azia.az
azia.az

Azərbaycanda QƏTL: Oğlunun çarpayısının altında gizləndi, arvadının telefonla danışığını eşidib onu öldürdü

27-01-2022, 16:44

Azərbaycanda QƏTL: Oğlunun çarpayısının altında gizləndi, arvadının telefonla danışığını eşidib onu öldürdü
2021-ci ilin iyulun 24-də Bərdənin Mustafaağalı kəndində ərin arvadı öldürməsinin təfərrüatı bəlli olub.

Oxu.Az məhkəmə istintaqının sənədinə əsasən, hadisənin motivlərini təqdim edir.

2015-ci ildə ailə həyatı quran Aqil Mustafayevlə Nərgiz Mustafeyavanın izdivacından bir oğlan övladı dünyaya gəlir.

İstintaq materiallarının sətirləri arasında yer alan məlumatlara görə, Aqillə Nərgiz evliliklərinin ilk və sonrakı bir neçə ilində mehriban dolanırmışlar.

Aqilin ailəsinin gündəlik ehtiyacları Nərgizin xınayaxdı və digər şənlik məclislərində etdiyi aparıcılıqdan aldığı pullarla ödənilir.

Nərgizin işinin xarakteri tələb edir ki, o, evə həmişə axşam 9-10 radələrində gəlsin, bu qrafik əvvəllər Aqilin heç bir etirazına səbəb olmur.

Lakin günlərin bir günü, 2021-ci ilin iyun ayında Aqillə Nərgiz arasında münaqişənin bünövrəsi atılır.

Belə ki, evə adət edilən vaxtdan gec gələn Nərgiz ərinin məzəmməti ilə qarşılaşır.

Aqil evə niyə gecə saatlarında gəldiyini sual edərkən arvadı ona bildirir ki, toy gec bitib.

Ancaq bu hal davamlı şəkildə təkrarlanmağa başlayır, ərlə arvad arasındakı münasibətlərin rəngini tündləşdirir.

Aqil iki ay müddətində arvadının evə gec gəldiyini görəndə onda şübhələr baş qaldırır.

Aqildə artıq Nərgizin ona xəyanət etməsinə dair təsəvvürlər formalaşır.

İyulun 24-də Nərgizin yenə evə gec gəldiyini görən Aqil narahatlıq keçirir, bir neçə dəfə həyat yoldaşının mobil telefonuna zəng etsə də, bu zənglərə cavab verilmir.

“Oğlumla evə qayıtmışdım. Saat axşam 11 radələri idi. Nərgiz gəlməmişdi, əsəbiləşib zəng etdim, amma telefonu məşğul idi. 4-cü dəfə telefonuna zəng edən zaman Nərgizin telefonu söndürülü idi. Bundan 5 dəqiqə sonra Nərgiz mənə zəng edərək xınayaxdı məclisinə polislərin gəldiyini, rəfiqəsinin də da onun telefonunu alaraq ev yiyəsi ilə danışdığını dedi”, - deyə Aqil ifadəsində belə bildirir.

Bura qədər yazdıqlarımız Aqilin ifadəsinə əsaslanır, amma mərhum Nərgizin ailəsi bir qədər fərqli ifadə verib.

Belə ki, sən demə, 2021-ci ilin mayında Nərgiz Mustafayeva övladını götürərək anasının yaşadığı evə gedib. O, həyat yoldaşından boşanacağını bildirib.

Boşanma iddiasından sonra Aqillə Nərgizin mübahisələri dərinləşib, Aqil ara-sıra qayınanasının evinə gələrək oğlu ilə görüşüb.

İyulun 23-də o, oğlunu gəzdirib qayınanasıgilə gətirdikdən sonra çıxıb getmək əvəzinə həmin evdə gizlənib.

Arvadı Nərgizlə də sonuncu telefon danışığı məhz həmin zaman kəsiyində baş tutub.

O, Nərgizin ata evində gizlənərkən evin birinci mərtəbəsində, oğlunun yatdığı otağa gəlib. Aqil gecə saat 1-də arvadının tanımadığı adamın avtomobilindən endiyini gördükdə, oğlunun çarpayısının altında gizlənib.

Aqil Nərgizin hərəkətlərini şübhəli hesab etdiyindən arvadını qəsdən öldürmək qərarına gəlib.

Nərgizin otağa gələn zaman kiminləsə telefonla danışdığını eşidib, Nərgiz isə çarpayısına uzandıqdan sonra isə bu danışığı davam etdirib.

Aqil Nərgiz Mustafayevanı öldürərək qisas almaq istəyini tam qətiləşdirib çarpayının altından qəfil çıxıb və arvadını boğaraq qəsdən həyatdan məhrum edib...

Ancaq məhkəmə istintaqı zamanı Nərgizin xəyanətinə dair versiyalar sübuta yetirilməyib.

Aqil Mustafayev məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi