Məşhur “qanuni- oğru” həbs olundu – Ölkəyə xəyanətə görə (VİDEO)
Ukraynanın Milli Polisi bu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısında olan “Vitya Pan” ləqəbli “qanuni oğru”nu saxlayıb.
Bu barədə Ukrayna Milli Polisinin Strateji Təhqiqatlar Departamenti məlumat yayıb.
Məlumata görə, Ukrayna polisi Rusiya ilə əlaqələri olan və bu ölkə ilə əməkdaşlıq edə biləcək cinayət aləminin nümayəndələrini izləməkdə davam edir. Belə tədbirlər zamanı müstəntiqlər “qanuni oğru”nun və “kriminal avtoritetlərin” yerini müəyyən ediblər. Ukrayna polisinin belə əməliyyatlarından biri zamanı “Vitya Pan” ləqəbli “qanuni oğru” və iki “cinayətkar avtoritet” saxlanılıb.
“Qanuni oğru” Rusiyada cinayətkar birlik təşkil etdiyinə görə beynəlxalq axtarışa verilib. Onun Kursk vilayətinin “nəzarətçisi” və etibarlı adamı olan yoldaşları da adam oğurluğuna görə axtarışdadırlar. Onların hamısının Rusiyanın cinayətkarları ilə sıx əlaqələri var.
2020-ci ilin yanvar ayından Ukraynada 34 “qanuni oğru” olub. İndi onların sayı demək olar ki, iki dəfə azalıb. Nazirlik hesab edir ki, bu sanksiyalar ölkədə cinayətkarlığın səviyyəsini azaldacaq. /lent.az/