Ağsuda Rusiya vətəndaşları qəzaya düşdü: 1 ölü, 3 yaralı
Ağsu rayonu ərazisində Rusiya vətəndaşına məxsus minik avtomobili qəzaya uğrayıb.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə iyunun 27-də gecə saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 172-ci kilometrliyində, Ağsu rayonunun Padar kəndi ərazisində qeydə alınıb.
Rusiya Federasiyasının vətəndaşı olan 1991-ci il təvəllüdlü Pavlov Dmitriy Alekseyeviçin idarə etdiyi SO73BH150 Rusiya dövlət nömrə nişanlı “Hyundai” markalı minik avtomobli yüksək sürətlə hərəkətdə olarkən qaranlıq vaxtı avtomobil yolun eyni hərəkət zolağında, qarşı tərəfdə hərəkət edən Ağsu sakini Mehman Cavadova məxsus traktora arxa tərəfdən çırpılıb. Sonra “Hyundai” zərbənin təsirindən qarşı tərəfdən, yolun əks istiqamətində hərəkət edən 99-DP-421 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinə çırpılıb.
Hadisə zamanı “Hyundai” avtomobilinin sürücü Pavlov Dmitriy Alekseyeviç, eləcə də sərnişini 1991-ci il təvəllüdlü Blinski Andrey Vladimirov, “Mercedes” in sürücüsü, Göyçay sakini 1966-cı il təvəllüdlü İntiqam Bəşirov ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Hyundai” avtomobilindəki digər sərnişin 1992-ci il təvəllüdlü Lıkçina Aleksandra Viktorovna aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı avtomobildə sıxılıb qalmış ölən və yaralı şəxslər FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən müxtəlif kəsici alətlərdən istifadə edilərək çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Hazırda xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.