azia.az
azia.az

Ərdoğan-Bayden görüşünün nəticələri - Türkiyə ilə ABŞ arasında gərginlik bitdi, yoxsa...

2-11-2021, 08:53

Ərdoğan-Bayden görüşünün nəticələri - Türkiyə ilə ABŞ arasında gərginlik bitdi, yoxsa...
Politoloq: “Yaranmış vəziyyəti tarixi şans kimi qiymətləndirmək də olar”
İki dövlət başçısının baş tutan bu görüşü dünya gündəmini də zəbt edib. Bu da təsadüfi deyil. Çünki görüş Vaşinqtonla Ankara arasında gərginliyin və strateji fikir ayrılıqlarının olduğu bir vaxta təsadüf edib. İki prezident arasında bir çox məsələlər müzakirə edilib. Rəsmilər deyib ki, müzakirə olunan mövzular arasında Əfqanıstan, Suriya, Liviya, Cənubi Qafqaz, iqlim, insan haqları, habelə Türkiyənin ABŞ-ın “F-16” döyüşçü təyyarələrini almaq tələbi olub. Ərdoğan Fransa prezidenti Emmanuel Makronla da görüşüb. Onunla da Güney Qafqaz müzakirəsi apardığını deyib.

Heç şübhəsiz ki, bu görüşlərdə bizi əsas maraqlandıran Güney Qafqaz müzakirəsidir. Həmçinin bizə ən yaxın müttəfiq, dost-qardaş ölkə olan Türkiyənin ABŞ-la münasibətlərinin və aralarındakı bir sıra mübahisələrin yoluna qoyulması Azərbaycan ictimaiyyətini çox maraqlandırır. Liderlər arasında əsas müzakirə edilən mövzulardan biri də Türkiyənin Amerikadan almaq istədiyi “F-16”, “F-35” döyüş təyyarələri olub. ABŞ-ın arqumenti Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemidir. ABŞ bir NATO ölkəsi olaraq bunu Türkiyəyə hələ də “bağışlamır”.

Amma və lakin Türkiyə vaz keçiləcək və Vaşinqton tərəfindən kiçildiləcək, cəzalandırılacaq bir dövlət deyil. Ona görə də Bayden Ərdoğan qarşısında xeyli güzəştli görünür. Bir sözlə, ABŞ Türkiyədən vaz keçə bilməz...

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli bu görüşləri “Yeni Müsavat”da bu cür dəyərləndirdi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 sammiti çərçivəsindəki təmasların, xüsusilə də ABŞ və Fransa prezidentləri ilə apardıqları müzakirələrin nəticələri, çox güman ki, bu ilin sonunadək bəlli olacaq. Qənaətimə görə, indiki şəraitdə aparılan müzakirələrin əsas yükü münasibətlərdəki gərginliyin qismən də olsa aradan qaldırılmasıdır. Bu, həm Türkiyə, həm də ABŞ və Fransa üçün vacibdir. Xüsusilə də Vaşinqton və Ankara üçün... Bununla yanaşı, qeyd etmək lazımdır ki, Türkiyə ilə ABŞ arasındakı fikir ayrılıqları geosiyasi amillərdən qaynaqlanmır. Geosiyasi maraqları müstəvisində Türkiyə ABŞ-ın maraqlarını təhdid altına ala biləcək addımlar atmayıb. Ola bilsin ki, Suriya, Əfqanıstan, Liviya ilə bağlı məsələlərdə görüntü olaraq nəzərəçarpan ziddiyyətlər ciddi fikir ayrılıqları kimi təqdim olunur, yaxud belə təqdim olunmasına ehtiyac duyulur. Amma qlobal siyasi proseslərdə dəyərləndirmə yalnız konkret nəticə əsasında aparıla bilər. Hazırda hər hansı bir konkret nəticədən danışmaq çox tezdir. Bununla yanaşı, Türkiyənin Avroatlantik alyansdakı müttəfiqlərinin qlobal maraqlarına zidd addımlar atdığını söyləmək üçün heç bir əsas görmürəm. Türkiyə öz maraqlarını müdafiə edir və onunla hesablaşmağın vacib olduğunu klassik, yəni əsasən texnokrat liderlərin rəhbərlik etdiyi dövlətlərə, onların anlaya biləcəyi bir üslubda çatdırmağı bacarır. Cənubi Qafqazdakı proseslərə gəldikdə isə Vaşinqtonun bölgədə mövcudluğunu qoruyub saxlamağın yeganə yolu mövcud reallıqları qəbul edərək proseslərin içərisində yer almaqdan keçir. Əks təqdirdə, hətta İranın yeni rəhbərliyinin nüvə danışıqlarını bərpa etmək üçün sərgilədiyi əllaməçiliyin də heç bir nəticə verməyəcəyinin sübuta ehtiyacı yoxdur”.

Ərdoğan ilə Baydenin görüşü başa çatdı- YENİLƏNİB

Müsahibimiz fikirlərini bu cür davam etdirdi: “Vaşinqtonun Gürcüstandakı vəziyyətə müdaxilə etmək cəhdləri də, bəlli olduğu kimi, heç bir nəticə vermədi. Əgər Vaşinqton rəsmi Tiflislə münasibətlərində manipulyativ davranışlarını davam etdirəcəksə, o zaman bu dairənin tamamilə qapanmasına yol aça bilər. Digər tərəfdən, ABŞ da, Fransa da yaxşı başa düşürlər ki, Cənubi Qafqazda Türkiyənin rolunun güclənməsi bölgədə balansın qorunub saxlanılmasına xidmət edir. Qərbin bu bölgədə tarixi bağlılıqları və bölgə xalqlarına təsir imkanları yoxdur. Yəni Qərb düşərgəsində bölgədə Türkiyənin oynadığı rolu oynaya biləcək hər hansı bir ölkənin mövcud olmadığı göz önündədir. Məhz bu baxımdan ABŞ və təbii ki, Avroatlantik alyans bölgədəki maraqlarını indiki halda yalnız Türkiyə vasitəsilə qoruya bilər. Mövcud geosiyasi durum olduqca mürəkkəb görünsə də, mahiyyət etibari ilə Türkiyənin maraqlarına tam uyğun gəlir və yaranmış vəziyyəti tarixi şans kimi qiymətləndirmək də olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi