Prezident 51 ildir yanan “Cəhənnəm qapıları”nı söndürməyi tapşırıb
Prezident 51 ildir yanan “Cəhənnəm qapıları”nı söndürməyi tapşırıb
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında “Cəhənnəm qapıları” kimi tanınan qaz kraterini söndürmək üçün üsul tapılması barədə göstəriş verib.
Xəbər verilir ki, bu barədə Türkmənistan televiziyası məlumat yayıb.
Nazirlər Kabinetinin videoformatda keçirilən iclasında dövlət başçısı Baş nazirin müavini, neft-qaz kompleksinə rəhbərlik edən Şaxım Abrahmanova müvafiq tapşırıq verib. Berdiməhəmmədov qeyd edib ki, həmin bölgədə uzun illərdir təbii qaz yanır ki, bu da ətraf mühitə və yerli əhalinin sağlamlığına ziyan vurur.
Bundan əlavə, Türkmənistan liderinin vurğuladığı kimi, ölkə xaricə satıla bilən qiymətli xammalı, vətəndaşların rifahının yüksəldilməsinə sərf olunacaq pulları itirir. Bununla bağlı Berdıməhəmmədov elmi müzakirələrin təşkili, lazım gələrsə, qaz krater probleminin həlli üçün xarici mütəxəssislərin cəlb edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, Darvaza kəndi yaxınlığındakı bu kraterdəki yanğın geoloqların işləri zamanı qəza nəticəsində baş verib. 1971-ci ildə qəzadan sonra meydana gələn yanğın bütün müdaxilələrə baxmayaraq söndürmək mümkün olmayıb.
Dünyanın müxtəlif yerlərindən insanlar bu nəhəng krateri görmək və burada şəkil çəkmək üçün bölgəyə axın edirlər.report