Rusiya BMT Təhlükəsizlik Şurasına SƏDR SEÇİLDİ
Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında sədrliyi əlifba sırası qaydasına uyğun olaraq Mozambikdən təhvil alıb.
Busaat.az xəbər verir ki, artıq Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia ölkəsinin BMT Təhlükəsizlik Şurasına sədrliyinin gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.
Rusiyanın prezidentlik dövründən öz xeyrinə istifadə edərək Ukrayna əleyhinə təbliğat aparacağına dair iddialara toxunan Nebenzia qeyd edib ki, Rusiya Şuraya sədrliyi əvvəlki dövrlərdə olduğu kimi “peşəkar” şəkildə həyata keçirəcək: “Rusiya prezidentlik imtiyazlarından sui-istifadə etmir. Bizim milli mövqeyimiz başqa, BMT Təhlükəsizlik Şurasına sədrlik başqa məsələdir. Biz bunu (səlahiyyəti – red.) qiymətləndiririk. Bunun əksini iddia edənlər qərəzlidirlər”.
Şuraya Rusiyadan kimin sədrlik edəcəyini müəyyən etmək hüququna malik olmadığına diqqət çəkən Nebenzia əlavə edib: “Mövcud BMT Təhlükəsizlik Şurası və dünya nizamı davam etdiyi müddətcə prosedur qaydaları dəyişməyəcək. Hansı ölkənin prezidentliyə keçəcəyi açıq şəkildə göstərilib”.
Nebenzia Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aprelin 24-25-də Nyu-Yorkda olacağı və BMT-nin iki iclasına sədrlik edəcəyi barədə məlumat paylaşıb.
Qarşı tərəfdən tələb olarsa, Lavrovun ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşə biləcəyinə işarə edən Nebenzia deyib: “Tələb ABŞ tərəfdən gəlməlidir”.