Rus taboru darmadağın edildi - 500-dən çox ölən var
Ukraynanın Luqansk vilayətinin Makeyevka kəndi ətrafında Ukrayna hərbçilərinin atəşi sonucunda Voronej vilayətindən səfərbər edilmiş rusiyalılardan ibarət tabor məhv edilib. Yüzlərlə hərbçi ölüb.
Bu barədə Rusiyanın “Vyorstka” nəşrinə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib.
Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb.
Onun sözlərinə görə, komandir əvvəlcə onları cəbhə xəttinin 15 kilometrliyində “ərazi müdafiəsi”nə qoşulmalı olduqları Svatovo rayonuna göndərəcəyini vəd edib. Amma noyabrın 1-dən 2-nə keçən gecə bütün tabor qoşunların təmas xəttinə gətirilib və “müdafiə xəttini qazıb saxlamaq” əmri verilib:
“Bizə dedilər ki, qazın, tabora üç kürək var idi, ümumiyyətlə heç bir təminat yox idi. Bacardıqca qazdıq və səhərə sarı atəş başladı - artilleriya, “Qrad”lar, minaatanlar, kopterlər, bizi sadəcə güllələyirdilər. Hər şey başlayanda zabitlər dərhal qaçdılar. Atəşlər arasındakı fasilələrdə qazmağa çalışdıq, lakin kopterlər bizi dərhal müəyyən etdi və sadəcə güllələndi. 570 nəfərdən 29-u salamatdır, 12 nəfər yaralanıb, qalan hamı ölüb”.
O, həmçinin qeyd edib ki, onun atəşə məruz qaldığı Luqansk vilayətinin bu ərazisində ən azı daha bir tabor dağıdılıb:
“Televiziyada hər şeyin gözəl olduğunu göstərirlər, ancaq əslində burada - Luqansk vilayətində cəbhəyə məhz səfərbər olanları atırlar və biz zabitləri görmədən oradan uzaqlaşanda artıq geriyə gedirdik, gördük ki, üçüncü xəttə yalnız müqaviləli hərbçilər və könüllülər oturublar, ön cəbhədə isə səfərbər olunanlar”.
A.Aqafonov bildirib ki, Rusiyada xeyli sayda səfərbər olunan “müdafiədəki boşluqları aradan qaldırmaq” üçün Svatovoya gətirilir. Onun sözlərinə görə, Ukrayna qoşunları səfərbər olunan rusiyalıların olduğu bütün ərazini artıq təmizləyib.
Çox sayda itkilərin olmasına dair məlumatı məlumatı sağ qalan hərbçilərin arvadları da təsdiqləyir.
“Səhər başqasının nömrəsindən mənə zəng edib nə baş verdiyini dedi, onları müdafiə xəttini qazmağa atıblar, minaatanlardan atəşə tutulublar. İndi onlar harasa getməyə qorxur, hətta blokposta belə getməyə qorxurlar. Rəhbərlik onları atıb və onlar nə edəcəklərini bilmirlər, sadəcə kömək istəyirlər”, - Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan hərbçinin həyat yoldaşı Lyudmila Çernıx söyləyib.
Eyni zamanda, noyabrın 5-də səfərbər olunanların qohumları Voronej prokurorluğunun binası yaxınlığında toplaşaraq onlara yaxınları haqqında məlumat verməyi tələb ediblər.
Qeyd edək ki, “Vyorstka” ictimai-siyasi nəşri cari ilin aprel ayında Rusiyada mediaya qarşı kütləvi təqiblər fonunda müstəqil jurnalistlər və gender savadlılığı sahəsində çalışanlar tərəfindən yaradılıb. ///Report