Araik Arutyunyan beynəlxalq axtarışa verilib
Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.
BAKU.WS xəbər verir ki, Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, adı çəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutyunyan barədə preventiv tədbirlər görülüb: “Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir, ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutyunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq. Onu da deyim ki, onlar təkbaşına deyil, Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə bu cinayəti törədiblər. Bu, ilkin istintaqın nəticələridir”.