azia.az
azia.az

İrəvan hələ alınmayan qırıcılarla öyünür, Bakı isə...

2-09-2019, 17:22


Rusiyaya xilaskar kimi baxmaq zorunda qalan “qərbçi” Paşinyanın başı dərddə: cəmi 1 il qabaq ölkəsinin Moskvadan vassal asılılığını azaldacağına söz vermişdi, indi isə...; “İsrail Azərbaycanın düşməninə bir güllə belə verməyəcək” - yəhudi dövlətinin sabiq briqada generalı...
“Ermənistan Rusiyadan çoxfunksiyalı Su-30SM qırıcıların alınması prosesinə başlayıb”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan dünənki mətbuat konfransında deyib. Az öncə işğalçı ölkənin müdafiə naziri David Tonoyan bildirmişdi ki, İrəvan Rusiyadan 4 ədəd Su-30SM-i ilin sonu və ya 2020-ci ilin əvvəlində almaq istərdi.
İrəvan hələ alınmayan qırıcılarla öyünür, Bakı isə...
Yəni söhbət ilk növbədə istəkdən gedir. Moskva isə hələ ki qırıcıların nə vaxt Ermənistana veriləcəyi barədə rəsmi açıqlama yaymayıb. “Ermənistan Rusiyadan çoxfunksiyalı Su-30SM qırıcıların alınması prosesinə başlayıb. Bunu deyirəm, çünki artıq məlum faktdır. Alınacaq başqa tip silahlarla bağlı isə heç nə söyləyə bilmərəm”, - Paşinyan mətbuat konfransında bildirib.

Bir çox təhlilçilər isə Paşinyanın hələ alınmayan silahlara görə sevinməsini yersiz sayır. Təbii ki, bu, ən çox daxili auditoriyaya ünvanlı açıqlamadır. O anlamda ki, 1 ildə daxildə ciddi heç bir islahat apara bilməyən “qərbçi” N.Paşinyandan narazı olan elektorat heç olmasa, “yeni silahlarla” özünə təsəlli tapsın. Hansı silahlar ki, hələ heç Ermənistana gəlib çıxmayıb. Ona görə ki, Paşinyanın Rusiya qarşısında içdiyi sədaqət andlarına rəğmən, Putinin cəmi 1 il öncə Ermənistanın Rusiyadan vassal asılılığını azaldacağına söz verən Paşinyandan hələ də “gözü su içmir”.

Əlbəttə ki, əhalisinin yarıdan çoxu yoxsul olan, bir o qədəri də çörək pulu və iş tapmaq üçün başqa ölkələrə səpələnmiş - o sırada nə qədər qəribə də olsa, erməni miqrantlar Türkiyədə də kök salıblar - kasıb Ermənistanın yeni rəhbərliyi də silahlanma məsələsində yalnız güzəştli Rusiya silahlarına, onun silah kreditlərinə ümid edə bilər. Rusiya isə silahları ucuz və ya daxili bazar qiymətinə kiməsə elə-belə vermir. Mütləq qarşılığı olmalıdır.

Qarşılıq isə - Ermənistanın olan-qalan müstəqilliyinin alınması və onun qeyri-müəyyən müddətə kölə, qul vəziyyətinə salınmasıdır. Guya Nikol Paşinyan bu asılılığı azaldacaqdı. Bu barədə o, onun hakimiyyətə gətirən kütləyə söz də vermişdi. Amma indi sanki sevinc içində Ermənistana Rusiya qırıcılarının gətiriləcəyini anons edir. Daha fərqində deyil ki, bu qırıcılar işğalçı ölkənin təhlükəsizliyini deyil, Moskvadan forpost asılılığı gücləndirəcək. Hələ onu demirik ki, yeni nəsil qırıcıların istifadəsi yalnız Moskvanın izni ilə mümkün olacaq.

Azərbaycan isə əksinə, yalnız öz hesabına hərbi və döyüş qüdrətini artırdığı üçün müstəqilliyini və suverenliyinə hər hansı xələl gələ bilməz. Bakı başqa dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələsində Ermənistandan fərqli olaraq, bərabər statusda çıxış edir və aldığı silah-sursatın əvəzində hətta qardaş Türkiyə qarşısında belə, hansısa əlavə siyasi öhdəlik götürmür.

Bizim mühüm silah tədarükçülərimizdən biri də İsraildir. Artıq İsraildən alınan modern silahların, məxsusən PUA-ların real gücünü işğalçı tərəf bir dəfə (2016-cı ilin apreli) öz üzərində hiss edib. Belə görünür, yenə hiss edəcək. Şübhə yox ki, bu səbəbdən Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan ötən həftə İsraildə səfərdə olarkən rəsmi Təl-Əvivə az qala, yalvarırdı ki, İsrail Azərbaycana silah satmasın. Ancaq bu, ermənilərin, Mnatsakanyanın girəcəyi “kol”, müdaxilə edə biləcəyi mövzu, əməkdaşlıq sferası deyil. Sırf iki ölkənin məsələsidir.

Aydındır ki, İsrail ölkəmizə modern silah-sursatı, döyüş sistemləri və PUA-ları yalnız kommersiya (qazanc) marağı üzündən vermir. Bütövlükdə iki tərəfdaş ölkə arasında çoxdandır mövcud olan strateji və ənənəvi dost əlaqələrə görə satır. Hansı əlaqələr ki, Ermənistanla yoxdur və gözlənilmir də. Bəlkə nə vaxtsa yəhudi dövlətinin Ermənistanla münasibətlərində normallaşma olsun. İstənilən halda, bu, Azərbaycanla əlaqələr kimi yüksək səviyyəyə çatmayacaq.

“İsrail Ermənistanın onunla münasibətlərini düzəltmək istəməsinə hazırdır, amma bir şeyi anlayın ki, İsrail Azərbaycanın düşməninə bir güllə ilə belə kömək etməyəcək”. Bunu Stmegi.com saytına açıqlamasında İsrail müdafiə nazirinin keçmiş müavini, sabiq briqada generalı Efraim Sne deyib (Axar.az).

“İsrail Azərbaycan əleyhinə istifadə oluna biləcək hər hansı bir şeyi Ermənistana tədarük edə bilməz. Bizim mövqeyimiz budur. Əminəm ki, hökumətimizdə heç kim o qədər də axmaq deyil ki, bunu anlamasın. İsrail hətta Azərbaycanın düşməninə milliqram da olsun, kömək etməyəcək. Biz müttəfiqik, biz qardaşıq”, - deyə o bildirib.

Jurnalistin “Bəs İsrail hansı müasir silahları Azərbaycana təklif edəcək” sualına Sne Təl-Əvivin belə məsələləri müzakirəyə çıxaracaq qədər sadəlövh olmadığı cavabını verib: “Mən silahlardan yox, yalnız ikitərəfli əlaqələrdən danışa bilərəm. İkitərəfli münasibətləri yaxşı kimi dəyərləndirirəm, amma bu münasibətlər daha da yaxşılaşmalıdır. Biz gərək dostluğumuzu, əməkdaşlığımızı mədəniyyət və elm sahəsində də genişləndirək, yalnız müdafiə sferası ilə məhdudlaşmamalıyıq. Təkliflər çoxdur. Biz Azərbaycanla dostluğu qiymətləndiririk. O, bizə çox lazımdır”.

İsrailli keçmiş briqada generalı konkret söyləməsə də, iki ölkə arasında hərbi əməkdaşlığın yüksələn xətlə davam etdiyi məlumdur. Az öncə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə çoxgünlük səfəri, orada əldə olunan yeni anlaşmalar, ondan bir qədər qabaq isə İsrailin o vaxtkı müdafiə naziri Avidqor Libermanın çoxgünlük Bakı səfəri buna parlaq sübutdur...

Siyasət şöbəsi,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi