azia.az
azia.az

İstiqlal məfkurəsi

9-05-2019, 08:07

İstiqlal məfkurəsi Axundzadənin əsərlərini gözdən keçirə bilmədim. Həyatı və əsərlərindən bəhs edən şəxslər, Mirzənin komediyalarını Azərbaycanda danışılan dil ilə yazdığını bildirirlər. Elə bir dil ki, xalq və yüksək təbəqə, kəndli və şəhərli hər kəs anlarmış, süsdən uzaq, saf və həqiqi Azəri ləhcəsindən Mirzə əsərlərində ustalıqla istifadə etmiş imiş. Bu vəziyyətdə Axundzadə Mirzə Fətəli dildə feilən türkçülük etmiş olur. Fəqət Mirzənin türk milliyyətçiliyi ilə bağlı düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi məlumatlar yoxdur. Axundzadənin tarix, fəlsəfə və siyasi elmlərlə məşğul olduğu və fəlsəfə barəsində “Həqqül-yəqin” adlı basılmış bir əsəri olduğu bilinməkdədir, fəqət bu əsərdə Mirzənin nə kimi görüşlər irəli sürmüş olduğuna dair də qaynaqlarımda bir şey tapa bilmədim.

Axundzadə haqqında mövcud məlumatlara görə, onu Göyalp Ziya bəyin “Türkçülüyün əsasları” adlı kitabında iddia etdiyi kimi, Qaspıralı İsmayıl dərəcəsində böyük bir türkçü saymaq doğru olmasa gərəkdir.*[1]Zatən Ziya bəy mərhum, Mirzə Fətəli haqqındakı görüşlərini yetərli incələməyə gərək görmədən yazmışdır: 1878-ci ildə, yəni Əbdülhəmidin taxta çıxmasından bir az sonra ölmüş olduğu halda, Ziya bəy onu Əbdülhəmid zamanında yetişənlərdən Qaspıralının çağdaşlarından*[2] biri kimi göstərir: ”Türkiyədə Əbdülhəmid bu qüdsi axımı durdurmaya çalışarkən, Rusiyada iki böyük türkçü yetişirdi. Bunlardan birincisi Mirzə Fətəli Axundovdur ki, azəri türkcəsi ilə yazdığı orijinal komediyalar bütün Avropa dillərinə çevrilmişdir”.*[3] Mirzənin komediyaları bütün Avropa dillərinə çevrilməmişdir, Axundzadə öz xatirələrində deyir ki: “Əsərlərimin yeddisi də ruscaya çevrildi, Peterburq və Berlin qəzetlərində onlara aid məqalələr yazıldı.”*[4] Komediyalarının hamısının farscaya çevrilməsi dəqiq isə də, hansılarının tamam və ya qismən fransızca, ingiliscə və almancaya çevrildiyi hələ araşdırmaya möhtacdır.*[5]

Mirzə Fətəlinin türk fikir və ədəbiyyat həyatında ən böyük önəmi türkcə ilk teatro yazan bir yazar olmasıdır -sanıram. Mənim toplaya bildiyim məlumata görə, Batı türkləri arasında teatra aid ilk əsər Ziya Paşanın Molyerdən çevirdiyi “Tartüf”dür ki, Əbüzziya Tofiq bəyin şahidliyinə görə, 1875-ci illərdə tərcümə edilsə də, Ziya Paşanın ölümünə qədər, basılmaq bir yana qalsın, kimsənin əlinə belə keçməmişdir.*[6] Batı türkcəsində ilk orijinal teatr (dram) əsəri Namiq Kamalın “Vətən, yaxud Silistre” adlı dramıdır. 1872-ci ildə yazılmış, nəşr olunmuş və oynanmışdır. Halbuki Mirzə Fətəli yuxarıda söylədiyimiz kimi, komediyalarını 1850-1855-ci il tarixlərində yazmış və 1859-cu ildə nəşr etdirmişdir. Mirzənin Molyerdən və rus komediya yazarlarından, məsələn, çox sevərək oxuduğu Qoqoldan təsirlənmiş olduğunu ehtimal etmək olar. Batı türklərində Molyerdən adapte edərək komediyalar yazan Əhməd Vefiq Paşanın əsərləri Namiq Kamalın “Vətən” pyesindən sonra meydana çıxır. Qısası, Axundzadə Mirzə Fətəli türk həyatından alınmış və sadə Azəri türkcəsi ilə yazılmış ilk türk teatrosunu meydana gətirmiş olmaq şərəfinə sahibdir; və bu yöndən ədəbi türkçülüyə xidməti önəmlidir.

BATI TÜRKLƏRİNDƏ TÜRKÇÜLÜYÜN İKİNCİ DÖVRÜ

1865-70-ci illərdən, yəni Krım savaşı ilə ruslar tərəfindən Türküstanın işğalı arasında keçən ilk dövrdən sonra, Batı türkləri arasında türk milliyyətçiliyi fikrinin ikinci fəal dövrünü, 1877-ci il Türk-rus səfərindən öncə və onu izləyən 1876-1880-ci illər arasında görürük. Bu dövrün ən məşhur türkçüləri Süleyman Paşa ilə Özbəklər şeyxi Süleyman Əfəndi və Rumelili Əhməd Midhəd Əfəndi ilə Əhməd Cövdət Paşadır. Və bu dövr türkçülüyünün dil, tarix, təhsil və siyasət cəbhələri vardır.

Türkçülüyü belə dövrlərə ayırmaqla bərabər, dövrlər arasında fikri bir ara olduğunu qəbul etmək doğru olmaz. Ancaq fikrin bəlirtiləri zəifləmişdir, çünki Əli Paşanın ölümündən (1871) sonra, Sultan Əbdüləzizin təzyiqi şiddətlənmiş və sədrəzəmlik məqamını işğal edən Mahmud Nədim Paşa və ardıcılları padşahın özbaşına, kobud durum və davranışlarına qarşı qoymaq istəməmiş, və ya qoya bilməmiş olduqlarından, Tənzimat dövrünün nisbi hürriyyətçiliyi çok əskilmişdir. 1871-ci ildən etibarən bütün fikri hərəkətlər kimi, türk milliyyətçiliyi hərəkatı da zəifləmişdir.

1876-cı ilə doğru Osmanlı ölkəsinin xristian əhalisinin çoxluq təşkil etdiyi bəzi Rumeli vilayətlərində Avropa dövlətlərinin, xüsusilə Rusiya imperatorluğunun təsir və təşviqi ilə ihtilalların, üsyanların artması, genişlənməsi, sultan və vəzirlərin, səlahiyyət və etibarlarını ciddi surətdə qırmış olduğundan, xalqın səsi eşidilməyə başladı; hər cür düşüncənin daha sərbəst söylənməsinə imkan yarandı. O zaman Əbdüləzizin taxtdan endirilməsi, V Murad xanın ağlını itirməsi, II Əbdülhəmidin məşrutə elan etməyə söz verərək taxta çıxması kimi iç və Bosniya-Hersoqovina, Serbistan, Bolqarıstan üsyanları ilə onların ardınca gələn Rus-Türk hərbi (1877) kimi xarici hadisələr təzyiq və şiddətlə dayanan bir hökumət idarəsinin qurulmasını imkansız etdiyindən, Əbdülhəmid taxta yaxşıca yerləşib, arzu və keyfinə görə hərəkət edə biləcək bir səlahiyyət və iqtidar qazanıncaya qədər, düşüncə hürriyyəti və fəaliyyəti o qədər məhdudlaşıb təzyiq altına alına bilmədi. Məhz türkçülük fikrinin ikinci fəal dövrü də bu zamana təsadüf edir.

Süleyman Paşa

Əbdüləzizin taxtdan endirilməsi zamanı hərbi məktəblər naziri olan Süleyman Paşa, bu dövrdə türk milliyyətçiliyi fikrinə xidmət etmiş önəmli adamlardandır. Süleyman Paşanın birinci dövrdəki fəaliyyətinə dair məlumat əldə edə bilmədim. Paşa 1838-ci ildə doğulmuş olduğuna görə, ilk dövrdə özünü hələ göstərməmiş olması ehtimal edilə bilər.

Süleyman Paşanın türkçülüyü, ümumiyyətlə təhsil və təlim sahəsində önəmli xidmətləri “Cəmiyyəti-tədrisiyyeyi-islamiyyə” üzvlüyündə, xüsusən әsgәri məktəblər nazirliyində görülmüşdür. Əbdüləziz dövründə әsgәri məktəblər naziri, yalnız hərbi məktəblərə deyil, bunlara tələbə yetişdirən әsgәri litseylərə də, әsgәri rüşdiyyələrə də (orta məktəb) baxardı. Süleyman Paşanın nazirliyi zamanında, әsgәri məktəblər nazirliyi, Mülkiyyə məktəbləri nazirliyi demək olan maarif nazirliyi dərəcəsində əhəmiyyətə malikdi.

Süleyman Paşa hərbi məktəblər üçün bir neçə kitab yazmışdır: “Məbani-ül İnşa”, (iki cild) “Kəbir İlmihal”, “Sağır İlmihal”, “Sərfi-türki” və ”Tarixi-aləm”. “Sağır ilmihal”ını mən hələ rüşdiyyədə ikən dərs kimi oxumuş və əzbərləmişdim. Bu kiçik “İlmihal” (Şəriət dərsliyi -A. K.) çox açıq və sadə bir türkcə ilə yazılmışdır. Bu kitabçada ərəbcə, əcəmcə kəlimə və ifadələrdən çəkinilmişdir. Məsələn, “Allahü-təala”nı tərif edərkən: “birdir, onun heç ortağı, yardımçısı və bənzəri yoxdur, dünyada gördüyümüz və bildiyimiz şeylərdən heç bir şey ona bənzəməz... Anadan, babadan, oğuldan, qızdan, qarıdan, yuxudan, yatmaqdan, yeməkdən, içmədən, gülmədən, ağlamadan, sevinmədən, təəssüfdən uzaqdır...” deyir. “Məbani-ül inşa”sı ilə “Sərfi-türki”sini axtarıb tapa bilmədim. “Tarixi-aləm”i isə gözümün önündə durur. Haqqında danışdığımız məsələyə dair ən önəmli əsəri də budur. Süleyman Paşa, Əbdüləzizin son zamanlarında sərәsgәr Hüseyn Avni Paşa tərəfindən әsgәri məktəblərə xas bir ümumi tarix hazırlanmasına məmur edilmişdir. Bu məmuriyyətini yerinə yetirmək üçündür ki, adı keçən “Tarixi-aləm”i yazmağa başlamışdır. Planı geniş tutulan bu əsərin “İlk çağ” bölümü tamamlanıb tələbələrə paylanmış və oxudulmuşsa da, “Orta çağ” və “Yeni çağ” bölümünü yazmağa vaxt tapmadan, Süleyman Paşa ölmüşdür. “Tarixi-aləm”in “İlk çağ” qismi 1876-cı ildə, yəni V Murad zamanında basılmış və yayınlanmışdır. “Tarixi-aləm” II Əbdülhəmid dövründə yasaq kitablardan sayıldığı üçün, mövcud nüsxələri hərbiyyə məktəbi mətbəəsi kitab anbarına atılmış və uzun müddət orada yatıb qalmışdır.

II Məşrutiyyət dövründə hərbiyyə məktəbi naziri olan Tofiq Paşa ki, Süleyman Paşa mərhumun sadiq tələbələrindən və dərin hörmətkarlarından idi və sonra әsgәri edadilərdə oxunan “Tarixi-Osmani”sini də ustadından aldığı türkçülük ruhunu büsbütün itirməyərək yaza bilmişdir. “Tarixi-aləm”i çürüməyə məhkum olaraq buraxıldığı guşədən çıxararaq, yırtılıb-çürümüş bəzi səhifələrini qaydaya salaraq 1911-ci il tarixində basdırmış və nəşr etdirmişdir.

Bu ikinci nəşr “Tarixe-aləm”in başında yazarın yararlandığı Batı və Doğu qaynaqları göstərilmişdir. Qaynaqlar içində De Guiqnesin “Hunlar tarixi” və Raymondun “Tatar tarixi” ilə Əbülqazinin “Şəcəreyi-türki”si də vardır. Süleyman Paşaya qədər De Guines və Raymonddan yararlanaraq türkcə yazılmış bir tarix kitabının varlığını bilmirik, ancaq Mustafa Cəlaləddin Paşa fransızca əsərini yazarkən, De Guinesə müraciət etmişdir.

Süleyman Paşa “Tarixe-aləm”in ön sözündə kitabının yazılma səbəblərini anladarkən belə deyir: “Әsgәri məktəblərdə oxudulmaqda olan dünya tarixi xarici dillərdən eynən tərcümə olunduğu üçün islam əqidələrinə və milli əxlaqa qarşı olması ilə bərabər, əski çağ qisminin də ancaq bir neçə qismi çevrilmiş olduğu üçün, indiyə qədər məqsədə nail olunmamışdır... Və inanılan xüsuslara və islami qaydalara, milli münasibətlərə, Doğunun önəmli hadisələrinə uyğun olmaq üzrə... tərtibinə cəsarət etdiyim bu kitab...”*[7]

“Tarixe-aləm”in mündəricatı nəzərdən keçirilincə, dərhal gözə çarpan nöqtə o günə qədərki ənənənin əksinə, türk tarixinin “İlk çağ” qisminə çox səhifə ayrılmış olmasıdır: həqiqətən “Fəsli-sabi” (yeddinci fəsil): “Tavaifi türk” 144 səhifəni işğal etməkdədir ki, bütün “İlk çağ” tarixinə ayrılan səhifələrin 5/7-dən daha artıqdır. Halbuki “Tarixi-aləm”dən sonra basılıb Osmanlı məktəblərində oxudulmuş olan “Dünya tarixi” kitablarında Avropa məktəblərində oxudulan tarix kitabları təqlid edilərək türklüyün əski dövrünə bütün kitabın təxmini 1/20-inin ayrılması adət olmuşdur. Süleyman Paşa bu önəmli əsərində türklüyün keçmişindən sevgi və sayğı ilə bəhs edər; əsərdə yad və düşmən millətlərin türklərə yönəltdikləri gerçəklikləri şübhəli, şiddət və qabalıq iftiralarının tərcümə olunmasına gərək görülməmişdir, yazar çox uzaq keçmişdən bəri, bütün Asiyaya yayılıb hökm etmiş olan böyük bir türk irqinin varlığını, öyünüləcək qəhrəmanlıqlarını, türk gənclərinə öyrətmək və duyurmaq istəmişdir. “ Tarixe-aləm”in bu özəlliklərinə görədir ki, mərhum Müşir Süleyman Hüsnü Paşaya, 1877-ci il savaşında Osmanlı türk ordusuna bir müddət baş komandanlıq etmiş olan bu “Şipka qəhrəmanı”na türkçülük tarixində önəmli bir yer ayırmaqdayıq.

Yazdığı dərs kitablarında (“İlmihal” və “Tarixe-aləm”) dil və təhsil sahəsində türkçülük göstərmiş olan Süleyman Paşanın digər çalışmalarında da türkçülük fikrinin təsirinin görünməsi gərəkdir, ancaq bu gün əlimizdə başqa qaynaq olmadığı üçün, bu barədə fikir yürütmək səlahiyyətinə sahib deyilik. Göyalp Ziya bəy, “Türkçülüyün əsasları” kitabında*[8] Әsgәri rüşdiyyələrdə oxudulmuş olan “Əsmayi-Türkiyə” kitabını Süleyman Paşanın əsəri olaraq qeyd edir, halbuki əlimdə mövcud “Əsmayi-Türkiyə” üstündə “Rıza bəyin əsəridir”, deyə nəşr edilmişdir. Ziya bəy, Süleyman Paşanın üç dildən yaranan bir dil ola bilməyəcəyini anlayaraq, bu qənaətini “Təlime-ədəbiyyati Osmaniyyə” adı ilə bir kitab yazan Rəcaizadə Əkrəm bəyə yazdığı “Bir məktub”da açıqca ortaya qoyduğundan da bəhs edir. Belə bir məktub nəşr olunmuş “Təlime-ədəbiyyati-Osmaniyə”yə əlavə olunmuş təqdim yazıları arasında mövcud deyildir.*[9]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi