"Güclü Ermənistan" partiyasının namizədləri həbs edildi
Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət fəallarına və deputatlığa namizədlərə qarşı hüquqi təqiblər daha da genişlənib. Ölkənin İstintaq Komitəsi rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokuna qarşı irimiqyaslı əməliyyat keçirib.
Azia.az məlumatına görə, KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və seçicilərin maddi şirnikləndirilməsi (seçki rüşvəti) ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı çərçivəsində “Güclü Ermənistan” partiyasının deputatlığa namizədləri saxlanılıb.
Ermənistan İstintaq Komitəsinin yaydığı rəsmi bəyanata əsasən, saxlanılan namizədlər barəsində artıq məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarında iddia olunur ki, müxalif blokun nümayəndələri qanunsuz yollarla əldə edilmiş külli miqdarda vəsaiti seçki kampaniyası dövründə vətəndaşları mitinqlərə cəlb etmək, həmçinin səslərin pulla satın alınması məqsədilə dövriyyəyə buraxıblar. Hüquq-mühafizə orqanları cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar aparıb və blokun digər üzvlərinin də bu maliyyə fırıldağında iştirak payını araşdırır. Müxalifət tərəfi isə bu həbsləri birbaşa Nikol Paşinyan hakimiyyətinin siyasi intiqamı və seçki prosesinə qanunsuz müdaxiləsi kimi qiymətləndirir.
Natiq Səlim