir ki, ölkə başçısı tapşırıq versin, sonra da ərazidə yaşayan şəxslər bu tapşırığı bilib şikayət etsinlər, onlar da gəlib o küçəni işıqlandırsın. Yolların işıqlandırılması nə qədər yol-nəqliyyat hadisəsinin qarşısını alır, nə qədər piyadanın vurulmasının qarşısını alır. Ümumiyyətlə, bu işi vaxtında görmək lazımdır. Burda insan həyatından söhbət gedir.
- Bəs magistral yollarda işıqlandırılma necədir?
- Azəravtoyol ASC magistral yollar çəkir. Çəkilən yolların hansı birində işıqlandırma olur? Məsələn, Hacıqabul rayonunun ərazisi olan Aran qəsəbəsində tez-tez yol-nəqliyyat hadisəsi baş verirdi. Əsasən də piyada vurma hadisələri. Ərazidə işıq dirəkləri olsa da, işıqlandırma yox idi. Həmin vaxt Nəvai postunun komandiri müraciət edəndən sonra "Azərenrji”ni, "Azəravtoyol”u ora cəlb elədilər, həmin küçəni işıqlandırdılar. İndi Aran qəsəbəsində hadisə olmur. Bu, vicdan məsələsidir. Bu, məmurların vicdan məsələsidir. Onlara göstəriş verilir ki, işıqlandırın küçələri. Biz Gürcüstana enerji satırıq, orda gecə işıqlar sönmür, amma bizdə gecə 12-dən sonra küçələrdəki işıqları söndürürük. Süpürgəçiləri maşın vurub öldürür. Niyə? Çünki səhər saatlarında xüsusilə qış vaxtı hava gec işıqlanır, ancaq həyat daha tez - saat 6-dan başlayır. Bizim də azərbaycanlı olaraq mental xüsusiyyətlərimiz var. Həmişə əksəriyyətimiz tünd rəngdə geyinirik, sürücü görmür. Sürücü yuxulu olur, piyada yuxulu olur. Gözlərini ovxalaya-ovxalaya gedirlər, bir də görürsən qəza baş verdi. Niyə? Çünki gecə saat 12-də "Bakı Şəhər İcra Hakimiyyəti", "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi", "Azərenerji" işıqları söndürür. Onlara sərf eləmir.
Piyada keçidindəki qəzaların azaldılmasına alternativ – tramplinlər
- Yol nişanları, işıqforlar, onların hazırkı fəaliyyəti necə tənzimlənir?
- Yol şəbəkəsində nişanlar çatışmır. Svetoforların iş prinsipi düzəlməlidir. Piyada keçidləri daha çox olmalıdır. Son vaxtlar fikir versək, görərik ki, hətta zebraların üstündə də piyadaların vurulması halları çoxalır. Mən təklif edirəm ki, piyada keçidlərinin yaxınlığında tramplin qoyulmalıdır. Sürücülər buna artıq vərdiş edəcəklər ki, keçidə yaxınlaşanda tramplin var, sürəti azaldacaqlar və beləliklə də piyada keçiddə vurulmayacaq. Hətta mən bu təcrübənin uğurlu olduğunu Gürcüstanda da görmüşəm. "Qarşıda piyada keçidi var” nişanına fikir verməyənlərin bir çoxunu bu tramplinlərin ayıldacağını düşünürəm. Maşının təkərləri tramplinə dəyəndə hətta yatmış sürücü belə ayılar ki, burda maneə var. Biz təhlükəsiz şəhər kamerasının görüntülərinə baxırıq, keçiddə gəlib maşın piyadanı elə vurur ki, 50 metr aparıb o tərəfə tullayır.
Yolların dərdi – dövlət qurumlarının birgə olmayan səmərəsiz işi
- Bəzən görürük ki, yol nişanları düzgün yerdə qoyulmayıb və ya heç yoxdur, bəs bu zaman hansı işlər görülməlidir?
- Yollarımızda görüntü məhdudiyyəti var. Bunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsuliyyəti var. Yollarda ağacların altında nə qədər yol hərəkəti nişanı gizlənir. Mən özüm şəxsən Bakı Nəqliyyat Agentliyinə, Baş Dövlət ol Polisi İdarəsinə nə qədər sorğu göndərirəm, hər il də cavab verirlər ki, yüzə yaxın nöqtədə yol nişanlarının görünməsi üçün ETSN-ə müraciət olunub, ancaq gəlib ağacları budamırlar. İndi əsl vaxtıdır, getməli, o ağacları budamalıdırlar. Bir azdan ağaclar budaqlayacaq yenidən yol hərəkət nişanları, hətta elə işıqforlar var ki, bu yarpaqların altında itəcək. Bakı şəhərində, rayon icra hakimiyyətlərində elə adamlar oturmalıdırlar ki, ən azından yol hərəkəti təhlükəsizliyi haqda anlayışı olsun. Məsələn, "Şamaxinka” deyilən ərazidə MediaLab olan küçəyə çıxan nöqtədə işıqforun qarşısına şam ağacı əkiblər. Başa düşürəm, yaşıllıq gözəldir, olmalıdır. Amma bu, yol hərəkətinin təşkilində problemdir. Bunu yoluna qoymaq lazımdır. Orada xidmət edən bircə yol polisi belə bunu aradan qaldırmaq üçün cəhd göstərmir. Bu məsələ ilə bağlı BŞİH-ə sorğu verirəm. Bizə cavab olaraq bildirirlər ki, biz MİS-lərə bununla bağlı tapşırıq veririk, ancaq sonradan ETSN gəlib o MİS-lərin rəhbərlərini cərimələyir. Hətta onlar arasında ETSN tərəfindən iki dəfə cərimələnən MİS rəisləri var. Niyə? Onlar gedib ağacları budayır ki, nişanlar görünsün, yolda şərait yaxşı olsun, onlar da gəlib cərimə edir ki, sən niyə ağacın budağını kəsdin. Nə özləri eləyir, nə də eləyənə imkan verirlər. Ortada səmərəli iş yoxdur.