azia.az
azia.az

“5 milyard dollarlıq silah-sursat anbarlarda saxlanmaq üçün alınmır”

15-12-2016, 09:35

“5 milyard dollarlıq silah-sursat anbarlarda saxlanmaq üçün alınmır”
Prezidentin İsrail silahları ilə bağlı mesajının ilginc səbəbi

“Azərbaycan və İsrail müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir”. Azərbaycan prezidenti İlham Əliyev bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.

Prezident iki ölkə arasındakı əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün konkret rəqəmi də diqqətə çatdırıb. “İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır”, - deyə dövlət başçısı bildirib. Prezident əlavə edib ki, bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib: “Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.

Müşahidəçilər hesab edir ki, ölkə başçısı İsraillə hərbi əməkdaşlıqdan bəhs edərkən və konkret rəqəmləri açıqlayarkən həm də Azərbaycanın düşmənlərinə, onların havadarlarına mesaj vermiş olub. Qərb dövlətləri Azərbaycana silah satmaqdan imtina etdiyi halda, Ermənistanın hərbi müttəfiqi Rusiya bu boşluğu doldurmağa çalışır. Düzdür, Ermənistan bir çox hallarda özünün Kremldən aldığı pulsuz silahları unudaraq, Azərbaycanın böyük vəsaitlər hesabına şimal qonşusundan silah almasını qabartmağa çalışır. Ancaq Moskvada da yaxşı anlayırlar və etiraf edirlər ki, əgər Rusiya Azərbaycana silah satışını ermənilərin xətrinin xoş olması naminə dayandırsa, o halda silah bazarını İsrail tutacaq.

Digər tərəfdən, Rusiyanın Ermənistana hədiyyə etdiyi “İsgəndər”lər bölgəni təhdid edən gücə malikdir, bunu da kimsə diqqətdən qaçırmamalıdır. İsraildən aldığımız pilotsuz raketlər və digər silahların faydasını isə aprel döyüşlərində gördük. Bu mənada ermənilərin qorxulu yuxusuna çevrilən İsrail istehsallı silahların yeni növlərinin alışı Azərbaycana böyük vəsaitlərin xərclənməsi hesabına başa gəlsə də, döyüş meydanında əvəzsiz nəticə bəxş edəcək, bunu düşmən də anlayır. Bəzən “bu qədər silah-sursat alırıqsa, torpaqları niyə azad edə bilmirik” sualı da səslənir. Ancaq heç şübhəsiz ki, burada əsas məsələ düşməni himayə edən güc mərkəzi, şimal qonşumuz xatırlanmalıdır.

Elə politoloq Elxan Şahinoğlu da bu fikirdədir: “Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Azərbaycanın İsraildən 4 milyard 850 milyon dollar civarında silah və sursat aldığını bildirdi və ardınca dedi ki, bu hələ son deyil. Məncə, dövlət başçısı gizli olanı qəsdən açıqladı ki, Ermənistan və Rusiya real durumu anlasınlar. Bir ölkədən 5 milyard dollarlıq silah və sursat anbarlarda saxlanmaq üçün alınmır”. E.Şahinoğlu növbəti savaşın daha dəhşətli olacağına şübhə etmir. Bu mənada təsdiqləyir ki, ermənilərin narahatlığı səbəbsiz deyil: “Növbəti savaş texnologiyaların savaşı olacaq və bu texnologiyalar Azərbaycanda daha çoxdur. Ermənistanın narahatlığı bununla əlaqəlidir”.

Ekspert Netanyahunun Bakı səfərindən sonra Ermənistanın əldə etdiyi “İsgəndər” raket komplekslərinə qarşı Azərbaycanın İsraildən “Dəmir günbəz”lər alacağını mümkün sayır: “Məncə, bu məsələ reallaşacaq. Prezidentin rəqəm açıqlaması böyük ehtimalla bununla bağlı idi”.

Bu arada Ermənistan KİV-lərinin şivən qoparması da diqqət çəkir. Ermənilər ölkəmizin yeni silah-sursat əldə etməsindən təşvişə düşərək həyasızcasına iddia edirlər ki, Azərbaycan Qafqaz üçün də təhlükədir. E. Şahinoğlu bu iddiaları cəfəng hesab edir: “Azərbaycan işğalçı Ermənistan üçün təhlükədir, Azərbaycan Gürcüstanın, Dağıstanın, Çeçenistanın və digər Qafqaz xalqlarının ən yaxın dostudur. Bizdən çox Gürcüstana investisiya qoyan yoxdur. Bəs Ermənistanın Gürcüstana hansı xeyri dəyib? Yaxşı olar ki, bunun səbəbləri haqqında düşünsünlər”.

Bəs Azərbaycan-İsrail əməkdaşlığı, bu ölkənin hərbi cəbbəxanasından yararlanmasından sonra Rusiya silahının bizim üçün əhəmiyyəti azalacaqmı? Politoloq fərqli düşünür: “Azərbaycan torpaqlarını işğaldan azad etmək və təhlükəsiziyini təmin etmək üçün nə qədər silaha ehtiyacı varsa, o qədər də silah və hərbi texnika almalıdır. Rusiyanın da müasir silahları var və onlardan imtina etmək doğru olmazdı”.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi