Köçəryan məhkəməyə çıxarıldı
Həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün İrəvandakı Korrupsiyaya Qarşı Məhkəməyə aparılıb.
Modern.az xəbər verir ki, burada 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.
İclas başlamazdan əvvəl Köçəryanın tərəfdarları onun səhhəti ilə maraqlanıblar.
İkinci prezident isə gülümsəyərək: “Görünür, sizdən yaxşıyam”, – deyə cavab verib.
İclasın əvvəlində iş üzrə digər təqsirləndirilən şəxs, Ermənistanın sabiq vitse-premyeri Armen Gevorkyanın vəkilləri onun barəsində cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırıblar. Hakim Sarkis Petrosyan vəsatəti rədd edib.
Məhkəmə binasının qarşısına Köçəryanın tərəfdarları toplaşıb. Onların arasında parlamentin “Ermənistan” fraksiyasının deputatları Geqam Manukyan, Anna Qriqoryan, Aqvan Vardanyan və Sevak Xaçaturyan, həmçinin ikinci prezidentin kiçik oğlu Levon Köçəryan da olub.
Köçəryanın ailə üzvlərinə onunla görüşməyə icazə verilib. Deputatlar isə öz sözlərinə görə, ikinci prezidentə baş çəkmək üçün icazə almayıblar.
Robert Köçəryan avqustun 27-də həbs edilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, “1 mart” işi 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən hadisələrlə bağlıdır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları seçkinin rəsmi nəticələrinə etiraz edərək kütləvi aksiyalar keçiriblər. Nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalar zamanı 10 nəfər həlak olub.