Mərhumun qardaşı caninin sözündən şübhələnibmiş - TƏFƏRRÜAT
Gəncədə tələbə yoldaşı olan qızı boğaraq qətlə yetirən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qətli törədən oğlan mərhumla sevgili olub. Onların hər ikisi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olublar.
Azia.az musavat.com-a istinadən xəbər verir ki, qətli törədən 2001-ci il təvəlüdlü Sərdar Cəfərov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onu qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.
Qətl hadisəsi 2021-ci il fevral ayının 19-da Gəncə şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə onun ailə üzvləri tərəfindən məlumat daxil olub. Axtarış zamanı məlum olub ki, gənc qız qətlə yetirilib.
Sərdar Cəfərov Pərvini avtomobildə qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı boğaraq öldürüb. Daha sonra o, meyiti Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atıb.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Sərdar və Pərvin universitetə hazırlaşan zaman tanış olublar. Onlar eyni hazırlıq kurslarına gedən zaman münasibətləri yaranıb. Sonra da hər ikisi eyni universitetə qəbul olub. Məhkəmə araşdırması və sübutların qiymətləndirilməsi zamanı tərəflər arasında hər hansı bir ciddi mübahisənin olmadığı məlum olub. Sadəcə sonuncu görüş zamanı Pərvinin Sərdara kobud cavab verməsi qətl hadisəsinin baş verməsinə səbəb olub. Bunu Sərdar belə izah edir…
Məhkəmədə ifadə verməkdən imtina edən Sərdar istintaqda deyib ki, Pərvinlə münasibətləri yaxşı olub. Bir neçə dəfə münasibətləri soyusa da dost kimi qalıblar. Bir-birlərinə qarşı kobudluqları olmayıb və normal qaydada dost kimi görüşüb, söhbət edib, hal-əhval tutublar.
Sərdar ifadəsində bildirib ki, sonuncu görüşdən bir neçə gün əvvəl də Pərvinlə söhbətləri olub.
“Həmin ərəfədə anam koronavirusa yoluxduğu üçün evdən çölə çıxmırdım. Buna görə də görüşmürdük. Sonra iki dəfə Pərvinlə görüşdük. Normal danışığımız olurdu. Hətta o mənə imtahana hazırlıqlardan sual verirdi, mən də cavablandırırdım. Mən karantindən çıxandan sonra iki dəfə görüşdük. Üçüncü, sonuncu görüşdə Pərvin mənə dedi ki, uzun müddət onunla niyə görüşməmişəm? Anamın koronavirusa yoluxduğunu izah elədim. Amma mənə inanmadı. Sonra həmişə olduğu kimi onu maşınıma mindirdim ki, evlərinə aparım. Mən maşına əyləşəndə Pərvin arxadan dedi ki, yalan danışırsan. Ona heç vaxt yalan söyləmədiyimi izah eləməyə çalışdım. Onu sakitləşdirmək üçün arxa oturacağa keçdim. Pərvin səsinin tonunu qaldırdı. “Onsuz da sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur. Yenə oyunlar açacam, səni zəlil edəcəm” dedi. Bu sözlərə görə çox əsəbiləşdim. Özümdən çıxıb onu boğmağa başladım. Pərvindən sonuncu cümlənin izahını istədim. Mənə “sənlik deyil” sözlərini dedi. Pərvin müqavimət göstərsə də bacara bilmədi. 2-3 dəqiqə sonra halsız vəziyyətdə qaldı. Onun öldüyünü düşünüb sükan arxasına keçdim”- deyə təqsirləndirilən şəxs ifadəsinə əlavə edib.
Sərdar Pərvinin meyitini maşını ilə evlərinə gətirib. Bu zaman evdə heç kim olmayıb. Anası və atası işdə olub. atası yük maşının sürücüsüdür və ayda bir neçə gün evə gələ bilir. Anası isə növbəli iş rejimində çalışır.
Pərvinin cəsədini evin ortasına gətirən Sərdar nə edəcəyini düşünüb. İlk olaraq izi itirmək üçün Pərvinin mobil telefonunu söndürüb, paltarlarını torbaya yığaraq şəhərin 3 fərqli istiqamətində zibil qutularına atıb. Meyiti isə sellofan torbaya bükərək yapışqanlı lentlə bağlayıb.
Həmin ərəfədə isə Pərvinin ailə üzvləri onu axtarırmış. Pərvinin qardaşı əvvəlcə universitetlə, sonra onun müəllimi və rəfiqələri ilə əlaqə saxlayıb. Lakin Pərvini tapa bilməyib. Son olaraq isə Pərvinin harada olmasından Sərdarın xəbərinin olacağını düşünüb. Çünki Sərdarla Pərvinin münasibətlərindən qardaşının daha əvvəl xəbəri olub. Hətta Pərvinin qardaşı bu münasibətlərə son qoymaq üçün Sərdara bir neçə dəfə xəbərdarlıq da edibmiş.
Pərvinin anası da Sərdarla münasibətə müsbət yanaşmayıb və qızına xəbərdarlıq edərək bildirib ki, heç bir halda qızının Sərdarla ailə həyatı qurmasına icazə verməyəcək.
Pərvinin qardaşı polisə məlumat verməzdən öncə Sərdarın evinə gedib. Bacısının harada olduğunu soruşub və hətta evi axtarmağa başlayıb. Lakin bacısını tapa bilməyib. Həmin zaman Sərdar və evə gələn anası Pərvini görmədiklərini deyiblər. Bu vaxt isə Sərdar hamıdan xəbərsiz Pərvinin cəsədini evdə gizlədibmiş. Sərdar Pərvinin qardaşına deyib ki, bir ildən çoxdur görüşmürlər.
Pərvinin qardaşı polisə müraciət edərək bacısından xəbər ala bilmədiklərini deyib. Polisin icazəsi və razılığı ilə bacısının mobil nömrəsinin eynisini çıxarıb. Onun sosial şəbəkə hesablarına baxıb. Müəyyən edib ki, Pərvinin son yazışmaları Sərdarla olub və sonradan həmin yazışmalar silinib. Bu zaman Sərdarın “bir ildir görüşmürük” deyən zaman yalan danışdığını bilib və şübhələndiyi üçün polisə məlumat verib. Bundan sonra araşdırmalar Sərdar istiqamətində aparılıb. Əvvəlcə özünü təqsirli bilməyən Sərdar araşdırmalar zamanı əməlini etiraf edib və Pərvinin cəsədini bir ay sonra hara atdığını göstərib.
Məhkəmə aradırması zamanı Pərvinin qardaşı Sərdarın anasının da özünü şübhəli apardığını, ondan şübhələndiyini deyib. Sərdar isə anasının bu hadisədən xəbərsiz olduğunu söyləyib. Sərdarın anası da oğlunun əməlindən xəbərsiz olduğunu, ondan şübhələnmədiyini bildirib.