azia.az
azia.az

Qarabağ səfəri Ermənistanda niyə bu qədər qıcıq yaratdı? – Deputatdan açıqlama

Bu gün, 11:02

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda verilən reaksiyalar sülh prosesi ilə bağlı ciddi suallar yaradır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat bildirib ki, belə səfərlər diplomatik praktikanın normal elementidir və Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir:

“Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Bu baxımdan, xarici diplomatların Azərbaycanın öz ərazisi daxilində sərbəst hərəkətinə qarşı aqressiv münasibət İrəvanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir”.

Azər Kərimlinin sözlərinə görə, diplomatik korpus nümayəndələrinin səfərdə iştirakı onların təmsil etdiyi dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü hüquqi reallıq kimi qəbul etdiyini göstərir.

Deputat Ermənistanda səfərlə bağlı yayılan neqativ informasiya kampaniyasına da toxunub. O qeyd edib ki, revanşist ritorikanın yalnız müxalif qüvvələrlə məhdudlaşmaması və hakimiyyətə yaxın media resurslarında da bu mövzunun geniş işıqlandırılması diqqət çəkir.

“Bu reaksiyanın təsadüfi ictimai narazılıqdan daha çox koordinasiya olunmuş siyasi xətt xarakteri daşıdığı qənaəti yaranır”, - deyə deputat vurğulayıb.

Azər Kərimli Ermənistan parlamentinin sədri Ruben Rubinyanın 14 sentyabr tarixli açıqlamasını da qeyd edib. Onun sözlərinə görə, 12-13 sentyabr 2022-ci il sərhəd toqquşmalarında həlak olan hərbçilərin parlamentdə bir dəqiqəlik sükutla yad olunması təşəbbüsü hadisələrin ümumi siyasi kontekstindən ayrı qiymətləndirilə bilməz.

Deputat hesab edir ki, həmin hadisələrin parlament səviyyəsində yenidən gündəmə gətirilməsi və kontekstin birtərəfli təqdim olunması revanşist əhval-ruhiyyənin gücləndirilməsinə xidmət edən addım təsiri bağışlayır.

“Bütün bunlar Ermənistanın elan etdiyi sülh niyyətlərinin səmimiliyi ilə bağlı sualları aktuallaşdırır. Hakimiyyətə yaxın dairələrin iştirakı ilə revanşist ritorikanın davam etdirilməsi sülh prosesinə mənfi təsir göstərən tendensiyadır”, - deyə o bildirib.

Azər Kərimli həmçinin Qərbi Azərbaycan adlandırılan ərazilərdə Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibət məsələsinə toxunub. O, azərbaycanlıların həmin ərazilərdə əsrlər boyu yaşadığını, məscidlər, qəbiristanlıqlar, yaşayış məntəqələri və digər maddi-mədəniyyət nümunələri yaratdığını bildirib.

Deputatın sözlərinə görə, mədəni sərvətlərin qəsdən məhv edilməsi, dini və tarixi abidələrin dağıdılması beynəlxalq hüququn prinsiplərinə ziddir.

“Bu məsələlər 1954-cü il Haaqa Konvensiyası və UNESCO çərçivəsində qəbul edilmiş mədəni irsin qorunmasına dair prinsiplər əsasında araşdırılmalı, zəruri hallarda beynəlxalq hüquqi qiymət almalıdır”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın suverenliyinə münasibətdə ziddiyyətli ritorika, tarixi faktların təhrif edilməsi və mədəni irsin qorunması ilə bağlı problemlər sülh prosesinin dayanıqlığı üçün risk yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi