Nicat İmanov: “Bazar mülkiyyətçiləri həmin məkanda uçotsuz işləyən sahibkarlara şərait yaratmamalıdırlar”
Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi müzakirə olunur. Dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarların vergi yükünün azaldılması, nəzarət mexanizmi və inzibatçılığın təkmilləşdirilməsi, eləcə də beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bəs sadalanan dəyişikliklərin mahiyyəti nədir və nəyə xidmət edəcək? Bu istiqamətdə vergi ödəyiciləri, sahibkarlar və bütünlükdə vətəndaşları maraqlandıran sualları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “İqtisadi zona” proqramına müsahibəsində cavablandırıb:
Bir qədər detallara varsaq, ilk növbədə dövlət - özəl tərəfdaşlığına böyük həcmli vergi təşviqlərinin verilməsini qeyd etmək istərdim. Dövlət - özəl tərəfdaşlığı layihələri dedikdə, dəyəri minimum 30 milyon manat olan layihələr nəzərdə tutulur. Yəni 30 milyon manat üzərində olan layihələr böyük investisiya tələb edir. Təbii ki, böyük investisiya paralel olaraq məşğulluq yaradır. Bu proseslərin icrasını həyata keçirən podratçı, subpodratçı şirkətlərin aktivliyini artırır. Bu baxımdan dövlət - özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri veriləcək.
Bildiyiniz kimi, investisiyaların cəlbediciliyini artırmaq üçün yerli avtomobil sənayesində minik avtomobillərinin istehsalı ƏDV-dən azad edilib. Bu dəyişikliklərdə paralel olaraq avtobusların istehsalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Yəni istehsalçı tərəfindən istehsal etdiyi avtobusların satışı ƏDV-dən azad edilir. Eyni zamanda, bu istehsal prosesi ilə bağlı idxal olunan xammal materialları, yəni avtobusun ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir.
Dəyişikliklərdə investisiya mühiti ilə yanaşı, əlverişli vergi mühitinin də təşviq edilməsi məsələsi mühüm istiqamətlərdən biridir ki, bu da daha çox tibbi turizm və mədəniyyət sektoru ilə bağlıdır. Tibbi turizmdə yerli klinikalar tərəfindən əcnəbilərə göstərilən xidmətlərdə ƏDV tətbiq olunur. Xarici turizmin, yəni xarici qonaqların daha çox ölkəyə məhz tibb sahəsində marağını təşviq etmək baxımından onların ödədiyi ƏDV-ni ölkəni tərk edərkən “Tax Free” rejimində geri almaq imkanları olacaq. Bu, tibbi turizmlə bağlı bizim səhiyyə sektoru ilə həyata keçirdiyimiz müzakirələr zamanı formalaşan təkliflərdən irəli gəlib, təhlil və qiymətləndirmələr nəticəsində müvafiq təşviqlərin verilməsi qərara alınıb. Mədəniyyət sektoruna da toxunmaq istərdim. Çünki mədəniyyət sektorunda bu günə qədər kino istehsalı və dublyaj sənayesinə münasibətdə 75 faiz vergi güzəşti nəzərdə tutulub. Hazırda bu güzəştin əhatə dairəsi 90 faizə qaldırılır. Bu güzəşt beş il müddətinə tətbiq ediləcək. Eyni zamanda, mədəniyyət sektorunda subyektlərin dairəsi də genişləndirir. Yəni artıq burada muzey, teatr, simfonik orkestr fəaliyyəti və filmə münasibətdə isə film prodüserlərinə də mənfəət və gəlir vergisi üzrə güzəştlər beş il müddətinə şamil olunacaq.
Bu sahə əqli mülkiyyətdən istifadəyə görə ödəniləcək royalti ödənişlərindən ödəmə mənbəyində tutulan vergilərdən beş il müddətinə azad ediləcək. Təbii ki, biz burada istehlakçıları unutmamışıq. İstehlakçılar tərəfindən də muzeylərə, simfonik orkestrin konsertinə, filmlərə baxışlara görə bilet əldə edərkən ödənilən məbləğlərdə ƏDV-nin 50 faizinin “ƏDV geri al” qaydasında geri qaytarılması nəzərdə tutulur.
Bu baxımdan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bildiyiniz kimi, bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq. Vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər bu hal təqvim ili ərzində təkrar baş verərsə, o zaman 4.000 manat və növbəti dəfə olarsa, 6.000 manat həcmində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd məhz bu cür kütləvi məkanlarda qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə şərait yaradılmaması üçün preventiv tədbirlərin görülməsi, eyni zamanda, istehlakçıların da hüquqlarının qorunmasıdır. Bu layihədə bazar mülkiyyətçiləri üzərində o tələb də var ki, bütün sahibkarlar fəaliyyət göstərdikləri obyektlərində öz rekvizitlərini - adı, təsərrüfat subyektinin kodunu və s. göstərməlidirlər. Çünki istehlakçılardan aldığımız şikayətlərdə ünvan, məkan göstərilsə də, onun hansı mağazaya, hansı obyektə məxsus olmasını müəyyən edə bilmirlər. Bu baxımdan tam hüquqi müəyyənlik, istehlakçıların hüquqlarının qorunması baxımından, eləcə də qanunsuz sahibkarlıq və uçotsuz sahibkarın qarşısının alınması baxımından bu dəyişiklik önəmlidir.
Digər bir məqamı da qeyd etmək istərdim. Düşünürəm ki, bu, xüsusi bir haldır. Bildiyiniz kimi, mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalı və gəlir vergisi bəyannaməsi verməlidir. Ancaq biz praktikada müşahidə edirik ki, bu hallar vətəndaşlara çətinlik yaratdığından bu həmin gəlirlərin də dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirir. Yeni dəyişikliklərlə belə bir şərait yaradılır ki, mənzilləri kirayə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilirlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqlar.
Xüsusi bir məqamı da qeyd edim ki, idxal əməliyyatı aparan subyektlərə münasibətdə onlar tərəfindən idxal edilən mallara görə arayışlar təqdim edilməli idi. Bu tələblər minimuma endirilir. Artıq müvafiq arayışı yalnız vergi orqanında uçotda obyekti olmayan şəxslər təqdim edəcəklər. Əgər vergi ödəyicisinin, sahibkarın vergi orqanında uçota alınmış obyektləri varsa, həmin şəxslər artıq idxal mallarına münasibətdə hər hansı bir arayış təqdim etməyəcəklər.