“Saxta malların satıldığı ünvanlar məlumdur...” – Ekspertdən SƏRT sözlər
Azərbaycanda insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən mallarla bağlı yeni tədbirlərin tətbiqi nəzərdə tutulur. Qanun layihəsinə əsasən, belə məhsulların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi mümkün olacaq. Bu tədbirlərin hansı hallarda və hansı qaydada həyata keçiriləcəyini isə səlahiyyətli qurum müəyyən edəcək.
Təhlükəli mal necə müəyyən ediləcək və bazardan hansı məhsullar yığışdırılmalıdır?

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bu, əgər yerinə yetirilsə, çox əhəmiyyətli bir qanunvericilik aktı olar. Buna bənzər bir çox qanunvericilik aktları var, lakin biz görürük ki, bazar əslində xaos içindədir. Uzun müddətdir saxta parfümeriya məhsullarının, saxta elektron cihazların gətirilməsinin şahidi oluruq.
Azərbaycan bazarı saxta ətirlərlə, daha doğrusu, bu cür mallarla kifayət qədər zəngindir. Eləcə də saxta dərmanlar və digər məhsullar var. Çox təəssüf ki, bu malların satış şəbəkəsi, harada satıldığı dövlət orqanlarına məlum olsa da – əsasən Sədərək bazarında satılır – qarşısı alınmır. Belə bir qanunvericilik aktı qəbul olunarsa, düşünürəm ki, onun istehlakçıların həyatına müsbət təsiri olar”.
Ekspert bu istiqamətdə müraciət edilən şikayətlərdən də danışıb: “Məsələn, bizə şikayətlər gəlir ki, istehlakçı soyuducu və ya paltaryuyan maşın alıb, cihazdan elektrik cərəyanı keçir və insanı tok vurur. Satıcı əlini cihaza vurur və deyir: “Yox, məni vurmur”. İstehlakçı isə deyir: “Məni vurur”. Xüsusi cihazla yoxlayırsan və görürsən ki, doğrudan da elektrik cərəyanı var.
Yəni, insan həyatı və sağlamlığı üçün təhlükəli olan mallar var. Təəssüf ki, Nazirlər Kabinetinin uzun illər mövcud olmuş 143 saylı qərarı ləğv olunub. Artıq 10 ildən çoxdur ki, həmin qərar qüvvədə deyil. Bu, təhlükəsizliyi təmin olunan malların siyahısını müəyyən edən qərar idi. Görünür, həmin istiqamətdə yenidən addım atılır və bu, çox əhəmiyyətli məsələdir. Yaxşı olardı ki, müəyyən malların siyahısı olsun. Eləcə də yuyucu vasitələr, kimyəvi məhsullar və digər bu kimi mallar həmin siyahıya daxil edilsin. Biz bu qərardan çox şey gözləyirik. Yenə çox təəssüflər olsun ki, bununla bağlı ictimai müzakirə keçirilmir. İstehlakçı təşkilatlarının, medianın iştirakı təmin olunsa, onların da fikirləri dinlənilsə, daha yaxşı olardı. Belə ictimai müzakirələr aparılmır”.
Afaq Mirayiq