azia.az
azia.az

Paytaxt polisi bu yolları yarım saatadək bağlayır – Vaqif Əsədov isə 2 dəqiqə olduğunu iddia edir

15-12-2021, 18:05

Paytaxt polisi bu yolları yarım saatadək bağlayır – Vaqif Əsədov isə 2 dəqiqə olduğunu iddia edir
Bakıda nəqliyyat vasitələrinin hərəkət etdiyi mərkəzi küçə və yollarda tıxac, süni sıxlıq hər gün səhər və axşam saatlarında sakinlərin bitməyən probleminə çevrilib. Paytaxtın yollarında və küçələrində nəqliyyat axınında sıxlıq günün pik saatlarında müşahidə olunur. Son zamanlar Bayıl qəsəbəsindən “Azneft” meydanı istiqamətində, Hava Limanından şəhər istiqamətində, “Koroğlu” metrostansiyası ərazisində səhər saatlarında yollarda hərəkət 10 dəqiqədən 30 dəqiqəyədək bağlanır. Bu da şəhərin magistral yollarında tıxaca səbəb olur. Bu vəziyyətdən əziyyət çəkən hərəkət iştirakçıları həmin ərazilərdə yolların DYP əməkdaşları tərəfindən bağlandığını bildirir.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Redaktor.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:

“Ölkədə olan nəqliyyat vasitələrinin sayı və 72 faiz nəqliyyat vasitəsinin Bakı şəhərində olması, yolların uzunluğu, yol kəsişmələri, qaçqınların və məcburi köçkünlərin Bakıda yaşaması, nazirliklərin, iş yerlərinin və ali məktəblərin əksəriyyətinin Bakıda olması səbəbi ilə pik saatlarında sıxlıq yaşanır. Söhbət paytaxtın mərkəzi küçələrində, paytaxt istiqamətində kəsişən yollardakı süni sıxlıqdan gedir. Məsələn 20 yanvar, Koroğlu metrostansiyası, Bayıl, yaxud 20-ci sahə, “Azneft” dairəsi istiqaməti ətrafında olan sıxlıq. Hər gün pik saatlarında yol polisi əməkdaşları məhz bu ərazilərdə dayanaraq xidmət təşkil edirlər. Ərazidə polis olmasa, keçmə növbəliyini təmin etməsə və bu istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqamətini müəyyənləşdirməsə, hərəkət dayanar. Buna görə də polis yolu bağlamır, hərəkəti tənzimləyir. Sözügedən ərazilərdə yol bağlanmır, sadəcə polis əməkdaşı o ərazidə durmaqla qarşı istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sorulmasını təmin edir və radiocihaz vasitəsilə əlaqə saxlayır. Əlaqə zamanı ərazidə sürücüləri hissə-hissə, ardıcıllıqla buraxır ki, həmin ərazidə sıxlıq olmasın. İndi təsəvvür edin ki, dediyiniz ərazidə polis yoxdur. Polis yolu bağlamır, hərəkəti tənzimləyir və məqsədəmüvafiq hesab edir ki, iki dəqiqə ərazidə hərəkət dayanmalıdır. Polis radiocihazla məlumat alır ki, qarşı tərəfdə yol zolaqları üzrə sıx cərgələnmə var və əgər həmin nəqliyyat axını gəlsə, hərəkət dayanacaq. Ona görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda bununla da əlaqəli maddə var. Nizamlanan yolayrıcında işıqforun siqnalından asılı olmayaraq, sürücünün hərəkət etdiyi istiqamətdə nəqliyyat vasitələri tam dayanıbsa, hərəkət etmirsə, sürücü bu yol ayrıcına daxil olmamalıdır. Çünki digər hərəkət zolağından digər kəsişmə zolağına nəqliyyat vasitələrinin başqa istiqamətə hərəkəti təmin edilməlidir. Polis əməkdaşı ərazidə xidmət aparmasa, keçmə növbəliyini təmin etməsə, ərazidə olan nəqliyyat vasitələrini hissə-hissə buraxılmasını təmin etməsə ərazidə hərəkət dayanar”.

Vaqif Əsədov bildirdi ki, Bakıda tıxacın digər səbəbi nəqliyyat vasitələrinin çoxluğu və yolların kəsişmələrə ayrılmasıdır:

“Ölkəmizdə bir milyon dörd yüz mindən artıq nəqliyyat vasitəsi var. Səkkiz nəfərdən birinə bir avtomobil düşür. Bakı şəhərində olan küçə və yolların uzunluğu 2400 kilometrə qədər uzanır. Dairəvi hərəkətlərin kəsişməsi, dəmir yolu ilə kəsişmə ərazisi, piyada zolağı ilə avtomobil yolunun kəsişməsi, 300-dən artıq işıqforla tənzimlənən ərazi, mürəkkəb yol qovşaqları, yeraltı və yerüstü piyada keçidlərinin olduğu ərazilər, körpülər, tunellər və bu qədər kəsişmə ərazisi olan yerdə təbii ki, ləngimə olacaq. Piyada zolağı ilə avtomobil yolunun kəsişməsində piyadalar dayanır avtomobillər yola salınır və əksinə avtomobillər dayanır, piyadalar keçir. Bunun özü də ləngiməyə səbəb olur. İnkişaf etmiş ölkələrdə də belədir. Bu, hərəkət istiqamətində olan kəsişmələrin qarşısının almaq və nəqliyyat vasitələrinin hərəkətində ləngimə hallarının qarşısını almaq kimidir. Yəni hərəkət istiqamətinə hər hansı bir kəsişmə olursa, bu, artıq ləngimək deməkdir. Ona görə bu mərtəbəli körpülər yaradılır ki, bütün istiqamətlərə sərbəst hərəkət olsun. Vəziyyət budur. Burada hər bir hərəkət iştirakçısına, xüsusilə sürücülərə, piyadalara pik saatlarında təmkinli olmağı, getdiyi istiqaməti əvvəldən müəyyənləşdirməyi səsləniriq. Getdiyi istiqamətdə sonradan sola, geriyə dönəcəksə əvvəlcədən getdiyi zolağı tutmalıdır. Sağ zolaqla gəlib sol zolağa manevr etmək olmaz. Yəni, bu da bəzi sürücülərin tələsməsindən irəli gəlir və bəzən də yol nəqliyyat hadisələri belə faktlara görə baş verir”.

Şöbə rəisi həmçinin qeyd etdi ki, DYP əməkdaşları olmayan ərazilərdə sürücülər və piyadalar hərəkəti tənzimləməyi bacarmalıdırlar:

“Hesab edirəm ki, vətəndaşlar təmkinli olmalıdırlar. Ölkə və Bakı şəhəri üzrə avtomobil idarəetmə sistemi yaradılıbsa, hesab edirəm ki, bu gün hərəkət iştirakçıları, piyadalar və sürücülər ərazidə polis əməkdaşı olmasa da, öz hərəkətini tənzimləməyi bacarmalıdır. Sürücülər getdiyi istiqaməti əvvəldən dəqiqləşdirmirlər və nəticədə belə xoşagəlməz hallar olur. Bir ərazidə polis əməkdaşı durub xidmət apararkən sanki vətəndaşlar “polis yolu bağladı” kimi düşünür. Digər tərəfdən işıqfor işləmirsə, təbii haldır, texniki nasazlıqdır və hər bir sürücü tələsir və birinci olmaq niyyətilə hərəkət edir, tələsmək adı ilə sağ, sol istiqamətlərə baxmır və yolu bağlayır, sürücülərin hərəkətinə maneə yaradır. Düşünürəm ki, bu gün bu nöqsanlar elə hərəkət iştirakçılarının hər birindən asılıdır. Polis əməkdaşı olmadan sürücü və piyadalar öz hərəkətini tənzimləməyi bacarmalıdırlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi