İlin azərbaycanlı anti-qəhrəmanı və bədxərci - Zamirə Hacıyeva…
Britaniyada əmlaklarına həbs qoyulan bankir arvadının təkcə krasыovkasının, itinin və eynəyinin puluna bu ölkədə nələr etmək olardı?!
Əgər biz ilin deputatı, ilin səfiri, ilin siyasətçisi, ilin hadisəsi və s. üzrə fərqləndiririksə, o zaman ağıla ilin anti-qəhrəmanı və bədxərci kimdir sualı gəlir.
Ola bilsin ki, beyinlərdə qızına 400 minlik toy etməsi ilə gündəmə gələn, vəzifəsindən azad olunan Bakının keçmiş liftlər idarəsi direktoru Qüdrət Şükürov, yaxud dəbdəbəli villaları, kəhkəşanlı biznesi ilə tanınan hansısa məmur olduğunu düşünə bilərsiniz.
Lakin ilin bədxərci kimi həbsdəki bankir Cahangir Hacıyevin həyat yoldaşı, Londonda zadəgan həyatı yaşayan, geyimləri, krassovkası, saxladığı it-pişiyi ilə dillərdən düşməyən Zamirə Hacıyeva assosasiya olmalıdır.
Musavat.com xatırladır ki, Z.Hacıyeva 15 noyabr 2014-cü ildə həyat yoldaşı Cahangir Hacıyevlə Bakını tərk edib və İngiltərədə həyat qurmaq üçün Böyük Britaniyada investor vizası alıb.
Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, cütlüyün “ən azı 55 milyon funt sterlinq var-dövləti” olub.
Məlumata görə, Cahangir Hacıyev ona "I kateqoriyalı viza" üçün 200 min funt sterlinqə yaxın pul və yaşayış üçün hər ay 20 min funt sterlinq ayırıb.
Z.Hacıyevanın oğurluq hadisəsindən 10 il sonra Beynəlxalq Bankın eks-sədri Cahangir Hacıyev dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla həbs edildi.
2016-cı ilin iyununda isə artıq Londona köçüb orada məşkunlaşmış və oturum almış Zamirə Hacıyeva axtarışa verildi.
Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.
Z.Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Azərbaycan Beynəlxalq Bankından sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.
Z.Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb.
Londonda 22 milyon funt-sterlinqlik daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyib və mülkləri üzərinə həbs qoyulub.
Hacıyeva mediada çıxan xəbərlərdən sonra kimliyinin açıqlanmaması üçün başlatdığı məhkəmə mübarizəsini də uduzub.
Məhkəmənin əldə etdiyi məlumata görə, Hacıyeva 2009-cu ildən əvvəl Britaniyanın Virciniya adalarında qurulan şirkətin köməyi ilə Londonun Naytsbric rayonunda, “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib.
2018-ci ilin fevral ayında Britaniyanın Milli Cinayət Agentliyi Hacıyevadan Londonda aldığı villa üçün ödənilən 22 milyon funtun mənbəyi barədə məlumat təqdim etməsini istəmişdi.
Bunun üçün Hacıyeva "İzahedilməmiş Sərvət Sərancamı" vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi.
Məhkəmənin əldə etdiyi məlumata görə, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkşayr qraflığında, Askot kəndinin yaxınlığında qolf kursu və "Mill Ride Golf Club"-unu almaq üçün 10 milyon funt xərcləyib.
Rəsmi məlumatlar cütlüyün “Harrods”ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta “Qolfstrim G550 Jet” təyyarəsini aldığını da ortaya çıxarıb.
Hacıyeva on il ərzində Londonun məhşur dükanı “Harrods”da 16 milyon və ya günə dörd min funt sterlinq xərcləyib.
O, “Cartier” zinət əşyalarına 100 min funt sterlinq, lüks kişi geyimlərinə 20 min funt sterlinq, lüks zinət, ətir və saat markası olan “Boucheron”da 150 min funt sterlinqdən çox pul sərf edib.
Hacıyeva alış-verişləri üçün ərinin sədri olduğu bankın 35 ədəd kredit kartı və “Harrods”un üç ədəd mağaza kartı ilə həyata keçirib.
Z.Hacıyeva ilk dəfə “İzahedilməyən Sərvət Sərəncamı” tətbiq ediləndə buna qarşı çıxmağa cəhd etsə də, hakimlər ona 39 milyon funtu geri ödəməyi əmr edib.
Öz bədxərcliyi ilə dünyada məşhurlaşan xanım Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanması ilə sonuncu dəfə medianın diqqətini cəlb eləmişdi.
Məlum olub ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.
Zamirə Hacıyeva malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində “Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı “Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində “Miu Miu” günəş eynəyində olub.
Onun çantası isə xüsusilə bahalıdır, Hermes şirkətinin “Constance” brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir.
Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkçəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib.
Emil SALAMOĞLU,