azia.az
azia.az

"Bu işimdən mərkəzin baş həkiminin də xəbəri olub" - müttəhim ələ keçirilən 1 milyonluq qanpulundan danışdı

Dünən, 15:02

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prosesdə hakim vəkillərə gecikmələrinə görə xəbərdarlıq edib.

Bundan sonra Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən göndərilən məktubu elan edib. Məktub Aynur Bayramovanın xəstəliyi ilə bağlı olub.
Onun vəkili müvəkkilinin xəstə olmasını deyib: "Aynur hər gün əziyyət çəkir, bu da göz qabağındadır. Hər kəsdən çox Aynur Bayramova işin yekunlaşmasını istəyir. Yekun Aynur Babayevanın xeyrinə olacaq. Prosesin uzanmasını biz də istəmirik".

Daha sonra zərərçəkmiş qismində Mənsumə Hacıyeva ifadə verib. O, Nuridə Seyidova və Aynur Bayramovanı tanıdığını, Talassemiya Mərkəzi ilə üzbəüz aptekdə işlədiyini deyib: "Mənim qardaşım oğlu xəstə idi. Mən də bununla bağlı maraqlanırdım. Xəstələrdən biri mənə Aynur xanımı məsləhət bildi, onunla danışdım.

Türkiyədə hospitalda Aynurun vasitəsi ilə Akif hoca ilə əlaqə saxladım. Akif hoca ilə danışanda bir manat da pul söhbət etmədik. Dedi ki, Aynur xanım məsələni həll edəcək. Mən də Aynur xanıma inanırdım. Qardaşım oğlu sonradan əməliyyat olundu. Amma borca düşdük. 10 min dollar verdik. Aynur məndən soruşdu ki, nə qədər pul düzəldə bilərsən? Mən də 10 min dollar düzəldə biləcəyimizi dedim".
Hakim:

-10 min dollara nə iş görəcəkdilər?

Zərərçəkmiş:

-İlik köçürüləcəkdi.

-İliyin köçürülməsi 160 min dollara başa gəlir...

- Biz də bilirik bunu. Amma Aynur xanım dedi ki, bu pulu ver, məsələ həll olunsun. Dedi, nə düzəldə bilərsən, düzəlt ver. Pulu da aldılar, əməliyyata göndərmədilər. Sonradan ayıldıq ki, bizi aldadıblar. Nuridə Seyidova və Aynur Bayramovadan şikayətçiyik.
Zərərçəkmiş qeyd edib ki, qardaşı oğlu sonradan dövlət hesabına əməliyyat olunub: -Mən pulumu Aynur və Nuridədən tələb edirəm. Çünki pulu sayıb onların hər ikisinə vermişəm.

Aynur Bayramova Talassemiya Mərkəzində təkbaşına iş görmədiyini deyib:
-Mən bu işlə 5 il məşğul olmuşam. Mərkəzdə xəstələrin işinə baxmışam. Xəstə uşaqların dərmanlarını gətirmişəm, sənədlərinə baxmışam. Mənim bu işimdən mərkəzin baş həkiminin də xəbəri olub.

Aynur Bayramova bildirib ki, bu işdə heç kimin pulunu yeməyib.
Hakim bildirib ki, 43 ildir hüquq-mühafizə orqanlarında işləyir, heç kim haqsız yerə gəlib demir ki, pul almışam, vermişəm.
Aynur Bayramova isə "Azad müəllim, bilirəm, mənim də səhvlərim olub" deyə cavab verib. Əlavə edib ki, heç kimdən pul almayıb: "Ola bilsin, stolun üstündə olan pulları saymışam və şkafa qoymuşam. Mənim işim Nuridənin ofisində olub. Xəstələr gələndə mən getmişəm. İşin üstü açılanda siyahı da vermişəm".

Hakim deyib ki, pul saymaq özü də əmək tələb edir: "Siz buna görə nəsə almısız? Heç kim haqq almadan iş görmür. Hər bir işin öz haqqı var. Pul saymağa görə nə qədər almısınız?"

Aynur Bayramova pul saymağa görə heç bir vəsait almadığını deyib.

Daha sonra Nuridə Seyidova zərərçəkmişin ifadəsinə belə arayış verib: "Mən dəfələrlə demişəm ki, pulları mən götürməmişəm. Aynur Bayramova burada özünü kənara çəkməklə şou düzəldir. Mən zərərçəkmişlərə demişəm ki, sizə köməklik edəcəm. Pul məndə deyil".

Pulların kimdə olması ilə bağlı suallara Nuridə Seyidova cavab verə bilməyib. "Biz bu işləri bir yerdə görmüşük. Mənim sübutlarım da var" deyə cavab verib. Aynur Bayramova da sübutların olduğunu deyib.

Zərərçəkmiş Ömər Məmmədov bildirib ki, övladı talassemiya xəstələyindən əziyyət çəkir. Onun sözlərinə görə, Türkiyədən Akif hoca adlı şəxs xəstələri müayinə edib: "Biz Talassemiya Mərkəzində Akif hocanın gəldiyini öyrəndik. Mərkəzdə Aynur xanımı gördük. Akif hoca dedi ki, sizin işlərə Aynur xanım baxacaq. Aynur xanım dedi ki, əməliyyatın xərcinin müəyyən məbləğini düzəldin, qalan pulu fond var, onlar qarşılayacaq. Soruşduq ki, nə qədər pul lazımdır? Dedi, 20 min dollar gətirin. Biz 10 min dollarımızın olduğunu dedik. Aynur xanım razılaşdı, biz də pulu apardıq.
Pulu Aynur xanım saydı, Nuridənin stolunun üstünə qoydu. 10 min dollar verdik. 300 dollar da donor axtarışı üçün Aynur xanımın kartına göndərdim. Sonradan Aynur xanım bildirdi ki, sizin uşaq üçün 4 donor müəyyən olunub. Türkiyədə donor vermək pulsuzdur. Amma pulla satanlar da var".

Zərərçəkmiş qeyd edib ki, pulunu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edib.

Nuridə Seyidova deyib ki, bu işdə heç kimin tutulmasını istəməyib: "Bu işdə Aynurun da günahı var. İndi özünü kənara çəkir. Amma günahkardır. Mən bu işin problemə çevirilməsini istəməmişəm. Aynur problem yaradıb".

Digər zərərçəkmiş Elnur İsbəndiyarov bildirib ki, Vətən müharibəsi veteranıdır, Müdafiə Nazirliyinin işçisi olub: "Qızımın 13 yaşı vardı. Talassemiya Mərkəzinə yaxınlaşdıq, Afaq xanımın qəbulunda olduq. Dedi ki, kömək edə bilməyəcəm. Bu zaman Antalyadan olan həkim Akif Yeşil içəri girdi. Məni formada gördü, maraqlandı. Dedi ki, sənə köməklik edəcəm. Məni göndərdi Aynur xanımın yanına, orada qeydiyyatdan keçdim. 510 manat donor axtarışı üçün ödəniş etdim.

Türkiyədən cavab gəldi, 83 min manat pul lazım idi. Həmin pulu toplaya bilmədik. Sonradan dedilər ki, "Nərgiz" fondu var, onlar əməliyyatın pulunu qarşılayacaq, nə var, gətir. Mən də 25 min manat gətirdim. Aynur pulu saydı, Nuridəyə verdi".

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.
Proses yanvarın 15-də davam edəcək.//musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi