Ramzan Kadırova bağlı 1300-ə qədər döyüşçü Xersona göndərilib
Çeçenistan rəhbəri Ramzan Kadırovla əlaqəli hərbiləşdirilmiş birləşmələrin 1300-ə qədər döyüşçüsü Rusiya qoşun qrupunu gücləndirmək üçün Ukraynanın Xerson vilayətinə göndərilib.
Bu barədə sentyabrın 10-da Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilir.
Silahlı qüvvələrinin komandanlığı bildirir ki, Rusiya qoşunları bununla Donetsk vilayətini tam ələ keçirməyə, həm də əvvəl işğal etdikləri əraziləri əldə saxlamaq istəyirlər.
Çeçenistanda yaradılmış “kadırovçular” dəstəsi faktiki olaraq regional ordu funksiyasını yerinə yetirir. İndiyə qədər bu ordu birləşmələrinə qarşı ciddi insan hüqquları pozuntularına yol verdikləri barədə ittihamlar səslənib.
Ukrayna ordusu bir neçə həftədir ki, cənubda, Xerson ətrafında böyük əks-hücum elan edir.
Praqada səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin ukraynalıların indi Xersonda uğur qazanmaqda davam etdiklərini deyib.
Pentaqonun rəhbəri həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın şimal-şərqində, Xarkov yaxınlığında da irəlilədiyini qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski də sentyabrın 9-u gecə çxışında ordunun uğurlarından danışarkən Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini deyib. Onun sözlərinə görə, sentyabrın 1-dən ölkə ərazisinin 1000 kvadrat kilometrdən çox ərazisi işğaldan azad olunub.