Badamdarda tualet tikintisinə ayrılan 9 min manat da mənimsənilir-ŞOK OLAY
Artıq xeyli müddətdir ki, Səbail rayonunun Batamdar bələdiyyəsində “bezpredel idarəçilik” hökm sürür və belə bir səbəb üzündən də, bu gün də adı çəkilən qurumda vəziyyət olduqca acınacaqlıdır. Bir anlığa fikir verək ki, sədr Həbib Əsədov vəziyyəti o həddə çatdırıb ki, bələdiyyədə çalışanlar təqribən üç-dörd aydır ki, əmək haqqı üzünə həsrət qalıblar. Sözsüz ki, vəziyyətin belə bir həddə çatmasının bir çox səbəbləri var və bu da acınacaqlı durumun “pik nöqtə”yə çatması ilə nəticələnib.
Onu da bildirək ki, Səbailin əvvəlki rəhbərliyi hansısa səbəblər üzündən Həbib Əsədovun əməllərinə göz yumurdusa, əldə etdiyimiz bəzi məlumatlara görə bugünkü rəhbərlik heç də ona güzəşt etmək fikirində deyil. Amma, bugünkü gündə bələdiyyə sədrinə və adı çəkilən qurumda vergi şöbəsinə rəhbərlik edən Ramiq Mustafaya qarşı ciddi tədbirlərin görülməməsi, ümumi vəziyyətin ağır duruma düşməsi ilə nəticələnməkdədir. O halda hər kəsdə müəyyən şübhələr baş qaldırır ki, görəsən hər iki vəzifə sahibinə qarşı təcili lazımi tədbirlərin görülməməsinə səbəb nədir?
Bir anlığa o məqama da diqqət yetirək ki, bu gün Badamdar bələdiyyəsində ailə-klan idarəçiliyi hökm sürür və sədr Həbib Əsədovla bərabər, Ramiq Mustafa da bələdiyyədə hər bir işi öz əlində cəmləşdirib. Onu da bildirək ki, Ramiq Mustafa bələdiyyədə müavin vəzifəsini daşıyan Qənirə Mustafayevanın qardaşıdır. Beləliklə, görülən bütün “qaranlıq işlər” hər iki vəzifə sahibininin və onlara yaxın şəxslərin təsir dairəsində olur. Elə ki, bu cür “başbilənlər”in uydurma, saxta əməllərinə boyun əyməyən, haqqı müdafiə edib həqiqəti danışan vəzifə sahibi belə bir məsələlərə etirazını bildirir, o halda həmin şəxs daşıdığı vəzifəsinə “əlvida” deməli olur. “Gundemxeber.az” saytına daxil olan səhih məlumatlara görə, hal-hazırda Həbib Əsədovun başı üstündə “qara kabus” dolaşmaqdadır. Belə bir səbəblər üzündən də o, vəziyyətinin heç də yaxşı olmayacağını dərk edib, teztələsik qəsəbənin 3-cü yaşayış massivindəki boş qalan torpaq sahələrini satmaqla məşğul olur. O, belə bir gedişlə həm özünü, həm də Ramiq Mustafanı icra başçısının “kəsən qılıncı”ndan xilas etmək istəyir. Atılan belə bir addımların varlığına baxmayaraq, o haqda da məlumatlar eşitmişik ki, cənab Vüqar Zeynalov hər cür əyintilərə, qanunsuzluq əməllərinə, mənimsəmə faktlarına və s. qarşı ciddi mübarizə tədbirləri aparmağı qarşısına məqsəd qoyub. Deməli, Batamdar bələdiyyəsində “fironluq edən” hər iki şəxsin əməlləri, yəqin ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində də araşdırılacaq.
Məsələnin düşündürücü tərəfi odur ki, bələdiyyə seçkili orqandır və adı çəkilən qurumun bir neçə şura üzvləri var. Yəni, şura üzvləri iclas keçirib hansısa məsələ ilə bağlı qərar qəbul etsə də, son sözü Ramiq Mustafa deyir və onun dediyi qayda da addımlar atılır. O halda sual oluna bilər ki, şura üzvlərinin keçirdikləri iclas, qəbul etdikləri qərarlar kimə və nəyə lazım olur? Bir neçə gün bundan öncə adı çəkilən qəsəbənin müəyyən ərazilərində olduq və bəzi sakinlərlə ayaqüstü olsa belə söhbətlər apardıq. Ümumi söz-söhbətlər zamanı əksəriyyətin qənaəti belə oldu ki, “Bu gün yaşadığımız qəsəbənin ərazisində, hətta Batamdar bələdiyyəsinin özündə belə ədalətli insanlar var. Əgər onlar bələdiyyədə sədr vəzifəsini, yaxud da digər əhəmiyyət kəsb edən vəzifələri daşıyarlarsa, o halda vəziyyət kökündən dəyişər və ciddi islahatlar da həyata keçirilər. Bugünkü rəhbərlik və ona dəstək verənlər isə, hal-hazırda çirkab içindədirlər” deməyi də unutmadılar. Əldə etdiyimiz bəzi məlumatlara görə, bu gün icra başçısı Batamdar bələdiyyəsində cərəyan edən hər bir hadisəni diqqətlə nəzərdə saxlayır və çox “qaranlıq məsələlər”in üstünü açmağa qərar verib. Məsələn, neçə illər bundan öncə bələdiyyələrə torpaq sahələrini açıq şəkildə satmaq qadağan olunsa da, bələdiyyənin “başbilənlər”i belə bir qərara məhəl qoymayıblar və istədikləri addımlarını da atıblar. Bu gün isə, deyəsən “sular durulmağa” başlayır. Yəni, cənab Vüqar Zeynalov son vaxtlar bələdiyyənin qeyri-qanuni yollarla satdığı torpaq sahələrinin müəyyənləşdirilməsi, hətta həmin sahələrin geri qaytarılması haqda da addımlar atacağı bildirilir. Yəqin ki, belə bir addımlar atılarsa, o halda Həbib Əsədovla bərabər onunla işbirliyində olmuş Ramiq Mustafanın və digər vəzifə sahiblərinin, torpaq sahələrini almış şəxslərlə “qanlı müharibə”si başlayacaq. O halda udanın da, uduzanın da kimliyi hər kəsə bəlli olacaq.
“Gundemxeber.az” saytına daxil olan ilginc məlumatlardan biri də, qəsəbə ərazisində sakinlər üçün nəzərdə tutulan, amma bu günə kimi də inşa olunmayan tualetin tikintisi ilə bağlı yaşanan problemin varlığıdır. Əldə etdiyimiz məlumatlara görə, bələdiyyənin büdcəsindən bu işi görmək üçün 9 (doqquz) min manat məbləğində pul vəsaiti ayrılsa da, təəssüflər olsun ki, nəzərdə tutulan tualetin inşaası həyata keçirilmir. Hətta belə bir mənimsəmə faktından xəbərdar olan yuxarı dairələr inşa olunmayan, amma mənimsənilən vəsaitlə bağlı məlumatlı olduqdan sonra çox qəzəblənirlər. İndi bir anlığa fikir verək ki, bu cür əməl və düşüncə sahibi olan bir kimsənin rəhbər olmağa haqqı çatırmı? Yoxsa, onu...
Mövzu diqqətimizdədir.
Gundemxeber.az