azia.az
azia.az

"Azəravtoyol"un yeni istifadəyə verdiyi yolda ciddi səhvlər üzə çıxdı

8-05-2017, 16:51

"Azəravtoyol"un yeni istifadəyə verdiyi yolda ciddi səhvlər üzə çıxdı

Paytaxtın Yusif Səfərov küçəsində təxminən bir ay əvvəl başa çatan yenidənqurma işləri zamanı şəhər küçəsi üçün yolverilməz olan ciddi səhvlər buraxılıb. Bunun hansı səbəbdən edildiyini anlamaqda çətinlik çəkirdim (ümumi səbəbin səriştəsizlik olduğu məlum olsa da, hər bir konkret səhvin fərdi səbəbi də olur).

Ötən həftə həmin küçədə icazə verilən maksimal sürətin 80 km/saat-a qədər qaldırıldığını görəndə həm təəccübləndim, həm də axtardığım səbəbi tapdım. Belə çıxır ki, həmin küçəni bu vəziyyətə gətirənlər onu avtomagistrala oxşatmaq istəyirmişlər.

Doğurdan da heyrətləndiricidir. Axı, necə ola bilər ki, hər iki başında sərt döngəsi, 10-dan artıq birləşmə və şaxələnmə yeri, 2 geriyə dönmə yeri, hər iki tərəfində ayrıca avtobus zolağı olan təxminən 1 km-lik küçədə belə yüksək sürət həddi qoyulur? Həmin küçənin hər iki tərəfində çoxlu sayda insanların ola biləcəyi obyektlər (Ali Məhkəmə, Bakı şəhər Baş Polis İdarəsi, 2 xəstəxana, ticarət obyektləri və s.) var. Hətta bəzi obyektlərin qapısı az qala küçəyə açılır. Bu küçədə cəmi bir piyada keçidi var.

Görən burada sürət həddini artıranlar yol hərəkəti təhlükəsizliyinin nə olduğunu bilirlər? Əməllərindən görünür ki, bilmirlər. Əks təqdirdə, göstərdiyim meyarları nəzərə alarlar.

Bunu edənlər sürət həddinin tıxacların qarşısını almaq üçün qaldırıldığını deyirlər. Bərəkallah. Ay kişilər, yolda icazə verilən sürət həddini qaldırmağın tıxaca nə aidiyyəti var? Tıxacı ləğv etmək üçün faktiki sürəti qaldırmaq lazımdır. Bu da siz deyən deyil. Küçənin ortasında sürət həddini qaldırırsınız ki, sürücü tıxac olan başa tez çatsın və həmin tıxac daha xaotik olsun? Axı, tıxac həmin küçənin hər iki başında yaranır. Onun ortasında sürəti artırmağın başqa nə mənası ola bilər?

Açığı, belə yanaşmanın yanlış olduğunu təsdiqləmək üçün daha detallı arqumentlər də gətirə bilərəm. Amma elə bunalar yetərlidir, məncə. Öz fikrimi qısaca ifadə etməyə çalışdım. Həm də belə şeyləri görəndə o qədər xəcalət çəkirsən ki, deməyə söz də tapmaq çətin olur.

Doğurdan da başadüşülən deyil. Bu qədər məsuliyyətsizliyin və bu dərəcədə səhvin başqa cür adlandırılması mümkün deyil.

Ərşad Hüseynov -hüquqşünas
avtosfer


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi