Moskva vilayətindəki terror aktını İŞİD törədib və ya ümumi səfərbərliyə zəmin yaradılır
"Ukrayna müzakirə edilməməlidir, bu versiya ağıllı insanlar üçün deyil. Bu, Kremlin xüsusi xidmət orqanlarının öz vətəndaşlarına qarşı planlaşdırılmış əməliyyatıdır".
Aziaaz blogu publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Moskva yaxınlığındakı "Krokus Siti Holl"da baş vermiş terror aktını şərh edərkən bildirib.
“Əlbəttə, söhbət Ukraynanı, eləcə də bütün azad dünyanı gözdən salmaq məqsədi ilə Kremlin xüsusi xidmət orqanlarının öz vətəndaşlarına qarşı planlı əməliyyatından gedir”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu gün Ukraynada enerji infrastrukturuna və mülki obyektlərə edilən hücumlar bu xüsusi əməliyyatın tərkib hissəsidir.
"İndi isə ikinci mərhələ Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktlarıdır. Bu barədə beynəlxalq ictimaiyyət də yaxşı məlumatlandırılıb. Ona görə də Rusiya Federasiyası ərazisində olan əcnəbi vətəndaşlara xəbərdarlıq edilib", - o vurğulayıb.
Yusov bu terror aktında “Ukrayna izi”nin olması ehtimalını istisna edir: "Ukrayna ruslara qarşı azadlıq müharibəsi aparır, lakin bunu sivil şəkildə aparır, ona görə də bütün hücumlar və məğlubiyyətlər yalnız həm müvəqqəti olaraq işğal olunmuş Ukrayna torpaqlarında, həm də düşmən ərazisində hərbi hədəflərə qarşı baş verir. Bu, hamıya məlumdur".
Yusov vurğulayıb ki, bu cinayətlərin və terror aktlarının əsas vəzifələrindən biri əhalinin Rusiya daxilində səfərbər edilməsidir: "Putin rejimi Rusiya daxilində Ukraynaya qarşı müharibə ilə bağlı artan narazılığa cavab verməlidir. Bunun üçün Putinə məlum olan köhnə vasitələrdən istifadə edirlər. Axı o, hakimiyyətinə öz vətəndaşlarına qarşı terror hücumları ilə başlamışdır".
Qeyd edək ki, “Krokus Siti Holl”da konsert zamanı terror aktı baş verib. İlkin məlumata görə, avtomatla silahlanmış 5 terrorçu giriş qapısından atəş aça-aça binaya daxil olub və qarşılarına çıxanı öldürüblər.
FTX 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirir. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 130-u keçib.
“Krokus”da teraktdan sonra partlayş da baş verib və binada güclü yanğın davam edir.