SON DƏQİQƏ: “Şimali İraq və Şimali Suriya Türkiyə ərazisinə qatıla bilər” – ŞOK AÇIQLAMA
Qardaş Türkiyənin son bir neçə ildə dünyada artan nüfuzu dosta sevinc, düşmənə isə göz dağı verir. İndi demək olar ki, bütün beynəlxalq məsələlərə, qaynar nöqtələrdə gedən proseslərə rəsmi Ankaranın sərgilədiyi mövqeyi görmək mümkündür. Bütün bunlarla yanaşı Qardaş Türkiyənin Rusiya-Ukrayna münasibətində oynadığı barışdırıcı rol, İsraillə münasibətlərin nizama salınması istiqamətində atdığı addımlar, həddini aşmaq istəyən Yunanıstana öz yerini göstərməsi, eləcə də ABŞ-la “F-16” qırıcılarının tədarükü ilə bağlı danışıqlara başlaması rəsmi Ankaranın getdikcə artan nüfuzunun bariz göstəricisidir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə son 10 ildə regional siyasətini formalaşdırıb və beynəlxalq müstəvidə yeni bir güc olmaq siyasətini həyata keçirir: “Prezident Rəcəb Tayyib Ərdoğan isə “dünya 5-dən artıq deyil” deyimi ilə Türkiyənin qlobal güc yolunda verdiyi mesaji dünyaya çatdırır. Türkiyə ilk növbədə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmağa çalışır. Hazırda rəsmi Ankaranın Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada, həmçinin Orta Şərqdə və Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe, qardaş ölkənin dünya nizamının dəyişməsində oynadığı vacib rolu sübuta yetirir. Bir sözlər Türkiyə artıq beynəlxalq gücə çevrilib. Avropa İttifaqı dövlətləri də bu prosesdə rəsmi Ankaradan çox geridə qalırlar. Türkiyə demək olar ki bütün qaynar nöqtələrdə və kritik məqamlarda masada təmsil olunaraq öz sözünü deyir. Dünyadakı ərzaq böhranı fonunda Ukraynadakı taxıl dəhlizinin açılması bunun ən bariz nümunəsidir. Təbii ki, Türkiyənin beynəlxaq nüfuzunun artması Rusiya-Ukrayna müharibəsindən sonra özünü daha qabarıq formada göstərməyə başlayıb. Türk Dövlətləri Birliyində təmsil olunan ölkələri öz ətrafına çəkməklə rəsmi Ankara artıq Mərkəzi Asiya siyasətini genişləndirib. Bütün bunlar dünyada formalaşan yeni nizamda Türkiyənin əsas rol oynadığını sübuta yetirir”.
Yazarlar Məhəmməd Əsədullazadə
Politoloq əlavə edib ki, bütün bu proseslər Türkiyəni BMT Təhlükəsizlik Şurasının daimi üzvünə də çevirə bilər: “ Artıq BMT də, bu məsələdə Ankaraya dəstək verir. Rusiya-Ukrayna müharibəsi də göstərir ki, Türkiyə sülhün tərəfdarı olan, təhlükəsizliyi təmin edən bir ölkədir. Qardaş ölkənin beynəlxalq gücə çevrilməsi isə təbii ki, Azərbaycanın milli maraqlarına cavab verir. Cənubi Qafqazda gedən proseslərdə Türkiyə və Azərbaycan kordinasiyalı fəaliyyət göstərir. Azərbaycana həm şimaldan, həm də İrandan təzyiqlərin olması mümkündür. Lakin Türkiyənin Azərbaycanla kordinasiyalı fəaliyyəti həmin ölkələrin maraqlarının üstündən xətt çəkir. Bu aspektdən yanaşdıqda Türkiyənin beynəlxalq aləmdəki artan nüfuzu Azərbaycanın Cənubi Qafqazda mövqeyini gücləndirir. Həmçinin Mərkəzi Asiya ölkələri ilə sıx siyasi-iqtisadi əlaqələrinə təkan verir. O cümlədən beynəlxalq gücə çevrilməsi Türkiyənin Yunanıstanla problemlərinin həllinə, İsraillə münasibətlərin inkişafına zəmin yaradır”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq Azərbaycan da beynəlxalq müstəvidə Cənubi Qafqaz regionu üzrə aparıcı dövlət statusu qazanıb: “Azərbaycan dünyada və Qərbdə Cənubi Qafqazın cavabdeh ölkəsinə çevrilib. Bir sözlə dünyada formalaşan yeni strategiya fonunda Azərbaycan və Türkiyənin kordinasiyalı fəaliyyəti Cənubi Qafqaz və Mərkəzi Asiyaya sülh və təhlükəsizlik vəd edir. Eyni zamanda Türkiyənin dünyada artan nüfuzu Suriya və İraqda PKK terror təşkilatının sonunu labüd edir. İstisna etmirəm ki, yeni dünya nizamında sərhədlər dəyişərsə, Şimali İraq və Şimali Suriya Türkiyə ərazisinə qatıla bilər. Həmçinin Zəngəzurun da Azərbaycanın ərazisindən keçməsi və tarixi ədalətin bərpa olunması mümkündür. Bütün bunlar isə gələn il qardaş ölkədə keçirilən Prezident seçkilərində indiki hakimyyətin qələbə qazanacağına zəmin yaradır”.