İsrail Müdafiə Qüvvələri İrandan raket atışlarını qeydə almağa davam edir – YENİLƏNİB
İsrail Müdafiə Qüvvələri (İMQ) yenidən İrandan yəhudi dövlətinə doğru raket atışlarını qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə İMQ-nin teleqram kanalında bildirilib.
“Xəbərdarlıq aldıqdan sonra sığınacaqlara girməli və növbəti bildirişə qədər orada qalmalısınız. Sığınacağı yalnız aydın göstərişlər aldıqdan sonra tərk edə bilərsiniz”, – ordu mətbuat xidmətinin məlumatında deyilir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran və İsrailin qarşılıqlı olaraq atəşkəsə razılaşdıqlarını bildirmişdi. İranın Xarici İşlər naziri Abbas Əraqçi əvvəlcə Amerika liderinin sözlərini təkzib edərək “hər hansı atəşkəs barədə razılaşmanın” olmadığını qeyd etmişdi. Lakin bir neçə dəqiqə sonra o, İran bölmələrinin döyüş əməliyyatlarının “son dəqiqəyə, səhər saat 4-ə qədər davam etdiyini” vurğulayaraq hərbi əməliyyatların başa çatdığına işarə etmişdi.
İrandan raket hücumu ilə əlaqədar İsrailin bir neçə rayonunda hava həyəcanı elan edilib.
“Report” xəbər verir ki, müvafiq məlumat ordunun mətbuat xidmətinin teleqram kanalında yerləşdirilib.
“Bir müddət əvvəl İrandan İsrailə doğru buraxılmış raketlərin aşkarlanmasından sonra İsrailin bir neçə rayonunda sirenalar səsləndi. Hazırda İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün zərərsizləşdirmə və lazım olan yerlərdə zərbələr endirmək tədbirləri görür”, – bəyanatda deyilir.
Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.