Yumurtanın 1 qəpiyə düşməsinin səbəb AÇIQLANDI-DİQQƏT
Son günlər Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtaların 3, ağ yumurtaların isə 1 qəpiyə təklif olunması barədə məlıumatlar yayılıb.
Məlumata görə, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bəyan edib ki, qiymət ucuzlaşması bazarın tələbi ilə baş verib.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir:
“Ölkə bazarının tələbi 4-4,5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir”.
M.Həsənli onu da qeyd edib ki, son illərdə dövlətin də dəstəyi sayəsində tələbatdan artıq yumurta istehsalı var:
“Bu artıq istehsal neçə ildir davam edir. Nəticədə, yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur. Eyni zamanda xaricə ixraca nail olmuşuq. İndi də ixrac gedir, yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq. Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür. Son illərdə yumurta ilə bağlı bir neçə dəfə belə halın şahidi olmuşuq”.
*********************************************************************************
Azərbaycanda son günlər yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiyməti 1-4 qəpiyə qədər enib.
Aziua.az xəbər verir ki, Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli “qaynarinfo.az”a açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi bazarda yaranan yumurta bolluğu ilə bağlıdır.
Onun sözlərinə görə, hazırda həm sənaye, həm də kənd yumurtası istehsalında artım müşahidə olunur:
"Qış aylarında ölkədə gündəlik 5 milyondan bir qədər çox yumurta istehsal edilirdisə, hazırda bu göstərici 6 milyonu keçib. Bazarda ciddi rəqabət yaranıb. Təklif artdıqca istehsalçılar məhsullarını satmağa çalışır və nəticədə qiymətlər aşağı düşür".
Mürvət Həsənli qeyd edib ki, yumurtanın maya dəyəri fabrikdən-fabrikə dəyişərək təxminən 10-12 qəpik arasında formalaşır.
Sədrin sözlərinə görə, mövcud vəziyyətin uzun müddət davam etməsi gözlənilmir:
"Yaxın bir həftə ərzində bazarda müəyyən tarazlıq yaranacaq. Çünki artıq bütün fabriklər ixraca başlayıb. Hazırda ixrac olunan yumurtanın satış qiyməti 14-16 qəpik arasında dəyişir".
Mürvət Həsənli hesab edir ki, ixrac həcmi artdıqca daxili bazarda da qiymətlər əvvəlki səviyyəsinə yaxınlaşacaq:
"Yay aylarında yumurtanın qiyməti əsasən maya dəyəri ətrafında olacaq. Qış mövsümündə isə əhalinin istirahətdən qayıtması və istehlakın artması qiymətlərə təsir göstərəcək. Hazırda yumurtaya tələbat azalıb. Şəhər sakinlərinin bir hissəsi istirahətə yollandığından gündəlik satış həcmi də aşağı düşüb. Əvvəllər bazarda gündəlik təxminən 5 milyon yumurta satılırdısa, indi bu rəqəm 4 milyonun bir qədər üzərindədir".
Qeyd edək ki, son günlərədək pərakəndə satış şəbəkələrində bir ədəd yumurta 9-17 qəpik arasında təklif olunurdu.
Hazırda isə bəzi marketlərdə qiymətlər 3-4 qəpiyə qədər enib, hətta ayrı-ayrı satış nöqtələrində yumurta 1 qəpiyə təklif olunur.