“Silahı Pərvanəyə tuşladım, dedi ki, “ata bilməzsən!””
Arvadını güllələyərək öldürən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə bir sıra yeni məqamlar məlum olub.
Azia.az qafqazinfo-ya istinadən xəbər verir ki, 10 il həbs cəzası alan F.Əhmədov özünü qəsdən adam öldürməkdə yox, ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilib.
O, istintaqa ifadəsində bildirib ki, eyni kollektivdə işlədiyi Pərvanə Əhmədova ilə 2006-cı ildə öz istəyi ilə ailə qurub: "Spirtli içki içməyimlə əlaqədar yoldaşımın arabir narazılığı olub. Hadisə günü 100-150 qram araq içmişdim, axşamüstü saat 7-də qonşum Əliəşrəflə onların bağında yeyib-içdik. Oraya gedərkən apardığım 0,7 litrlik arağı birlikdə içdik, daha sonra evə qayıtdım. Təxminən 23:30 radələrində Pərvanə ikinci mərtəbədən aşağı düşüb divanda əyləşdi. Söhbət edərkən spirtli içki qəbul etdiyimə görə narazılığını bildirdi. "Özüm bilərəm nə vaxt tərgidəcəyəm" deyə cavab verdim. Bundan sonra zarafat məqsədilə onun qulağını astaca dartdım. Sonra yuxarıda yataq otağından tüfəngi götürüb arvadımla zarafatlaşmaq qərarına gəldim. 2013-cü ildən məndə olan "Baykal MP-27" markalı ov tüfəngini saxlamaqda məqsədim bağa köçdükdən sonra oğurluq hadisəsi olarsa, ailəmi müdafiə etmək idi. Həmin silahdan sonuncu dəfə Novruz bayramından sonra atəş açmışam. Bağda silah dolu qalsa da, həmişə qoruyucuda olub. Silahın qoruyucuda olmasından əmin olduğumdan qoruyucunu yoxlamamışdım.
Pərvanənin yanına gəlib ona "qulağını dartım, yoxsa atım?" soruşdum. O isə "ata bilməzsən!" deyə cavab verdi. Silahı ona tərəf tuşladım, bu zaman həyat yoldaşım əlini silahın lüləsinə tərəf apardı, lüləsindən tutub əli ilə itələdi. Mənim əlim tətikdə olduğundan özümdən asılı olmadan silahdan atəş açdım. Silahın atəşindən şoka düşdüm. Yoldaşımın huşsuz vəziyyətə düşdüyünü, sinəsindən qan gəldiyini görüb onun öldüyünü anladım.
Tüfəngi götürüb özümü öldürmək üçün həyətə çıxdım, həyətdə olarkən uşaqların ağlamasını eşidib özümü öldürə bilmədim və eyvandan havaya atəş açdım. Sonra DİN-nin 102 Qaynar xəttinə zəng edib hadisə barədə məlumat verdim".
Məhkəmədə verilən suallara cavab olaraq F. Əhmədov bildirib ki, o, ittiham aktında yazılmış, onun tüfəngi doldurub döyüş vəziyyətinə gətirdiyi mülahizəsi ilə razı deyil: "Tüfəng martın 20-dən içi patronla dolu olub. Mənim həyat yoldaşımı öldürmək üçün bir səbəbim olmayıb. Bu hadisə zarafat edərkən ehtiyatsızlıqdan baş verib. Hadisə vaxtı sərxoş olsam da, özümü idarə edə bilirdim".
F.Əhmədovun böyük oğlu istintaqa verdiyi ifadəsində deyib ki, atası 3-4 il əvvəl araq içməyə başlayıbmış və bu, onda artıq adət halı alıb: "Atam hər gün işdən evə gələndən sonra birlikdə şam edərkən təxminən 4-5 rumka araq içirdi. Şənbə, bazar və bayram günləri isə lap çox içirdi. Mən və anam atama arağı tərgitməsini deyirdik. Hadisə günü atam yemək yeyəndə araq içmişdi, qonaq otağında divanda uzanıb televizora baxırdı. Həmin vaxt anam ikinci mərtəbədə qardaşımın dərsləri ilə məşğul olurdu. Daha sonra mən yatmaq üçün öz otağıma qalxdım. Bir müddət sonra atəş səsi eşitdim. Atam hər Yeni il və Novruz bayramlarında tüfəngdən havaya atəş açırdı. Birinci mərtəbəyə enəndə divanın sol küncündə anamın hərəkətsiz qaldığını gördüm. Atam anamla üzbəüz ayaqüstə durmuşdu. Onların zarafat etdiyini düşündüm. Atam "xahiş edirəm bağışla, istəməzdim belə alınsın, təsadüfən baş verdi" dedi. Atam tapşırdı ki, qardaşımla bacımı geyindirib nənəmgil gələndə onlarla gedim".
İstintaq müəyyən edib ki, hadisə zamanı istifadə olunan tüfəng DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş şəhadətnamə əsasında əldə edilib. 2012-ci ildə Rusiyada istehsal edilmiş tüfəng 12 kalibrli "MP-27EM" markalı qoşalüləli silahdır. Atəş zərərçəkmişin ürəyinin yerləşdiyi sol sinə nahiyəsinə dirəməklə tətiyə ən azı 3,2 kiloqram qüvvə ilə təsir etməklə açılıb. Hadisə zamanı F.Əhmədovda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilib.
Xatırladaq ki, F.Əhmədov 2015-ci ildən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi işləyib.