azia.az
azia.az

Paşinyanla “Qarabağ klanı” arasında uçurum dərinləşdi

28-06-2019, 10:13

Paşinyanla “Qarabağ klanı” arasında uçurum dərinləşdi
Ermənistanın baş nazirini xəyanətdə ittiham edən Robert Köçəryanın yenə həbs edilməsi işğalçı ölkə ilə Qarabağ erməniləri arasındakı açıq toqquşmanı zərurətə çevirib; Azərbaycan üçün yeni fürsət...
Ermənistan hakimiyyəti ilə “Qarabağ klanı” arasındakı ziddiyyətlərin kəskin xarakter aldığı və münasibətləri bərpa etməyin mümkünsüzlüyü bir daha yəqinləşdi. Həftənin əvvəlində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın yenidən həbs edilməsi bunun bariz nümunəsidir.

Xatırladaq ki, Nikol Paşinyanın hakimiyyətdə olduğu 13 ay ərzində “Qarabağ klanı”nın əsas lideri olan Köçəryan sayca üçüncü dəfədir həbs edilir. Bundan əvvəl eks-prezident Qarabağın keçmiş və indiki separatçı rəhbərlərinin məhkəmədə iştirakı və girov təqdim etməsindən sonra, mayın 18-də azadlığını qazanmışdı. Ancaq o vaxt Ermənistan Baş Prokurorluğu bu qərara etiraz etmişdi. Bu etirazın arxasında baş nazirin iradəsinin dayandığı şübhə doğurmurdu. Məhz bundan sonra N.Paşinyan məhkəmə sistemindəki Sərkisyan-Köçəryan kadrlarına qarşı mübarizəyə başladı və şübhə yox idi ki, proseslər eks-prezidentin həbsxanaya qaytarılması ilə nəticələnəcək. N.Paşinyan şübhə etmir ki, ona ən ciddi təhlükə ölkəni illərlə çapıb-talamış “Qarabağ klanı”nın iki liderindən, onların məhkəmə-hüquq, ordu və polis sistemindəki əlaltılarından gələ bilər. Odur ki, hökumət başçısı israrla rəqiblərinin kadrlarını təmizləmək işinə girişib. Hətta bir müddət öncə məhz onun tələbi nəticəsində Qarabağdakı qondarma rejimin başçısı ən azı özünü xilas etmək naminə, Paşinyanın “üzünə ağ olmuş” bəzi separatçıları “vəzifə”sindən uzaqlaşdırdı.

Lakin N.Paşinyan 2020-ci ildə Dağlıq Qarabağ separatçılarının başına özünə sadiq adamı “prezident” gətirmək planı üzərində işlədiyindən klanın liderlərini “ofsayt”da saxlamaqda israrlıdır. Faktiki olaraq S.Sərkisyanın “zəhərli dişini” çıxaran Paşinyan Köçəryanın səsini kəsə bilmədiyindən, görünür, onu həbsxanada çürütməyə qərar verib.

İstisna deyil ki, Paşinyan Rusiyadan gözlədiyini ala bilmədiyi üçün “Putinin dostu”nu yenidən “içəri” atdırıb. Rusiyanın baş naziri Dmitri Medvedyevin İrəvan səfəri, N.Paşinyanın onu öz evində qonaq saxlaması belə, İrəvanın işinə yaramadı. Rusiya Ermənistana satılan qazın qiymətini nəinki aşağı salmadı, hətta Paşinyanı gülünc vəziyyətə salan səhnələrin ssenarisini nümayiş etdirdi. Hətta Rusiyanın hüquq-mühafizə orqanlarının rəhbərliyi qatil ermənilərin ardınca İrəvana getməklə Paşinyan hökumətini rəzil etdi. Rəsmi məlumata görə, Moskva vilayətinin Krasnioqorsk Şəhər Məhkəməsi Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlısı Nikita Belyankinin qətlinə görə sayca 8-ci erməni Hamlet Ayrapetyanı 2 aylıq həbsə göndərib. Onu bir qrup şəxslə birgə xuliqanlıq əməlində ittiham edirlər. Buna qədər məhkəmə 24 yaşlı xüsusi təyinatlının qətlinə görə Sergey Xocoyan, Rudik Manukyan, Artur Akopyan, David Yeqiazaryan, Suren Markosyan, Narek Stepanyan və Saak Saakyanı həbs edib. Paşinyanın Moskvaya dikilən nəzərlərinin qarşılığında Rusiyadan hansısa dividentin əldə olunması mümkün olmayıb. Güman ki, Paşinyan növbəti dəfə Köçəryan “silahı” ilə hərəkətə keçməyə qərar verib. Ancaq çətin ki, bununla Putinin ürəyinə yol tapa bilsin.

Ancaq Köçəryanın həbsində həm də onun özünün radikal mövqeyi öz sözünü deyib, bu, şübhə doğurmur. Həbsindən iki gün əvvəl Ermənistanın sabiq prezidenti Paşinyan hökumətini sərt tənqid edərək, indiki hakimiyyəti Qarabağla bağlı təhlükəli siyasət aparmaqda günahlandırmışdı. Köçəryan İrəvanın “Beşinci Kanalı”na müsahibəsində demişdi ki, Paşinyan qondarma “DQR”-in işlərinə çox qarışmaqla danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir və qondarma rejimin statusunu aşağı salır. “Mən Ermənistan prezidenti olandan sonra heç vaxt Qarabağın işlərinə qarışmamışam, bunu Serj Sərkisyan da etmirdi”, Köçəryan bildirmişdi. Köçəryan daha irəli gedərək demişdi ki, Qarabağ indiki hakimiyyət üçün dəyər deyil. Sitat: “İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər yox. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub. Şüuraltı olaraq, hakimiyyət düşünür ki, canını bu ağır yükdən necə qurtarsın”.

Məhz bundan sonra Köçəryanın dəmir barmaqlıqlar arxasına qaytarılması təsadüf sayıla bilməz. N.Paşinyan “Qarabağ klanı”nın başçısının ermənilər üçün həssas bir məsələyə toxunaraq revanşa cəhd etməsindən əndişələnib sözsüz ki.

Bundan əvvəl Bako Saakyan bildirmişi ki, “ermənilərin birliyinə” mane olmaq yolverilməzdir və belələri varsa, cəzalandırılacaqlar. Saakyan bunu Nikol Paşinyanın ittihamlarına cavabında söyləmişdi. Ermənistanın baş naziri Dağlıq Qarabağdan olan siyasətçiləri ikili oyun oynamaqda ittiham etmişdi. O, həmçinin bildirmişdi ki, “DQR” rəhbərliyinin əvvəllər Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişindən xəbəri olmayıb. Saakyan isə deyib ki, “DQR” rəhbərliyinin əvvəllər də Qarabağ probleminin tənzimlənməsi üzrə danışıqların gedişindən xəbərləri olub. Bunun ardınca Köçəryanın hücuma keçməsi Paşinyan üçün xoşagəlməz perspektivlər vəd edirdi və o, bunu duyduğu üçün sərt qərara əl atdı.

N.Paşinyan bundan qabaq “Dağlıq Qarabağ hökuməti”nə sanksiyaların tətbiqinə dair addım da atmışdı. Belə ki, o, Dağlıq Qarabağ separatçılarının maliyyə köməkliyi barədə xahişini rədd edib. İrəvan “Dağlıq Qarabağ Respublikası”nın “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyanın istefaya göndərilməsini tələb etmişdi. Ancaq tələb icra olunsa da, sanksiya qərarı qüvvədən düşmədi. İrəvan artıq iki aydır ki Dağlıq Qarabağ separatçılarının maliyyə köməkliyi barədə xahişini rədd edir. Heç şübhəsiz ki, konfrantasiya davam edəcək. Ancaq bu vəziyyətin Azərbaycan üçün nələr vəd etdiyini konkret olaraq söyləmək çətindir.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Ermənistanda “İrəvan klanı” ilə “Qarabağ klanı” arasında davam edən siyasi-hüquqi qarşıdurmanın bu ölkədə daxili siyasi böhrana gətirəcəyi, ölkədə qütbləşməyə yol açacağı gözlənilir: “Nikol Paşinyanın əsas hədəfi öz hakimiyyətinə təhlükə olan Qarabağ klanının əsas başçısı Robert Köçəryanı aradan qaldırmaqdır. Çünki Köçəryan Rusiyanın bu ölkədə əsas emissarı olaraq növbəti dəfə hakimiyyəti götürə bilər. Məhz onun Ermənistanda xüsusi missiyası bundan ibarətdir. Paşinyanın Köçəryanı 1 mart hadisələrində günahkar bilib, həbs etdirməsi birbaşa Rusiyanın bu ölkənin daxili işlərinə, xüsusilə hakimiyyətinə mane olmasının qarşısını almaqdır. Həmçinin Köçəryan geosiyasi olaraq Kremlin adamıdır və burada Qərbin layihəsi olan Paşinyan üçün əsas maneədir. Putinin şəxsi dostu olduğu üçün Paşinyan Köçəryana qarşı hücuma keçib. Bilir ki, Putinin özünə qarşı münasibəti mənfidir və onun siyasi hakimiyyətinə mane olmağa çalışacaq. Belə bir fiqur da Köçəryandır”. M.Əsədullazadə eyni zamanda qeyd etdi ki, N.Paşinyan Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı”nı Ermənistan siyasi sistemindən uzaqlaşdırmağı hədəfləyib: “”Qarabağ klanı" və ordu içində Köçəryanın siyasi nüfuzu kifayət qədər yüksəkdir və bu, Paşinyanın Qarabağdakı qondarma rejim içərisində, həmçinin Ermənistandakı strukturlarda islahatlar aparmasına mane olur. Putinin Köçəryana məktubları da bu prosesə əngəldir. Sanki Paşinyan Putinə qarşı dirənir. Paşinyan bu plandan xəbərdar olduğu üçün geri addım atmır. Əgər Köçəryana tam siyasi azadlıq verərsə, Paşinyana qarşı ciddi siyasi dirəniş başlanacaq. Hesab edirəm ki, onun yenidən həbs qərarı Köçəryanın tədricinə və siyasi proseslərdən uzaqlaşdırılmasına hesablanmaqla yanaşı, “Qarabağ klanı”nın nüfuzuna zərbə endirmiş olur". Ekspert hesab edir ki, Azərbaycan Ermənistan daxilindəki bu iki klan arasındakı qarşıdurmadan istifadə etməlidir: “İlk növbədə bunu cəbhə xəttində həyata keçirmək lazımdır. Qarabağdakı ordu birləşmələri iki yerə bölünüb: ”Qarabağ klanı"na tabe olanlar və Paşinyana tabe olanlar. Daxildə belədir. Ordumuz ciddi təzyiq etməklə, iki klan düşmənlik səviyyəsinə gətirə və iki qrup halında silahlı mübarizəyə nail ola bilər. O halda iki tərəf cəbhədə gərginliyə görə bir-birini günahlandıracaq. Bundan əlavə, Ermənistan cəmiyyətində yekdil qərar olmayacaq. Qarabağla bağlı tərəflər fərqli mövqeyə malik olacaqlar. Bu da Azərbaycanın maraqlarına cavab verir".
Bu arada daşnaklar Xankəndində iclas keçirib nəticələrini Rusiya səfiri ilə müzakirə ediblər. Yayılan məlumatda deyilir ki, “Ermənistan-”Artsax" strateji ittifaqı" forumu mayın əvvəlində Xankəndində özünün iclasını keçirib. Təşkilat komitəsinin üzvləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfiri kimi Kopırkinə may iclasının nəticələrini təqdim ediblər. Mənbəyə əsasən, forumun təşkilatçılarından Armen Rustamyan, David Şahnazaryan və Geqam Nazaryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüblər. Bunu Rustamyanın sədri olduğu “Daşnaksütyun” Partiyasının rəsmi saytı bildirib. (Virtualaz.org) Bildirildiyinə görə, forumun məqsədi Ermənistanla işğalçı rejim arasında strateji müqavilənin imzalanmasıdır. Səfirlə görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlardakı cari vəziyyət müzakirə edilib. Bu, həm də ondan xəbər verir ki, daşnakların da himayə etdiyi “Qarabağ klanı”nın arxasında həm də Rusiya amili dayanır.

Ümumiləşdirsək, Nikol Paşinyanı Qarabağ yükündən xilas olmaq cəhdində, faktiki olaraq xəyanətdə ittiham edən Robert Köçəryanın həbs edilməsi işğalçı ölkə ilə separatçılar arasındakı açıq toqquşmanı zərurətə çevirib. Bu vəziyyət isə Azərbaycan üçün yeni fürsət yaradır. Hər halda, yığılan daşları qaytarmaq zamanıdır. Ermənistan məhz Azərbaycandakı qarışıqlıqdan istifadə edərək torpaqlarımızı bir-birinin ardınca zəbt etmişdi...

Elşad PAŞASOY


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi