Trampın 5 milyon dollarlıq “qızıl” atları mübahisələrə səbəb oldu
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən “Müharibə sənəti” (The Arts of War) və “Sülh sənəti” (The Arts of Peace) adlı monumental heykəllər bərpa olunaraq ictimaiyyətə təqdim edilib.
Xəbər verilir ki, ABŞ Milli Parklar Xidməti tərəfindən həyata keçirilən layihənin dəyəri təxminən 5 milyon dollar olub.
Məlumata görə, 80 yaşlı ABŞ Prezidenti Donald Trampın şəxsi nəzarəti altında aparılan bərpa işləri çərçivəsində Linkoln Memorialının yaxınlığında yerləşən dörd iri atlı bürünc heykəl 23,75 əyarlı qızıl yarpaqla örtülüb. Tramp yenilənmiş abidələrin fotolarını özünün “Truth Social” sosial şəbəkəsində paylaşaraq işlərin başa çatdığını elan edib.

Layihə cəmiyyətdə birmənalı qarşılanmayıb. Merilend ştatında fəaliyyət göstərən bərpa şirkəti ilə müqavilənin açıq tender keçirilmədən bağlandığı bildirilir. Rəsmilər işləri ABŞ-ın Müstəqillik Günü – 4 İyula qədər yekunlaşdırmağı planlaşdırsalar da proses nəzərdə tutulandan bir neçə həftə gec başa çatıb.
Yerli sakinlərdən bəziləri layihəni sərt tənqid ediblər. Onların sözlərinə görə, heykəllər həddindən artıq parlaq və zövqsüz görünür, ayrılan vəsait isə daha vacib sahələrə yönəldilə bilərdi. Bəzi sakinlər isə heykəllərin qızıl boya ilə rəngləndiyini xatırlatdığını bildiriblər.
Bununla yanaşı, turistlərin bir qismi yenilənmiş görünüşü bəyəndiklərini deyiblər. Onlar heykəllərin diqqətçəkən və təsirli göründüyünü vurğulayıblar.

Qeyd olunur ki, sözügedən bərpa layihəsi Donald Trampın ikinci prezidentlik dövründə Vaşinqtonun memarlıq simasını yeniləmək planının yalnız bir hissəsidir.
The Washington Post və Ipsos tərəfindən keçirilən son sorğunun nəticələrinə əsasən, amerikalıların təxminən 65 faizi prezidentin paytaxtla bağlı şəhərsalma təşəbbüslərinə mənfi yanaşır. Bu layihələr arasında Ağ Ev üçün yeni bal zalının tikintisi, Linkoln Memorialı ilə Arlinqton Milli Qəbiristanlığı arasında triumf tağının inşası və Güzgülü hovuzun yenidən qurulması da yer alır.
“Financial Times” nəşrinin araşdırmasına görə, Trampın Vaşinqtonun yenidən qurulması ilə bağlı planlaşdırdığı layihələrin ümumi dəyəri 1 milyard dolları ötə bilər. Təkcə Ağ Evdə yeni bal zalının və təhlükəsizlik sistemlərinin inşasının 800 milyon dollardan çox vəsait tələb edəcəyi bildirilir. Sfera.az
Mənsumə