Ukraynanın hədəfi məlum oldu: Kurskdan sonra…
Ukrayna qoşunlarının Kursk vilayətinə daxil olmasından sonra Rusiya qüvvələrinin Ukraynadakı irəliləyişləri dayanıb. Ekspertlər iddia edir ki, Rusiya döyüş strategiyasını dəyişib. Yəni artıq Kreml hücum strategiyasından müdafiə strategiyasına keçib.
Ekspertlər iddia edir ki, Ukraynanın Rusiya ərazilərini nəzarətdə saxlaması real deyil. Ukraynanın məqsədi Rusiya ərazilərini nəzarətdə saxlamaqla mümkün danışıqlarda Kremllə ərazi mübadiləsinə nail olmaqdır.
Politoloq Zeynal Əmrəliyev deyib ki, Ukrayna ordusu taktiki manevr işlədərək Rusiyanı gözləmədiyi yerdən vurdu.
“Qəflətən Rusiya ərazisinə edilən hücum rus hərbi komandanlığını çaş-baş vəziyyətə saldı. Ukraynanın məqsədi Rusiya əhalisini müharibə əleyhinə qaldırmaq və Rusiya ilə ərazi mübadiləsinə nail olmaqdır.
Müharibənin Rusiya ərazisinə keçməsi Kursk vilayətində yaşayan əhalidə böyük həyəcan yaratdı. Artıq yerli əhali kütləvi şəkildə bölgəni tərk etməyə başlayıb. Bu isə rus-hərbi komandanlığının reputasiyanın zədələnməsidir. Artıq Rusiya daxilində Baş qərargah rəisi Valeri Gerasimovun istefası tələb edilir. Digər bölgələrdə də Ukraynadan gələcək təhlükə ilə bağlı qorxu yaradıb.
Zelenski administrasiyası vaxtilə çeçenlərin tətbiq etdiyi fəndi başqa cür tətbiq etdi. Əgər çeçenlər Rusiyaya daxil olaraq müəyyən təxribatlar törədirdilərsə ukraynalılar birbaşa hücuma keçib Rusiyaya qorxu yaratmağa çalışdılar. Burda əsas məqsəd Rusiya əhalisinin psixologiyasına təsir edib onlara müharibə dəhşətini xatırlatmaq idi.
Ukrayna rəhbərliyi inanır ki, belə olduqda ruslar öz hökumətlərinə müəyyən təzyiq edəcəklər. Onsuz da Rusiyada müharibə əleyhinə səslər yüksəlir. Şimali Osetiyada yerli icmalar muxtar respublikanın rəhbərliyi vasitəsilə federasiya rəhbərliyinə müraciət edərək osetin gəncləri müharibəyə aparmamağı xahiş etmişdilər. Ukrayna məhz bu kimi amillərdən istifadə etdi. Hazırda Ukrayna ordusunun hücumu dayandırılıb. Ancaq onları Kurskdan çıxarmaq mümkün olmayıb.
Görünür ki, Zelenski admistirasiyası müharibəni Rusiya ərazisinə keçirmək istəyir. Əgər rus qoşunları ukraynalıları ölkə ərazisindən çıxara bilsə, ukraynalılar partizan savaşına başlaya bilər. İstənilən halda Putin hökumətinin müharibədəki qətiyyətsizliyi sayəsində artıq müharibə Rusiya ərazisinə daxil oldu”. /Globalinfo.az