azia.az
azia.az

Köhnə diktorlar efirə qayıdarsa...

4-05-2019, 08:43

Köhnə diktorlar efirə qayıdarsa...
Qulu Məhərrəmli: “Yaxşı televiziya tamaşaçının ardınca getməməlidir, ona müəyyən mənada bələdçi kimi yol göstərməlidir”
Diktorluq yenidən Azərbaycan efirində prestijini bərpa edə bilər. Belə ki, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov Dövlət Televiziyası və Radiosunda çalışmış yaşlı diktorları görüşə dəvət edib. Bu görüşdə iştirak edən tanınmış diktor Nailə İslamzadə bildirib ki, Rövşən Məmmədov illərlə nəinki efirə, AzTV-nin həyətinə girməyə belə həsrət qalan diktorlara birlikdə işləmək və təcrübələrindən faydalanmaq istədiyini bildirib. “Onun bizə verdiyi dəyər, əslində onun özünü ucaltdı” - deyə Nailə İslamzadə əlavə edib.

Qeyd edək ki, müstəqillik illərində diktorluq məktəbinin sıradan çıxması, onun yerini müasir və daha sərbəst aparıcı tipinin alması geniş izləyici kütləsi tərəfindən də müsbət qarşılandı. Tamaşaçılar yeni aparıcıların hər bir jestini, mimikasını, bədən dilini böyük maraqla izləyir, təhlil və müqayisə edirdilər. Lakin sonradan bəzi özəl telekanallarda aparıcıların efirdə bayağı hərəkətlərə yol verməsi, gərəksiz sərbəstlik nümayiş etdirməsi, yenidən köhnə diktorları arzulanan şəxslərə çevirdi. Bu mənada AzTV-nin yeni sədrinin diktorları yenidən efirə dəvət etməsi sosial şəbəkədə müsbət qarşılanıb. Arqument isə odur ki, tamaşaçı artıq efirdə normal imici olan aparıcı görmək istəyir. Bəs ekspertlər, tanınmış telejurnalistlər nə deyir?

Televiziya eksperti, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, televiziyada çox şeyi verilişin formatı, janrı xarakteri, mövzusu müəyyənləşdirir: “Burada cavanlıq, yaşlılıq əsas deyil. Əlbəttə müəyyən etik prinsipləri gözləmək lazımdır. Bizim üçün kamil və peşəkar aparıcı məsələsi önəmlidir. Vaxtilə Nizami Xudiyev də AZTV-yə gələndə aparıcıları tədricən sıradan çıxartdı, diktorları önə çəkdi. Diktorun da apardığı müəyyən veriliş var, o müəyyən mənada televiziyanı təmsil edir. Bu institut da müəyyən qədər işləyə bilər. Amma televiziya daha çox jurnalistikadır. Diktorların arasında da elələri var ki, bu gün də veriliş aparsa, ona baxmaq olar. Tamaşaçını inandıra bilən, ona təsir edə bilən, onu duyğulandıra bilən, ona informasiya verə bilən, inandıra bilən aparıcı lazımdır”.

Xarici təcrübəyə toxunan Q.Məhərrəmli vurğuladı ki, hazırda Amerika televiziyalarında nisbətən yaşlı aparıcılar önə çəkilir: “Onlar onu bununla əlaqələndirirlər ki, bu aparıcılara cəmiyyət daha çox inanır. O baxımdan əgər yaxşı veriliş layihələri hazırlaya bilsələr, ona uyğun dünənin və bu günün aparıcılarından istifadə etmək olar. Ümumilikdə isə, tarixən diktor avtoritar düşüncənin məhsuludur. AzTV-də 90-cı illərin əvvəllərindən başlayaraq da, diktorlar da veriliş aparmağa başladılar. Ancaq aparıcılarla zamanın bağlılığı azalanda, müəyyən bir daralma prosesi gedəndə o aparıcılar ekrandan uzaq düşürlər, onların efirdə yeri olmur. Ona görə də, hər şey zövqdən və yanaşmadan asılıdır. Birinci verilişin formatı, mövzusu, məqsədi, elementləri çox önəmlidir. Gənclər arasında da ağıllı, intellektual, peşəkar aparıcılar olur ki, onları izləmək də çox maraqlıdır”.

Media eksperti telekanallardakı bayağı verilişlərin cəmiyyətdən gələn tələb üzərində qurulduğunu qəbul etmədi: “Büdcədən maliyyələşən AzTV və İctimai Televiziya kimi kanallarda bayağı verilişlər olmur. Ancaq özəl telekanallar bizə hər gün o cür verilişlər təqdim edirlər. Ona görə də bu məsələdə çox şeyi tamaşaçının və auditoriyanın boynuna qoymaq olmaz. Yaxşı televiziya tamaşaçının ardınca getməməlidir, ona müəyyən mənada bələdçi kimi yol göstərməlidir”.

Tanınmış teleaparıcı Turan İbrahimov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, köhnə diktorların efirə qayıtması arzuolunandır: “Son vaxtlar AzTV-də aparılan islahatlar, Azərbaycan televiziyası üçün dəyər olan şəxslərin yenidən geri qaytarılması, müasirliyin də həmin bünövrənin üzərində inkişaf etdirmə tədbirləri alqışlanmalıdır. Bu, cəmiyyətin çoxdan gözlədiyi bir addım idi. AzTV təkcə bir kanaldan ibarət deyil, o bütün teleməkanı əhatə edən bir məktəbdir. O baxımdan köhnə və təcrübəli kadrların yenidən televiziyalara qaytarılması bu məktəbin bərpa olunması deməkdir. Mən bunu çox yüksək qiymətləndirirəm və alqışlayıram”.

Efirdə bəzi müasir aparıcıların etdiyi bayağılığın köhnə diktorları yenidən arzuolunan etməsinə gəlincə, T.İbrahimov bildirdi ki, AzTV-nin üslubunu, kadr bazasını, efirdəki yaradıcılıq yanaşmasını özəl kommersiya kanalları ilə müqayisə etmək düzgün deyil: “Cəmiyyətə də bunu başa salmaq lazımdır ki, əgər bayağılıq görməyi özlərinə rəva bilmirlərsə, o zaman ancaq AzTV və İctimai televiziyaya baxsınlar. Kommersiya telekanallarının təyinatı başqadır. Onlar sırf reytinqə, reklam gəlirlərinə yönəldikləri üçün bayağı aparıcıları bəyənməyən o kütlənin diqqətini çəkmək üçün bunu edirlər. Əgər tamaşaçı o şitliklərə, bayağılıqlara baxmasaydı, o reytinq cədvəlləri formalaşmazdı, reklam cədvəlində həmin verilişlər birinci yerdə gəlməzdi. O bayağılıqların efirə çıxmasının səbəbkarı həmin kanalların rəhbərliyi, yaradıcı və texniki heyəti yox, məhz cəmiyyətdir”.

Nərgiz LİFTİYEVA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi