Ukraynanın birinci xanımı: “İndi onlara həyatın mənasını necə sübut etmək olar?”
“Ukraynada uşaqlar hər şeylərini itirdilər, zirzəmilərdə bombalar altında, yaralı və ya ölən yaxınlarının yanında qaldılar. İndi onlara həyatın mənalı olduğunu necə sübut etmək olar?”.
“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.
Birinci xanımı ukraynalı uşaqlarda sülhə və həyata inamın bərpasının vacibliyini qeyd edib.
“Dünyada onlar üçün yaxşı nə qalıb? Suala cavab axtarmaq üçün milli psixi sağlamlıq və psixososial dəstək proqramına başladım. Dünyanın ən yaxşı ekspertləri mütəxəssislərimizə ölkədə müharibənin törətdiyi ağır fəsadları ilə necə davranmağı öyrətməlidirlər. İndi kömək üçün yalnız belə bir təsirli variant görürəm. Qətiyyən istəmirəm ki, ukraynalı uşaqlar ömürlük xəsarət alsınlar”, - Ukraynanın birinci xanımı vurğulayıb.
“Biz onların onlar üçün açıq olan dünyaya inamını bərpa etməliyik”, - bunu isə Prezidentin xanımı “Welt am Sonntag” qəzetinin bazar sayında dərc olunmuş müsahibəsində bildirib.
Yelena Zelenskaya Ukrayna ordusundakı 37 mindən çox qadının olduğunu vurğulayaraq, ölkəni bərpa etmək planlarından da danışıb: “Bizi faktiki və psixoloji bərpa işləri gözləyir. İndi ölkəmizdə 1 600-dən çox məktəb, 600 xəstəxana, çoxlu yaşayış evi dağıdılıb. İndi bərpa işlərinə başlayırıq ki, xəstəxanaların, məktəblərin heç olmasa bir hissəsi payıza qədər işləsin.
Əlillərimizin sayı hər gün daha da artır, müharibə uşaqları və böyükləri şikəst edir. Biz onlar üçün ən yaxşı şərait yaratmalıyıq - yenidən qurulan şəhərlərdə həm məkan, həm də psixoloji baxımdan”.
Bundan əlavə, Yelena Zelenskaya vurğulayıb ki, Osvensim faciəsindən sonra, Mariupol, Buça və Ukraynanın digər şəhərlərində baş verən faciələrdən sonra “əvvəlki kimi” yaşamaq mümkün deyil.
"Ancaq biz bu əzabı gücə çevirmək istəyirik və bunun üçün mümkün olan hər şeyi edəcəyik", - o əlavə edib.