Üç istiqamətdən hücum gözlənilir - Səhra hospitalları da quruldu
ABŞ analitikləri Rusiyanın Ukraynaya hücumunun üç istiqamətini müəyyən ediblər. Bu marşrutların hər üçü dəmir yollarına paralel keçir və logistika baxımından bütün zəruri imkanlara malikdir.
Vaşinqtondakı strateji və beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS) analitikləri Rusiya-Ukrayna sərhədlərindəki hazırkı vəziyyəti, qoşunların cəmləşmə rayonlarını təhlil edərək belə qənaətə gəliblər ki, Rusiya ordusu şimal, mərkəz və cənub istiqamətindən Ukrayna ərazisinə girəcək. Habelə Azov dənizindən dəniz desantının çıxarılması və hava desantının dəstəyi ilə Odessa ələ keçiriləcək, nəticədə Ukraynanın dənizlə əlaqəsi kəsiləcək.
Analitiklərin fikrincə, əgər Rusiya Ukraynaya müdaxiləyə qərar versə şimal istiqamətindən qoşunlar Belarus üzərindən hərəkət edərək Kiyev ətrafındakı müdafiə xəttini kənardan keçəcək. Mərkəz istiqamətindən zərbə daha sonra qərbə istiqamətlənəcək və qoşunlar ölkənin dərinliklərinə doğru irəliləyəcək. Cənub istiqamətindən isə Perekop keçidi üzərindən olacaq.