azia.az
azia.az

Sual bəyəndirə bilmədikləri - mizdənsinizmi?

4-03-2019, 10:39

Sual bəyəndirə bilmədikləri - mizdənsinizmi?

"Azia.az" xəbər verir ki, Biz jurnalistlər dejavyu yaşayırıq hər dəfə. Hər dəfə olmasa da, tez-tez deyim, obyektivlik olsun. Uğrunda yazılar yazdığımız, köşələr həsr etdiyimiz, hüquq müdafiəçilərini, Penitensionar Xidmət rəsmilərini rəsmən zinhara gətirdiyimiz adamlar bir gün türmədən çıxır və deyir ki... Reaksiyalar müxtəlif cür olur.

İlk kateqoriya təşəkkür edənlərdir - hərçənd ki, vicdanlı jurnalistin sözlə də olsa, təşəkkürə ehtiyacı yoxdur. İşini görüb, sadəcə vicdanla görüb və buna görə öz karyerasına gözəl şriftlərlə əlavələr edib. İkincisi mediadan qaçanlardır. İçəridən çıxanda söz verib, öhdəlik götürüb və ya hər nəysə. Jurnalistlərə danışmamaq kimi bir strategiya seçib. Bunlarla da işimiz yox. Bəlkə də danışıb özünü batıracağına, danışmayıb nisbətən abırlı qalmaq istəmək daha məntiqlidir. Bir də üçüncü və biz qələm adamlarının gözünün düşməni olan kateqoriya var. Mən bu yazıda onlardan danışacam.

Çıxır və sanki dünyanı xilas etmişcəsinə, laubali tərzdə, yuxarıdan-aşağı baxarcasına...jurnalistlərə rişxənd edənlər. Təxminən “nə haber, lan, fakirlər?” ədasında. Sual verirsən, bəyənmir. Söz soruşursan, göz süzdürür. Bir oflama, bir puflama. Açıq-aydın hiss etdirir ki, siz onu qıcıqlandırırsız. Niyəsi, nə üçünü bilinmir. Qıcıq, əsəb, istehza - bunların toplusundan yaranan bir üz ifadəsi ilə dayanır qarşında. Həbsinə sən səbəb olmuşcasına, xoşgörü ilə dediyin hər şeyi sənə qapı kimi sərt formada qaytarır. Sanki içəridə jurnalistika kursundan məzun olub, təlim keçib, ya da “Guardian”ın ştatlı əməkdaşı olub.. Gah deyir, primitiv sual verirsiz, gah deyir, bu nə yanaşmadı. Dərdini anlamırsan, amma bilirsən ki, nəsə dərdi var.

Tablonu aydın görə bildiz? Təxmin etdiz kimdən danışdığımı? Aylardır aclıq aksiyasını, içəridən yazdığı məktubları, davasını, şəxsinə yönəldilən təxribatı, yeməyini-içməyini həssaslıqla izlədiyimiz bloger Mehman Hüseynovdan gedir söhbət. Gənc içəridən çıxan kimi ilk silləsini (öz aləmində) jurnalistlərə vurdu. Hətta hamının maraqlandığı “Səhhətiniz necədir?”, “Neçə gün aclıq keçirmisiz?” tipli sualları da iqnor etdi, aşağıladı. Sanki bu sualları vermək qəbahət imiş, iqtidar məmurları demiş, düşmən dəyirmanına su tökməkmiş, qərəzli imiş. Neçə illik jurnalist təcrübəmdən bilirəm ki, adına siyasi məhbus deyilən şəxslər azadlığa çıxan kimi onlara verilən suallar aşağı-yuxarı eyni cür olur: səhhəti, başına gələnlər, bundan sonrakı planları və sair. Ondan Kvant nəzəriyyəsini, Ziqmund Freyd psixoanalizinin incəliklərini, ya da kosmosdan yerə göndərilən sirli siqnalların pərdəarxasını soruşacaq deyilik ki. Zatən soruşsaq da, cavab verə bilməz. Ömründə bir normal jurnalist müsahibəsi almamış, bir gün jurnalistlik etməmiş adam peşəsi jurnalistika olanlarla yuxarıdan aşağı danışanda... mənzərə gülməli alınır. Amma Cem Yılmaz demiş, “son şakası güldürmədi”.

Tamam, anladıq ki, Mehman iki gün vaxt istəyir, yoxluğunda baş verənləri araşdırıb, izləyib geniş açıqlama verəcək, mətbuat konfransı keçirəcək. Burası ilə işimiz yox. Çünki aclıq aksiyasının müddətindən tutmuş, adından verilən bəyanatlara qədər xeyli məsələdə müəmma var. Şair demiş, çıxıb Ayı, Günəşi yerinə özü qoyacaq, qoymalıdır. Bəs bu heç kimə gücü çatmayıb, soyuq mart günündə qapıda saatlarla onu gözləyən jurnalistlərin günahı nə? Onlar nə ediblər Mehmana? İçəridə krossovord oynadığı Əli Abdalov kimi təxribatamı çəkiblər? Yoxsa adından yalançı bəyanatlar verib, qrant yeyib, görüşlərmi keçiriblər?

Yenə də deyirəm. Biz bu mənzərəni daha öncə də görmüşük, xəyal qırıqlığımızı yaşamışıq. Yaxşı yadımdadır, təxminən 4 il boyunca bir siyasi məhbus haqqında da aramsız yazdıq, müdafiə etdik. Çıxanda bir müsahibə zamanı verdiyim bir normal suala “deyəsən sizin başqa işiniz yoxdur” deyə cavab verdi. Bir başqası da hər Allahın günü redaksiyalara zəng edib, türmədə pozulan hüquqlarından danışırdı. İndi Avropadan bizi söyür. Yəni, Mehman nə birincidir, nə də sonuncu olacaq. Sadəcə, azadlığa çıxanda sizi ilk qarşılayan kəsimə bir qədər mədəni davranmağa çalışın. “Bu, jurnalistlərin işidir, ondan pul qazanırlar” məntiqi ilə yanaşmayın. Jurnalist pulu başqa yazıdan da qazana bilər. İçəridə sizə zülm edənlər kimi davranmayın. Bu ritorikanı biz onların ifasında eşitmişik. Bənzəməyin onlara, bənzəməyə çalışmayın! Xeyir tapmayacaqsız!

Aybəniz abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi