“Qırmızı Xaç”ın həkimləri Saleh Rüstəmliyə baş çəkdilər
Dekabrın 17-də vəkili Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmliyə baş çəkib.
Bakupost.az xəbər verir ki, B.Bayramovun sözlərinə görə, bu gün S.Rüstəmlini həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri müayinə ediblər. Onun sözlərinə görə, S.Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır.
Vəkil əlavə edib ki, S.Rüstəmli çox zəifdir deyə, otaqdan çıxa bilməyib: "Telefonla danışdıq. Müəyyən müalicə alır".
Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.
O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirirdi. S.Rüstəmli aclığı dünən dayandırıb.