Hərbçi sevgilisini iki həftə otağındakı şkafda gizlətdi
Britaniyalı hərbçi əcnəbi sevgilisini iki həftə otağında şkafda gizlədib.
“Azia.az”ın məlumatına görə, hadisə Somersetdəki Yovilton Kral Hərbi Dəniz Donanmasının aviabazasında baş verib.
Qadını qəribə qoxu hiss edən və otağın qapısını açan zabitlər aşkarlayıb. O, dərhal bazadan çıxarılıb. Qadın bundan sonra Britaniyanı tərk edib.
Hava bazasının əməkdaşı onu 2019-cu ildən bəri tanıdığını izah edib. Qadın Cənub-Şərqi Asiyada anadan olsa da, Avropada yaşayıb və Niderland vətəndaşlığını alıb. 2020-ci ildə Milad bayramını qeyd edərkən o, yenidən məşuqəsi ilə görüşüb. Qadın Yeni ildən sonra Niderlanda qayıtmaq niyyətində olub, lakin COVID-19 epidemiyası səbəbi ilə problemlərlə qarşılaşıb.
Bundan sonra hərbçi onu aviabazada saxlama qərarına gəlib: Tətildən qayıdarkən avtomobilinin yük yerində qadını qorunan əraziyə gətirib. Bundan sonra məşuqəsini iki həftə otağında gizlədib.
Hərbçi işin üstünün açılmaması üçün otağın qapısına “İçəri daxil olmaq olmaz, təmizliklə özümüz məşğul olarıq” xəbərdarlığı da asıb. Ancaq bunun köməyi olmayıb.
Hərbi Dəniz Donanmasının nümayəndəsi qadının cəsus olma ehtimalını və xarici kəşfiyyat orqanları ilə əlbir ola biləcəyi ilə bağlı şübhələri təkzib edib.
“Hadisə tərəfimizdən araşdırılır. Tapılan şəxs Avropa vətəndaşı olub, cəsusluq etdiyi barədə şübhələrə əsas yoxdur”, - deyə nümayəndə əlavə edib.